Ana səhifə

Ürəkləri göynədən haray


Yüklə 24.2 Kb.
tarix23.06.2016
ölçüsü24.2 Kb.
Ürəkləri göynədən haray

 

Nigarançılığa son qoyulacaq gün uzaqda deyil

 

Goranboyun səfalı guşəsində məcburi köçkünlər üçün beşmərtəbəli on iki bina tikilib. Veyisli kəndində yüzlərlə ailə üçün yaraşıqlı qəsəbə salınıb. Göygöl rayonundakı Murovdağ qəsəbəsi isə aybaay, ilbəil genişlənir. Respublikanın hər yerində məcburi köçkünlər üçün hər şərait yaradılıb. İşimiz də var, çörəyimiz də. Kəlbəcər yaşayır, inkişaf edir.



Gəncədə - icra hakimiyyətimizin binası qarşısında üçrəngli bayraq ucaldılanda bir ağsaqqal gözəl dedi, müvəqqəti yerlərdə bizə bir belə qayğı və diqqət göstərən dövlətimiz doğma diyara qayıdanda gör necə gözəl qəsəbələr, kəndlər salacaq, yollar çəkəcək, evlər, binalar tikəcək, ulu dağların başında bundan da hündür bayraq ucaldılacaqdır. Ürəklər sözlə, arzu-istəklə doludur. Hamının fikri-xəyalı gecə-gündüz doğma el-obada, müqəddəs Kəlbəcər torpağındadır.

O müdhiş günlər yada düşəndə qəlbimiz göynəyir. Necə oldu ki, qartallar məskəni Kəlbəcər işğal edildi. Bunun səbəbləri çoxdur. Lakin işğalın əsl mahiyyətini ən böyük dəqiqliklə ümummilli lider Heydər Əliyev göstərmişdir. 1996-cı il aprelin 1-də Kəlbəcər rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdə ulu öndər demişdir: "...Doğrudan da, Kəlbəcər öz coğrafi mövqeyinə görə elə bir yerdir ki, oranı işğal etmək sadəcə olaraq mümkün deyildir. Təsadüfi deyil ki, Ermənistanın işğalçı dəstələri Azərbaycana 1988-ci ildən hücum etmiş, Kəlbəcər isə 1993-cü il mart ayının sonlarında işğal olunubdur. O vaxt Azərbaycanın bir çox bölgələri, o cümlədən bütünlükdə Dağlıq Qarabağ, Kəlbəcərlə qonşu olan Laçın rayonu işğal edilmişdi. Amma Kəlbəcər bir ada kimi qalmışdı. Bir tərəfdən, doğrudan da, coğrafi mövqeyinə görə, digər tərəfdən isə kəlbəcərlilərin özlərinin qəhrəmanlığına görə. Demək, onu saxlamaq, qorumaq mümkün idi. Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın zəbt olunmuş torpaqlarından, o cümlədən Dağlıq Qarabağdan, Laçından, başqa yerlərdən çıxarmaq üçün, şübhəsiz ki, Kəlbəcəri strateji nöqteyi-nəzərdən qoruyub saxlamaq lazım idi. Bu, bir nömrəli vəzifə idi. Ancaq təəssüf ki, o vaxt bunu etməyiblər".

1988-ci ildən 1992-ci ilə qədər ağır mühasirə şəraitinə dözərək öz oğul və qızlarının hünəri ilə düşmənə layiqli cavab verən Kəlbəcər son anda tamamilə

tərksilah edilmişdi. Dağlar diyarının mərd oğulları əliyalın qalmışdı. Bu, azmış kimi, rəsmi silahlı hissələr də xüsusi tapşırıqla sərhəd zonalarından çıxarılmışdı. Kəlbəcərin müdafiəsi barədə buradakı hərbi hissəyə heç bir tapşırıq verilməmiş və bu sahədə ona lazımi kömək göstərilməmişdi.

Kəlbəcər o zaman hakimiyyət başında duranların səriştəsizliyinin, ölkənin taleyinə laqeydliyinin, hərbi və siyasi korafəhmliyinin qurbanı oldu. Kəlbəcəri itirməklə, əslində, bütövlükdə Azərbaycanın sinəsinə sağalmaz yara vuruldu.

Bu yerlər Qarabağın qala qapısı sayılır. Bölgəni Azərbaycanla birləşdirən yeganə yol Ağdərədən keçirdi. Ağdamın, Füzulinin, Qubadlının, Cəbrayılın taleyi, bir növ, Kəlbəcərdən asılı idi. Kəlbəcər iki erməni yuvasının arasında yerləşir. Ermənistanla 136 kilometr, Dağlıq Qarabağla isə 96 kilometr sərhədi var. Deməli, Kəlbəcər gərək göz bəbəyi kimi qorunaydı. Əgər o zaman Kəlbəcər və Laçın rayonları qorunsaydı, Dağlıq Qarabağ problemi öz-özünə həll olunardı. Ölkəyə rəhbərlik edənlərin başı vəzifə davasına qarışmışdı. Hər kəs öz hayında idi. Qala qapıları sahibsiz qaldı, elə buna görə də strateji əhəmiyyətli yollar, yaylaqlar əldən getdi.

Ermənilər millətimizin elə qürur nöqtələrinə əl atırdılar ki, acı-ağrısı qəlbimizin yeddi qatından keçirdi. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni yaraqlıları Ağdabana hücum edərək Aşıq Şəmşirin yurdunu yandırdılar. 32 nəfər mülki və hərbi şəxs qətlə yetirildi, yeddi nəfəri diri-diri ocağa atdılar, beş nəfər girov götürüldü, iki nəfər itkin düşdü, on iki nəfərə ağır bədən xəsarəti yetirildi.

Ümidləri sarsılan kəlbəcərlilər həyəcan təbili çaldılar ki, yatmış rəhbərlər oyansınlar. AXC-Musavat cütlüyünün hakimiyyəti oyanmadı. Əksinə, qeyrətli oğullar cəbhə bölgəsindən uzaqlaşdırıldı. Onların yerinə səriştəsiz, səviyyəsiz adamları gətirdilər. Əhalinin təşəbbüsü ilə yaranmış könüllü batalyonlar ləğv edildi, düşmənin yolu üstündə olan bir sıra sahələr minalardan təmizləndi. Elə bil, kimsə qəsdən düşmənə yol açırdı. Nizam-intizam, qayda-qanun pozuldu, sərhəd zastavaları, müdafiə mövqeləri unuduldu, xaosa, dərəbəyliyə meydan açıldı, sözün əsl mənasında, hərcmərclik başlandı.

Görünür, düşmənə də elə bu, lazım idi. Fevral ayının sonlarında yaraqlı-yasaqlı erməni-sovet birləşmələri iki istiqamətdə hücuma keçdi. Vəziyyət gərgin idi. Silah yox, sahib yox, müdafiə edən, yol göstərən yox. Mühasirə halqası gündən-günə daralırdı.

Yuxarılar isə laqeydcəsinə susurdu. Müdafiə Nazirliyi yalnız martın 15-də müdafiəni möhkəmləndirmək barədə başdansovdu bir əmr verdi. O zamankı digər qərar və göstərişlər kimi, bu əmr də icrasız qaldı.

Vəziyyəti belə görən ermənilər 1993-cü il mart ayının 27-də Ağdabanı ikinci dəfə oda qaladılar. Dinc əhali min bir zillətə düşdü. Daha dözmək, tab gətirmək olmurdu. Respublika hökumətinin köməyindən əli üzülən əhali martın 31-də payi-piyada rayonu tərk etməyə başladı. Aprel ayının 2-də Kəlbəcər rayonu erməni quldurları tərəfindən işğal edildi.

İşğalçılar qədim diyarın başına min oyun açdılar. Həmin faciəli günlərdə yüzlərlə şəhid verildi, 231 nəfər itkin düşdü, 130 yaşayış məntəqəsi, dünya şöhrətli "İstisu" sanatoriyası, beş yüzdən artıq sənaye, tikinti, məişət, ticarət obyekti darmadağın edildi, yüz min baş mal-qara, beş yüz min baş qoyun-quzu, yüzlərlə maşın, texnika, avadanlıq talan olundu.

Kəlbəcərin işğalı Azərbaycana böyük fəlakətlər gətirdi. Strateji mövqelər, hərbi üstünlüklər ermənilərin tərəfinə keçdi. Bununla da Ağdamın, Zəngilanın, Füzulinin, Qubadlının, Cəbrayılın işğalına yol açıldı. Bu, artıq Qarabağın iflası demək idi.

Yurdsuz-yuvasız kəlbəcərlilər respublikanın hər yanına səpələndilər. Lakin onlar tənha qalmadılar. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hər sahədə və hər yerdə məcburi köçkünlərə qayğı və diqqət göstərilməsi üçün konkret tədbirlər görülməyə başlandı.

Ulu öndər Heydər Əliyevdən qaynaqlanan məcburi köçkünlərə qayğı proqramı bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyevin 1 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar olaraq kəlbəcərli məcburi köçkünlər üçün də xeyli iş görülüb.

Qəsəbələr salınıb, evlər tikilib, iş yerləri açılıb, sahibkarlığın inkişafı üçün hər şərait yaradılıb. Kəlbəcərlilər həmişə, hər yerdə dövlətin qayğı və diqqətini görür, bütün hüquqlardan normal qaydada istifadə edir, təhsil alır, işləyir, adət-ənənələrini yaşadırlar. Onların yalnız bir qayğısı, bir istəyi var - o da yurd həsrətidir. Məcburi köçkünlər ulu öndər Heydər Əliyevin inamla dediyi bu sözləri dönə-dönə xatırladılar: "Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, bir hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar".

Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən ölkə rəhbəri İlham Əliyevin çoxcəhətli fəaliyyətinin də məğzi, məqsədi məhz elə budur. Kəlbəcərlilər Goranboydakı "N" saylı hərbi hissədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi sözləri dönə-dönə

xatırlayırlar: "Biz ordu quruculuğuna daim diqqət göstəririk, vəsait ayırırıq. Keçirilən hərbi paradlar bizim gücümüzü göstərir. Ərazi bütövlüyümüzü bərpa etmək üçün bütün  imkanlar vardır. Bunu biz də bilirik, düşmən də, bu məsələ ilə məşğul olan vasitəçilər də bilirlər. Sülhü əldə etmək üçün bir şərt vardır: Ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan öz xoşu ilə rədd olmalıdır. Hələ ki, gec deyildir".

Möhtərəm Prezident hər vasitə ilə çalışır ki, işğal altındakı torpaqlarımız tezliklə azad edilsin, ilk öncə məsələ sülh yolu ilə həll olunsun. Bu, günümüzün reallığıdır. Əgər düşmən sülhə gəlməsə, hər bir kəlbəcərli döyüşə daim hazırdır və Ali Baş Komandanın əmrini gözləyir. Nə yolla olursa-olsun, haqq öz yerini tapmalıdır. İnanırıq ki, tezliklə nigarançılığa son qoyulacaq. Məcburi köçkünlər yaxın vaxtlarda hökmən doğma ata-baba torpaqlarına qayıdacaqlar.

 

Vidadi MƏHƏRRƏMOV,



Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət