Ana səhifə

Press-reliZ 20 oktyabr 2009-cu IL Bakı, Azərbaycan


Yüklə 19.58 Kb.
tarix10.06.2016
ölçüsü19.58 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
20 oktyabr 2009-cu il

Bakı, Azərbaycan



  • AZƏRBAYCAN MƏTBUAT AZADLIĞINA GÖRƏ 175 ÖLKƏ ARASINDA 146-CI YERDƏDİR

  • ELÇİN BEHBUDOV MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞƏCƏK

  • QƏNİMƏT ZAHİD “YENİ MÜSAVAT” VƏ “AZADLIQ” QƏZETLƏRİNİN BARIŞMASINDAN RAZI QALIB

  • HAKİM JURNALİSTİN PEŞƏ FƏALİYYƏTİNƏ MANE OLUB

  • PARALEL” QƏZETİNİN ƏMƏKDAŞINA TƏZYİQ EDİLİR



AZƏRBAYCAN MƏTBUAT AZADLIĞINA GÖRƏ 175 ÖLKƏ ARASINDA 146-CI YERDƏDİR
Bu gün (20 oktyabr) beynəlxalq “Sərhədsiz Reportyorlar” təşkilatı 8-ci illik “Dünya mətbuat azadlığı indeksi -2009” adlı hesabatını açıqlayıb. Hesabatda Azərbaycan mətbuat azadlığına görə Ermənistandan da, Gürcüstandan da geridədir. Belə ki Azərbaycan 175 ölkə arasında 146-cı, Ermənistan – 111, Gürcüstan 81-ci yerdədir.

”Mətbuat azadlığı indeksinə” görə birinci yerdə Danimarka, daha sonra Finlandiya, İrlandiya, Norveç gəlir.

Mətbuat azadlığı ən pis vəziyyətdə olan ölkələr isə Eritreya, Şimali Koreya, Türkmənistan və İrandır.

Hesabatı ingilis dilində tam oxumaq üçün http://www.rsf.org/en-classement1003-2009.html linkinə müraciət edə bilərsiniz.


ELÇİN BEHBUDOV MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞƏCƏK
İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov həbsdəki jurnalist Müşfiq Hüseynovla görüşəcək. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Elçin Behbudov özü məlumat verib. O bildirib ki, bu gün (20 oktyabr) bununla bağlı Penitensiar Xidmətə müraciət edəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl səhhəti kəskin pisləşdiyinə görə müalicə müəssisəsinə yerləşdirilən Müşfiq Hüseynov hüquq müdafiəçiləri ilə, xüsusilə də Elçin Behbudovla görüşmək istədiyini bildirmişdi.

Xatırladaq ki, M.Hüseynov 2007-ci il iyulun 24-də şərlənərək həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
QƏNİMƏT ZAHİD “YENİ MÜSAVAT” VƏ “AZADLIQ” QƏZETLƏRİNİN BARIŞMASINDAN RAZI QALIB
Dünən (19 oktyabr) Ayəndə Mürsəliyeva həyat yoldaşı, 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  Ayəndə Mürsəliyevanın özü məlumat verib. O, baş redaktorun saxlanma şəraitinin normal olduğunu, səhhətindən  şikayətlənmədiyini bildirdi.

Onun sözlərinə görə, Q.Zahid “Yeni Müsavat” qəzeti ilə özünün baş redaktoru olduğu “Azadlıq” qəzeti arasında yaranmış anlaşılmazlıqların həll olunmasından razı qalıb.

Xatırladaq ki, Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ittiham olunaraq 3 il 6 ay, CM-in 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla, ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilib.
HAKİM JURNALİSTİN PEŞƏ FƏALİYYƏTİNƏ MANE OLUB
Futbol üzrə Premyer Liqanın yeddinci turu çərçivəsində keçirilən “Muğan”-“İnter” oyununda qarşılaşmanın dördüncü hakimi Zöhrab Əliyev “azerisport.com” saytının fotomüxbiri Ruslan Mikayıllının peşə fəaliyyətini yerinə yetirməsinə mane olub. “azerisport.com” saytının yaydığı məlumata görə, fotomüxbir müəyyən edilmiş məsafədə dayansa da, hakimin təzyiqinə məruz qalıb. Belə ki, Z.Əliyev fotomüxbirə geri çəkilməyəcəyi təqdirdə oyunu dayandıracağını deyib və onu hədələyib. Yalnız birinci hissənin sonunda AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun müdaxiləsi nəticəsində yaranmış problem həll edilib.

Xaqani Məmmədov isə RATİ-yə bildirib ki, əslində həmin insidentin baş verməsinə səbəb Ruslan Mikayıllının əynində jurnalist gödəkcəsinin olmaması və müəyyən edilmiş məsafədən yaxında dayanması olub. X. Məmmədov onu da qeyd etdi ki, fasilə zamanı Z. Əliyev və R. Mikayıllı ilə söhbət edib və problem həllini tapıb.


PARALEL” QƏZETİNİN ƏMƏKDAŞINA TƏZYİQ EDİLİR
“Paralel” qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə müxbiri Yafəs Həsənova təzyiq edilir. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Y. Həsənov özü məlumat verib. O bildirib ki, ona qarşı təzyiqlər hələ “Gündəlik Azərbaycan” qəzetinin bölgə müxbiri işləyərkən başlayıb. Adıçəkilən qəzet bağlandıqdan sonra isə təzyiqlər daha da intensivləşib: “Təzyiqlər nəticəsində mən Muxtar Respublikanın Kəngərli rayonundakı evimi tərk edib ailəmlə birlikdə Bakı şəhərinə gəldim. Ancaq bundan sonra da dəfələrlə hüquq-mühafizə orqanlarının təqibi ilə üz-üzə qalmışam” – deyə Y. Həsənov bildirib. “Naxçıvanda boş qalmış evimdə yaşamaq istəyən qohumlarıma da təzyiq edilir. Kəngərli rayon İcra hakiminin müavini Kərim Qazıbəyov qohumlarıma bildirib ki, bura hakimiyyətin düşməni olan jurnalistin evidir, siz nəinki onun evində qalmalı, ümumiyyətlə onunla qohumluqdan imtina etməlisiniz” – deyən Y.Həsənov vurğuladı ki, bu problem hələ də həll olunmamış qalıb.

Məsələ ilə əlaqədar Naxçıvan MR Kəngərli rayon İcra hakimiyyəti başçısının müavini K.Qazıbəyova dəfələrlə zəng etsək də, telefonlarımıza cavab verilmədi.



MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)

Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət