Ana səhifə

QƏzetiMİZİN ƏDƏBİyyat dəRNƏYİNDƏ


Yüklə 8.68 Kb.
tarix10.06.2016
ölçüsü8.68 Kb.

www.cafarcabbarli.org



QƏZETİMİZİN ƏDƏBİYYAT DƏRNƏYİNDƏ
Cümə günü qəzetimizin ədəbiyyat dərnəyində, yoldaş Məmməd Səid Ordubadi “Şirvanşahlar dövründəki Azərbaycan ədəbiyyatı" xüsusunda məruzədə bulundu.

Məruzəçi ilk əvvəl həmin dövrdə türk şairləri tərəfindən farsca yazılmış ədəbiyyatı qeyd ilə məruzəsini farsca birinci şeir yazan və fars şerinin atası olan Rudəkidən başlayır. Bu xüsusda ətraflı məlumat verdikdən və onun ilə Nizami arasındakı şairləri saydıqdan sonra farsca yazılmış ədəbiyyatın sarsılmaz bir sütununu təşkil edən Şeyx Nizami həyatı, ədəbi fəaliyyəti və ədəbiyyatının mahiyyəti ətrafında geniş məlumat verir.

Məruzə çox geniş və mühüm olub, araya bir çox mübahisəli məsələlər atdığından iclas salonunu dolduran işçilər maarif və ədəbiyyat xadimləri və həvəskarları, məruzənin Xaqani, Fələki və s. xüsusundakı qismini gələn iclasa saxlayıb, Nizami ətrafında müzakirə açilması qərara alındı.

Müzakirə vaxtı yoldaş Seyid Hüseyn Sadiq tərəfindən Şirvanşahlar dövrünün tarixi vəziyyəti və Zeynallı tərəfindən həmin dövrün ictimai quruluşu xüsusunda müxtəsər məlumat verilir.

Müzakirə vaxtı Salman Mümtaz, Sultan Məcid Qənizadə, Rəsulbəy Tahirov, Qafur Əfəndizadə, Xəlil İbrahim, Əliabbas Müznib və s. çıxışda bulundular. Bunun üzərinə Salman Mümtaz, Rudəkinin məruzəçi tərəfindən göstərildiyi kimi türk deyil, fars, Nizaminin atasının isə (qum)lu deyil, gəncəli olduğunu iddia edir. Məruzəçi isə ona müxalif olaraq, Rudəkinin Buxara civarində Rudək adlı kənddə doğulduğunu və binaən-ileh Türküstanda çıxmış bir şair Nizami, Xaqani və s. türk şairləri kimi yalnız farsca yazdığından, fars demək üçün heç bir əsas olmadığını və onların farslığı xüsusunda sənəd və material yoxluğunu, Nizaminin isə türk olmaqla bərabər hər halda atasının (qum)lu olduğunu göstərir. Hər iki fikir ədəbiyyat xadimlərindən tərəfdarlar bulur və iki cərəyan arasında olduqca sürəkli, ciddi və qızğın mübahisələr gedir, nəticədə əsrlərdən bəri bir çox ədəbi mübahisə və keşməkeşlərə səbəb olan bu məsələ xüsusunda hər iki tərəfin hazırlaşıb gələn cümə mövcud sənəd və materiallarını gətirmələri və bu xüsusda, ayrıca ədəbi mübahisə aparılıb, bu məsələnin qəti surətdə aydınlaşdırılması qərara alındı.

Bundan başqa, iclas tərəfindən çıxarılmış qərarda "Kommunist" qəzetinin ədəbiyyat dərnəyi tərəfindən, Nizami, Xaqani və s. bu kimi farsca yazmış türk ədib-şairləri və onların ayrı-ayrı əsərləri xüsusun­da ayrıca məruzələr düzəldilməsi və məruzələrdən sonra materialların nəşr edilməsinə çalışması və Nizaminin sökülmüş, dağılmış və bilinməz bir halda qalan məqbərəsinin Nizamiyə layiq bir vəziyyətdə tikilməsi üçün lazımı yerlərə müraciət edilməsi tapşırılır.



Beləliklə, ədəbiyyat tariximizin ən böyük və mübahisəli bir cəhətini təşkil edən Nizami və Rudəki məsələsi üzərində bu cümə qəti ədəbi "çarpışmalar" olacaqdır. Bu cəhətcə maraqlanan bütün ədəbiy­yat xadimləri bu məsələdə bütün mövcud materiallarını iclasda göstərməsi, çıxışda bulunması və məsələnin mümkün qədər geniş və ətraflı bir surətdə aydınlaşdırılması ümid və arzu edilir.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət