Ana səhifə

Press-reliZ 26 dekabr 2011-ci IL Bakı, Azərbaycan


Yüklə 15.36 Kb.
tarix09.06.2016
ölçüsü15.36 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
26 dekabr 2011-ci il

Bakı, Azərbaycan



  • PREZİDENTİN ŞƏRƏFİNƏ BİŞİRİLƏN TORTUN KƏSİLMƏSİ ZAMANI JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİBLƏR

  • ƏLİ HƏSƏNOV “AZADLIQ” QƏZETİNƏ OLAN TƏZYİQƏ HAQQ QAZANDIRIR

  • ELŞAD XOSE BÖHTANA GÖRƏ MƏSULİYYƏTƏ CƏLB EDİLDİ


PREZİDENTİN ŞƏRƏFİNƏ BİŞİRİLƏN TORTUN KƏSİLMƏSİ ZAMANI JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİB

Dekabrın 24-də Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkə başçısı İlham Əliyevin 50 yaşının tamam olmağı münasibətilə bişirilmiş 50 metrlik tortun kəsilməsi mərasimindən reportaj hazırlayan jurnalistlər təzyiqə məruz qalıblar. Belə ki, “Azadlıq” qəzetinin əməkdaşı Ramin Deko və qəzetin digər əməkdaşları - Vidadi Məmmədov, Namiq Cəfərli, “Azadlıq” radiosunun əməkdaşı Maarif Çingizoğlu mülki geyimli şəxslər tərəfindən təzyiq və təhqirlərlə məruz qalıblar. Bu barədə bu gün (26 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq” qəzetinin əməkdaşı Ramin Deko məlumat verib.

“Mənim fotoaparatımı əlimdən aldılar. Sumqayıt şəhər icra hakimiyyətinin Əbülfəz adlı şöbə müdiri isə bütün medianı və jurnalistlərin ünvanına əxlaqsız ifadələr və təhqirlər səsləndirdi. Çəkiliş üçün polis rəis müavini Azər Cahangirovdan icazə aldığımızı söyləsək də, icra hakimiyyətinin işçiləri buna məhəl qoymadılar. Yenidən polis rəis müavini Azər Cahangirova yaxınlaşıb, fotoaparatımızı qaytarılmasını istədik. Yalnız bundan sonra icra hakimiyyətinin məsul işçisi bizi mədəniyyət sarayına dəvət edib, çəkdiyimiz bir neçə şəkli sildikdən sonra fotoaparatı geri qaytardı. “Azadlıq” radiosunun əməkdaşı Maarif Çingizoğlu da bu hadisəni lentə alanda o, polis və 4-5 nəfər mülki geyimli şəxsin özbaşınalığı ilə üzləşdi. Onlar çəkilişi kameradan silməyi tələb etdilər. Amma Maarif bununla razılaşmadı. Onlar zorla kameranı Maarifin əlindən aldılar və görüntüləri silindikdən sonra kameranı ona qaytardılar. Bu azmış kimi jurnalistin paltosunu da cırdılar”, - deyə qeyd edən R.Deko hadisə ilə bağlı Baş Prokurorluğa və DİN-ə müraciət etdiyini bildirdi.

ƏLİ HƏSƏNOV “AZADLIQ” QƏZETİNƏ OLAN TƏZYİQƏ HAQQ QAZANDIRIR
Dekabrın 25-də Bakının Nəsimi rayonundakı “Qızıl tac” şadlıq evində işıqları söndürməklə “Azadlıq” qəzetinin 22 yaşına həsr olunmuş tədbirin keçirilməsinə imkan verilməyib. Bu barədə “Azadlıq” qəzetinin məlumat yayıb. Məlumatda bildirilir ki, məclis saat 16-da başlayıb, saat 16:40-da şadlıq evinin işıqları söndürülüb. Eyni zamanda ofisiantların qonaqlara xidməti də dayandırılıb. Tədbir təşkilatçılarının şadlıq evinin icarədarı ilə apardığı danışıqlar və mübahisə də nəticəsiz bitib.

Qəzetin məlumatına görə, icarədar mərasimə imkan verilməməsi barədə "yuxarılardan" tapşırıq aldığını etiraf edib.

“Mediaforum” xəbər saytının xəbərinə görə, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov “Azadlıq” qəzetinin ad günü ilə bağlı keçirilən tədbirin yarımçıq qalmasının hakimiyyətin sifarişi olmadığını iddia etsə də, qəzetə qarşı təzyiqlərə haqq da qazandırıb.

“Bu qəzetin yazdıqlarının hamısına şübhə ilə baxıram. Bu qəzetin yazdıqlarının əksəriyyəti, xüsusən də prezidentlə bağlı yazdıqlarının hamısı səhv, yalan və böhtandır. Belə qəzetin işığını da söndürərlər, hələ o yana da keçərlər”, - deyə qeyd edən Ə.Həsənovun sözlərinə görə, “Azadlıq” qəzeti böhtan və yalanlar yazmasına baxmayaraq dekabrın 25-də qəzetin keçirdiyi tədbirin yarımçıq qalmasında hakimiyyətin heç bir iştirakı və rolu olmayıb.


ELŞAD XOSE BÖHTANA GÖRƏ MƏSULİYYƏTƏ CƏLB EDİLDİ
Bu gün (26 dekabr) Yasamal Rayon Məhkəməsinin hakim Tahir İsmayılovun sədrliyi ilə ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin reper Elşad Xoseyə qarşı qaldırdığı iddiaya əsasən keçirilən prosesdə cavabdehə hökm oxunub.

ANS PRESS-in xəbərinə görə, reper məvacibinin 20 faizi tutulmaq şərtilə, 6 ay müddətinə islah işlərinə cəlb edilib.

Xatırladaq ki, M.Ağayev E.Xosenin xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsilə cəzalandırılması tələbi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdi. Müraciətdə Elşad Xosenin M. Ağayevin ünvanına şərəf və ləyaqəti alçaldan ifadələr işlətməsi əsas gətirilərək məhkəmədən tədbir görülməsi istənmişdi.

MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət