Ana səhifə

Press-reliZ 29 oktyabr 2009-cu IL Bakı, Azərbaycan


Yüklə 24.87 Kb.
tarix12.06.2016
ölçüsü24.87 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
29 oktyabr 2009-cu il

Bakı, Azərbaycan



  • ƏDLİYYƏ NAZİRLİYİ RATİ-DƏ YOXLAMALARA BAŞLAYIR

  • AZƏRBAYCAN HÜQUQŞÜNASLAR FORUMUNUN ŞİKAYƏTİNƏ ALİ MƏHKƏMƏNİN PLENUMUNDA BAXILIB

  • MÜXALİFƏT”ÇİLƏRİN İŞİ APELLYASİYA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ

  • GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB



ƏDLİYYƏ NAZİRLİYİ RATİ-DƏ YOXLAMALARA BAŞLAYIR
Bu gün (29 oktyabr) Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin əməkdaşları Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunu (RATİ) yoxlamaq üçün təşkilatın ofisində olublar. Belə ki, idarənin əməkdaşı Səbinə Salmanova saat 12.30-da RATİ-nin ofisinə zəng edərək, saat 15.00-da yoxlama üçün gələcəklərini bildirib. RATİ-dən təşkilatın sədri Emin Hüseynovun Ruminiyada kecirilən Qara Dəniz ölkələrinin QHT forumunda iştirak edilməsi ilə baqli və bir neçə gün sonra əlaqə saxlamaları bildirilsə də, onlar mütləq gələcəklərini bildiriblər.

Saat 14.30-da ofisə daxil olan Salmanova Səbinə Qədir qızı və Həmidli Günel Bəxtiyar qızı “RATİ-nin fəaliyyətinin nizamnaməyə və qanunvericiliyə uyğunluğunu öyrənmək məqsədi ilə” yoxlama aparmaq üçün RATİ-yə ezam olunmaları barədə Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin rəis müavini Mehman Soltanovun imzaladığı və RATİ sıdri Emin Hüseynova ünvanlanmış məktubu təqdim ediblər.

Onlar təşkilatın sənədləri ilə tanış olmaq istədiklərini bildirdikdə, bu səlahiyyətin sədrə aid olduğu və Emin Hüseynovun Azərbaycanda olmaması bir daha xatırladılıb. Lakin Ədliyyə Nazirliyinin əməkdaşları israrla sənədlərlə tanış olmaq istədiklərini bildirərək, 1 saat müddətində ofisdə olan RATİ əməkdaşlarına çox sayda suallar veriblər. Təşkilatın təsisçiləri, üzvləri, qrantları və s. barədə çoxsaylı suallar arasında RATİ-nin ofisinin təşkilatın Ədliyyə Nazirliyində qeydiyyatda olub olmaması da yer alıb.

Nəhayət, Emin Hüseynovla telefon əlaqəsi saxlayan Ədliyyə Nazirliyinin əməkdaşları, yoxlamanı o ölkəyə qayıdanadək – noyabrın 2-dək təxirə saldıqlarını bildirərək, ofisi tərk ediblər.

Qeyd edək ki, RATİ əməkdaşları Azərbaycanda fəaliyyət göstərən bir neçə jurnalist təşkilatı – Media Hüququ İnstitutu, “Yeni Nəsil” Jurnalistlər Birliyi və Demokratik Jurnalistlər Liqası ilə əlaqə saxlamış və məlum olmuşdur ki, bu günədək həmin təşkilatlarda belə bir yoxlama olmayıb.

Qeyd edək ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu” İctimai Birliyi (RATİ) Azərbaycanda söz azadlığı sahəsində vəziyyətin araşdırılması, jurnalistlərin, KİV-in hüquqlarının müdafiəsi, monitorinqi ilə məşğul olur və apardığı araşdırmalar əsasında müvafiq hesabatlar, bu və ya digər məsələnin həlli üçün müvafiq təkliflər hazırlayır. RATİ 2006-cı ilin may ayında bir qrup jurnalist tərəfindən təsis olunub və həmin ilin sentyabr ayında Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb.


Məsələ ilə bağlı RATİ sabah müvafiq bəyanatını açıqlayacaq.
AZƏRBAYCAN HÜQUQŞÜNASLAR FORUMUNUN ŞİKAYƏTİNƏ ALİ MƏHKƏMƏNİN PLENUMUNDA BAXILIB
Bu gün (29 oktyabr) Ali Məhkəmənin Plenumunda “Azərbaycan Hüquqşünasları Forumu”nun qanunsuz olaraq qeydiyyata alınmaması ilə bağlı Avropa Məhkəməsinin Azərbaycana qarşı birləşmək hüququnun pozuntusunun tanıdığı qərarda yeni açılmış hal üzrə baxılmasının 4 aya yaxın gecikdirilməsi və kobud surətdə qanun pozuntusuna yol verilməsi ilə əlaqədar işə baxılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, “Azərbaycan Hüquqşünasları Forumunun təsisçilərindən biri İntiqam Əliyev məlumat verib. Onun sözlərinə görə, Ali Məhkəmənin Plenum iclasında işin apellyasiya məhkəməsinə göndərilməsinə qərar verilib. İ.Əliyev onu da əlavə etdi ki, ictimaiyyət nümayəndələri iclasa buraxılmayıb.

2004-cü ilin mart ayında AHF-nin təsisçilərindən bir qrupu (İntiqam Əliyev, Əyyub Kərimov, Vidadi Mirkamal, Ənnağı Hacıbəyli, Namizəd Səfərov, Rəşid Hacılı, Əlövsət Əliyev, Şahbaz Xuduoğlu, Fərman Hüseynov və Akif Əlizadə) İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (Konvensiya) 11-ci maddəsi ilə təminat verilən birləşmək hüququnun pozuntusu ilə bağlı Yasamal rayon məhkəməsinə şikayət veriblər. Əvvəlcə Yasamal rayon məhkəməsi (hakim Svetlana İsmayılova), sonra isə Apellyasiya Məhkəməsi (hakimlər İsmayıl Vəliyev, İlqar Dəmirov və Tatyana Qoldman) və Ali Məhkəmə (hakimlər Günəş Xudaverdiyeva, Bağır Əsədov və Əsəd Mirzəliyev) Ədliyyə Nazirliyinin qanunsuzluğuna haqq qazandıran qərarlar çıxarıblar. Ərizəçilərin Ali Məhkəmənin Plenumuna şikayəti də bir nəticə verməyib: Ali Məhkəmənin Sədri R.Rzayev hüquqşünaslara bildirib ki, bu iş üzrə məhkəmələrin qərarları qanunidir.

Hüquqşünaslar ölkədaxili müdafiə vasitələrini tükəndirdikdən sonra 26 iyul 2005-ci ildə Avropa Məhkəməsinə şikayət göndəriblər. Həmin Məhkəmə 12 dekabr 2008-ci il tarixli qərarla Ərizəçilərin Konvensiyanın 11-ci maddəsi ilə təminat verilən birləşmək hüququnun pozuntusu barədə qərar çıxarıb.
MÜXALİFƏT”ÇİLƏRİN İŞİ APELLYASİYA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ

Bu gün (29 oktyabr) Ali Məhkəmənin Plenumunda Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərar əsasında “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli (Mahmudov) və qəzetin əməkdaşı Yaşar Ağazadənin işinə yeni hallar üzrə baxılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Yaşar Ağazadə məlumat verib. Y.Ağazadə bildirib ki, Plenumda onların 5 ay azadlıqdan məhrum edilməsi ilə bağlı çıxarılmış qərarın ləğv olunması və işin Apellyasiya məhkəməsinə göndərilməsi ilə bağlı qərar qəbul olunub.

Xatırladaq ki, “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə adıçəkilən qəzetdə "Azərbaycanda taxıl mafiyası" sərlövhəli məqaləyə görə millət vəkili Cəlal Əliyev tərəfindən məhkəməyə verilmişdi. Yasamal rayon məhkəməsi 20 may 2003-cü il tarixli hökmü ilə hər iki jurnalisti Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə cinayət törətməkdə təqsirli bilərək, 5 ay müddətinə azadlıqdan məhrum etmişdi. Lakin məhkəmə Milli Məclisin həmin dövrdə qəbul etdiyi Amnistiya Aktını tətbiq edərək Rövşən Mahmudovu və Yaşar Ağazadəni təyin olunmuş cəzadan azad etmişdi.
GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (29 oktyabr) Yasamal rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin “Gündəlik Bakı” qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev məlumat verib.

Prosesdə iddiaçının vəkili Muxtar Mustafayev və cavabdeh tərəfin vəkili Zaur İbadov iştirak ediblər.

Baş redaktorun sözlərinə görə, prosesdə iddiaçının vəkili Muxtar Mustafayev sözügedən qəzetdə dərc edilmiş məqalədə hüquqlarını müdafiə etdiyi şəxsin şərəf və ləyaqətinə toxunulduğunu bildirərək, qəzetin təkzib verməsini tələb edib. Cavabdeh tərəfin vəkili Zaur İbadov isə tələbi əsassız hesab etdiyini məhkəməyə bildirib.

Hakim S. Əhmədova qərarı elan etmək üçün prosesi 30 oktyabr saat 18:00-a təyin edib.

Xatırladaq ki, A. Paşazadə "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixində dərc edilmiş "Cənubdakı narkotik marşrutu-2" adlı məqalədə şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edərək məhkəməyə müraciət etmiş, qəzetin üzr istəməsini və təkzib verməsini tələb etmişdir.




MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)

Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət