Ana səhifə

Press-reliZ 27 Sentyabr 2011-ci IL Bakı, Azərbaycan


Yüklə 17.33 Kb.
tarix13.06.2016
ölçüsü17.33 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
27 Sentyabr 2011-ci il

Bakı, Azərbaycan


  • LƏNKƏRANDA HƏBS EDİLƏN JURNALİST BAKI İSTİNTAQ TƏCRİDXANASINA KÖÇÜRÜLÜB

  • GÜNDƏM XƏBƏR” QƏZETİNİN TƏSİSÇİSİ PREZİDENTƏ MÜRACİƏT ETDİ

  • AZƏRBAYCANDA SÖZ VƏ İFADƏ AZADLIĞI İLƏ BAĞLI MƏSƏLƏLƏR BEYNƏLXALQ KONFRANSDA MÜZAKİRƏ EDİLİB


LƏNKƏRANDA HƏBS EDİLƏN JURNALİST BAKI İSTİNTAQ TƏCRİDXANASINA KÖÇÜRÜLÜB

“Xural” qəzetinin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyev Bakı İstintaq Təcridxanasına köçürülüb. Məlumatı “Media forum” saytına jurnalistin qardaşı Şahəddin Canıyev verib. O qeyd edib ki, Lənkərandan Bakıya aparılandan sonra ailənin Aydın Canıyevin durumundan xəbər tutması mümkünsüzdür. Qardaşı əlavə edib ki, maddi imkanları olmadığından Aydın Canıyevə vəkil də tuta bilmirlər.

Xatırladaq ki, “Xural” qəzetinin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyev sentyabrın 8-də Lənkəranın Sərpəkəran kənd dindarlarının şikayəti əsasında saxlanılıb. Jurnalist kənd məscidinin pəncərələrini qırmaqda və dindarları təhqir etməkdə ittiham olunub və ona 12 sutka inzibati həbs cəzası verilib. Daha sonra Aydın Canıyevə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə cinayət işi qaldırılıb və sentyabrın 20-də Lənkəran Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.

GÜNDƏM XƏBƏR” QƏZETİNİN TƏSİSÇİSİ PREZİDENTƏ MÜRACİƏT ETDİ




“Gündəm xəbər” qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfəri ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb. Bu barədə baş redaktorun özü dünən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib. Jurnalist müraciətində ona və redaktoru olduğu qəzetə qarşı son vaxtlar olan təzyiqlərdən söz açıb: “Haqsız hücumlarla üz-üzə qalmışam. Barəmdə ədalətsiz qərarlar çıxarıblar, qəzetimizə astronomik həddə cərimə kəsiblər. Bu da açıq-aşkar mənim həbsim deməkdir. Azərbaycan vətəndaşı olaraq, sizdən kömək istəyirəm. Ümidvaram ki, bu ədalətsizliyə reaksiya verib “Gündəm xəbər” ə qarşı aparılan kampaniyaya müdaxilə edəcəksiniz. Əks təqdirdə mən ölkəni tərk etməyə məcburam”.

Ş.Cəfərlinin sözlərinə görə, ona dünən (26 sentyabr) Gəncə şəhər 12 saylı Vergilər İdarəsindən zəng edərək 107 min manat həcmində cərimələnməsi barədə şifahi məlumat verilib. Halbuki, baş redaktorun 68 min 244 manat cərimələnməsi barədə qərar verilmişdi.

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya  Qarşı Mübarizə İdarəsi “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərinin barəsində CM-in 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi qaldırıb.    Buna səbəb kimisə qəzetin fəaliyyətinin araşdırılması ilə bağlı Mətbuat Şurasının müraciət göstərilir. Məlumata görə, qəzet şəxsi həyatın toxunulmazlığı prinsiplərinə laqeyd yanaşdığına, səhifələrində insanların şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığına, “Jurnalistlərin peşə davranışı qaydaları”nı mütəmadi pozduğuna görə Mətbuat Şurasının “Qara siyahı”sına düşüb.        Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, istintaq zamanı müəyyən olunub ki, Cəfəri yalnız KİV haqqında qanunun tələblərini pozmayıb, həm də vergi qanunvericiliyinin tələblərinə əməl etməyib. Məlumata görə, vergi ödəyicisi kimi verginin hesablanması üçün zəruri olan hesabatlar tərtib olunmayıb, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühasibat uçotu aparılmayıb, o cümlədən dərc olunmuş tirajın sayı göstərilməyib, nağd pul hesablaşmalarının aparılması qaydaları pozulub. Beləliklə, küllü miqdarda, 68.244 manat məbləğində vəsait vergidən yayındırılıb. Son olaraq isə qəti olaraq baş redaktorun 107 min manat cərimə ödəməsi tələb edilir. O isə məsələ ilə bağlı məhkəməyə müraciət edib.

AZƏRBAYCANDA SÖZ VƏ İFADƏ AZADLIĞI İLƏ BAĞLI MƏSƏLƏLƏR BEYNƏLXALQ KONFRANSDA MÜZAKİRƏ EDİLİB
Gənc fəallar Bəxtiyar Hacıyev və Cabbar Savalanlının həbsi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə keçirilən konfransda müzakirə edilib. İsveçin ATƏT-dəki nümayəndəsi Hacıyev və Savalanlının social şəbəkələrdə aktiv fəaliyyətlərinə görə həbs edildiyini vurğulayıb. Eyni zamanda Azərbaycandan gəlmiş hüquq müdafiəçiləri hər iki şəxsin həbsi ilə bağlı ətraflı məlumat vermiş və onların azadlığa buraxılmasının, bu məsələnin Azərbaycan hakimiyyəti qarşısında qaldırılmasının zəruriliyini vurğulamışlar.

Eyni zamanda Elmar Hüseynovun qətlinin, jurnalistlərə qarşı fiziki təqiblərin, konkret olaraq 2011-ci ildə “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həziyev və Ramin Dekonun oğurlanaraq döyülməsinin üstünün açılmaması, internetin tənzimlənməsinə çağırışlar, “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin veb səhifəsinə və milazşinfo saytına xaker hücumları kimi məsələlər də hüquq müdafiəçiləri tərəfindən qaldırılıb.

Qeyd edək ki, konfrans oktyabrın 7-ə kimi davam edəcək, Azərbaycandan olan hüquq müdafiəçiləri digər panellərə də qatılacaqlar.

MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət