Ana səhifə

Press-reliZ 18 May 2011-ci IL Bakı, Azərbaycan


Yüklə 38 Kb.
tarix09.06.2016
ölçüsü38 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
18 May 2011-ci il

Bakı, Azərbaycan



  • ELAN !

  • ELAN !

  • ELAN!

  • BƏXTİYAR HACIYEV 2 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

  • HÜQUQ MÜDAFİƏÇİSİNİN GÖMRÜK KOMİTƏSİNƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ START GÖTÜRDÜ

  • EMİN MİLLİ VƏ ADNAN HACIZADƏNİN AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏTİ ÜZRƏ KOMMUNİKASİYA BAŞLAYIB

  • HƏBSDƏ OLAN HÜQUQ MÜDAFİƏÇİSİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLİB


ELAN!

19 MAY SAAT 11.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Hürriyyət” qəzetinin müxbiri Zülfüqar Hüseynzadə nümayəndəsi olduğu xarici ölkə vətəndaşı Tiryaki Arslanın Azərbaycanda üzləşdiyi problemlərlə bağlı mətbuat konfransı keçirəcək.

Tədbirə jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.



ELAN!

19 MAY SAAT 13.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Lerik Rayonun bir qrup ziyalısı və ağsaqqalı rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun qanunsuz əməlləri ilə bağlı mətbuat konfransı keçirəcək.

Tədbirə jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.


ELAN
20 MAY SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Mətbuat Mərkəzində “Gənc Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi” tərəfindən mətbuat konfransı keçiriləcək.

Jurnalistlər, hüquq müdafiəçilərini və beynəlxalq təşkilatların nümayəndələrini tədbirə dəvət edirik.



BƏXTİYAR HACIYEV 2 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

Mayın 18-də Gəncə şəhəri Nizami rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə orduda xidmətdən yayınmaqda ittiham olunan gənc fəal Bəxtiyar Hacıyev barəsində  hökm çıxarılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) gənc fəalın vəkili Elçin Namazov məlumat verib.  

Vəkil E. Namazovun sözlərinə görə, hakim E. Axundov uzun sürən müşavirədən sonra gənc fəalın 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub. Vəkillər çıxarılan hökmü ədalətsiz və qərəzli hesab edirlər və bu qərardan apellyasiya şikayəti verəcəklər.

 Xatırladaq ki, Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.

Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib.  Hüquq müdafiə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.   

  

HÜQUQ MÜDAFİƏÇİSİNİN GÖMRÜK KOMİTƏSİNƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ START GÖTÜRDÜ

            Mayın 18-də 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Rəna Hüseynovanın sədrliyi ilə hüquq müdafiəçisi Emin Hüseynovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyinə qarşı dövlət orqanın hərəkətinin qanunsuz hesab olunması, ayrı-seçkiliyin qadağan olunması və maddi və mənəvi zərər tələbinə dair iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

            Prosesdə iddiaçı Emin Hüseynov, cavabdeh Gömrük Komitəsinin nümayəndəsi  Sadıqov Müşfiq, Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin nümayəndəsi Həbibov Etimad və Maliyyə Nazirliyinin nümayəndəsi Nəsibov Samir iştirak edirdilər.

            Proses zamanı hakim ilk olaraq tərəflərə barışıq sazişi bağlamağı təklif etdi. İddiaçı Emin Hüseynov  yalnız  Gömrük Komitəsi tərəfindən qanunsuz götürülmüş əşyalar geri qaytarıldığı, qanun pozuntusuna yol vermiş Gömrük Komitəsi əməkdaşları barədə ölçü götürüldüyü, Ədliyyə Nazirliyinin Ekspertiza mərkəzi tərəfindən verilmiş rəy əsassız hesab edildiyi, etiraf edildiyi  və  hər iki cavabdeh tərəfindən üzr istənildiyi halda barışıq sazişi bağlana biləcəyini bildirdi.

            Bundan başqa Emin Hüseynov prosesdə iştirak edən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Etimad Həbibovdan maraqlı şəxs olduğundan prosesdə nümayəndə qismində iştirak etməsinə etirazını bildirdi. Hakim isə öz növbəsində Məhkəmə Ekspertiza Mərkəzinin cavabdeh qismində tanınıb-tanınmaması məsələsini tərəflərin qarşısında qaldırdı. Məsələ növbəti prosesə qədər açıq qaldı.

             Proses zamanı hakim iddia ərizəsi üzrə cavabdeh qismində qeyd edilmiş Maliyyə Nazirliyindən onlara qarşı verilmiş iddia üzrə münasibətlərini bildirməyi tələb etdi. Nümayəndə növbəti prosesdə suala cavab verəcəyini bildirib.

            Prosesdə iştirak edən Gömrük Komitəsinin nümayəndəsi isə iddianı qəbul etmədiklərini bildirdi.  

            Hakim Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin üzərinə hüquqi şəxs olduğunu təsdiq etmək üçün məhkəməyə nizamnamə təqdim edilməsi öhdəliyini qoydu.

            Hakim məhkəmənin hazırlıq iclasına 10 iyun saat 11:00-da davam edilməsi barədə qərar verdi.

            Xatırladaq ki,   hüquq müdafiəçisi Emin Hüseynovu fevralın 1-də Dubaydan Azərbaycana qayıdarkən gömrükdə  3 saat ac-susuz saxlayıblar və ondan 2 ədəd mobil telefon, iki ədəd televizor, maşın üçün bir neçə lampa və maşın maqnitolası, eləcə də iki ədəd işlənmiş kameranı müsadirə edərək götürüblər. Bununla bağlı hüquq müdafiəçisi məhkəməyə müraciət edib.

EMİN MİLLİ VƏ ADNAN HACIZADƏNİN AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏTİ ÜZRƏ KOMMUNİKASİYA BAŞLAYIB
Avropa İnsan Hüquqları Məhkəməsi ilə Azərbaycan hökuməti arasında Adnan Hacızadə və Emin Millinin (Abdullayev) işi üzrə kommunikasiya (danışıqlar) başlayıb.

Hüquq Maarifçiliyi Cəmiyyətinin yaydığı məlumata görə, şikayətçilərin hüquqlarını həm ölkə məhkəmələrində, həm də Avropa İnsan Hüquqları Məhkəməsində vəkillər İsaxan Aşurov və Elton Quliyev müdafiə edirlər.

Xatırladaq ki, gənc bloggerlər - Emin Milli və Adnan Hacızadə 2009-cu il iyulun 8-də "Livan" restoranında baş vermiş insidentlə əlaqədar həbs ediliblər. Gənclərin döyülməsinə baxmayaraq, onlar özləri xuliqanlıq və bədən xəsarətləri yetirmək ittihamları ilə müvafiq olaraq 2 il 6 ay  və 2 il müddətinə azadlıqdan məhrum olunmuşdular. A. Hacızadə 18 noyabr 2010-cu il tarixdə Apellyasiya Məhkəməsinin qərarı ilə, Emin Milli isə 19 noyabr Salyan rayon məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Şikayətçilər 2010-cu ilin yanvar və mart aylarında Avropa Məhkəməsinə Konvensiyada nəzərdə tutulan hüquqlarının pozuntusu ilə bağlı şikayət göndəriblər. Şikayətdə Konvensiyanın aşağıdakı pozuntuları vurğulanıb:

- Konvensiyanın 3-cü maddəsinin pozuntusu – Şikayətçilər adekvat tibbi yardımla təmin edilməyiblər, qandallı vəziyyətdə, pis rəftar şəraitində saatlarla dindiriliblər.

- Konvensiyanın 5.1(c), 5.3 və 5.4-cü maddələrinin pozuntusu – Şikayətçilər əsassız olaraq cinayətdə ittiham ediliblər və saxlanılıblar, həmçinin onların barəsində qanunsuz olaraq məhkəməyəqədər həbs qətimkan tədbiri seçilib.

- Konvensiyanın 6.1 və 6.3(b), 6.3(c) və 6.3(d) maddələrinin pozuntusu – Şikayətçilər bildiriblər ki, onların işi üzrə məhkəmə araşdırması ədalətsiz olub, müdafiələrini hazırlamaq üçün kifayət qədər vaxtla və vasitələrlə təmin edilməyiblər, cinayət işi üzrə icraatın başlandığı andan istədikləri hüquqi yardımı almaq imkanından məhrum ediliblər və məhkəmə müdafiə tərəfinin təqdim etdiyi sübutları araşdırmaqdan və şahidləri dindirməkdən imtina edib.

- Konvensiyanın 6.2-cı maddəsinin pozuntusu – hüquq-mühafizə orqanlarının 11 və 14 iyul 2009-cu il tarixli bəyanatları Şikayətçilərin təqsirsizlik prezumpsiyası hüququnu pozub.

- Konvensiyanın 8-ci maddəsinin pozuntusu – məhkəməyədək olan istintaq dövründə Şikayətçilərin ailə üzvləri görüş barədə müraciətləri heç bir əsas göstərilmədən rədd edilib.

- Konvensiyanın 10-cu maddəsinin pozuntusu – Şikayətçilər hesab edirlər ki, 8 iyul 2009-cu ildə baş verən hadisə onları ictimai fəallıqlarına və dövləti tənqid etmələrinə görə cəzalandırmaq istəyən Hökümət tərəfindən qabaqcadan hazırlanmış təxribatdır.

2010-cu ilin noyabr ayını 19-da Salyan Rayon Məhkəməsi Şikayətçilərin cəzalarının çəkilməmiş hissəsinin şərti cəza ilə əvəz edilməsi barədə qərar qəbul edib.

Avropa Məhkəməsi bu iş üzrə tərəflərlə başladığı kommunikasiya çərçivəsində Azərbaycan Hökumətinə aşağıdakı sualları ünvanlayıb.

Tərəflərə verilən suallar

1. Şikayətçilər Konvensiyanın 3-cü maddəsinin tələblərinin pozulması nəticəsində qeyri-insani, yaxud insan ləyaqətini alçaldan rəftara məruz qalıblarmı?

2. Şikayətçilər Konvensiyanın 5.1-ci maddəsinin pozulması nəticəsində azadlıqdan məhrum ediliblərmi? Xüsusilə onların saxlanılması 5.1-ci maddəyə uyğun – qanuni və əsaslı şübhələrə əsaslanmaqla həyata keçirilibmi?

3. Şikayətçilərin qeyri-qanuni hesab etdikləri həbs qətimkan tədbiri Konvensiyanın 5.3 və 5.4-cü maddələrinin tələbləri ilə ziddiyyət təşkil edibmi?

4. Şikayətçilər cinayət törətməkdə ittiham edilərkən Konvensiyanın 6.1-ci maddəsinə uyğun olaraq qanuni şəkildə dindiriliblərmi? Tərəflərin bərabərliyi prinsipi və Şikayətçilər barəsində əsaslandırılmış məhkəmə qərarının qəbulu hüququ təmin edilibmi? Şikayətçilər Konvensiyanın 6.3(b) maddəsinin tələblərinə uyğun olaraq müdafiələrini hazırlamaq üçün adekvat vaxta və vasitələrə malik olublarmı? Şikayətçilər Konvensiyanın 6.3(c) maddəsinə uyğun olaraq öz seçimlərinə əsaslanan hüquqi yardım almaqla özlərini müdafiə edə biliblərmi? Şikayətçilərin Konvensiyanın 6.3(d) maddəsinin tələblərinə əsasən onların əleyhinə ifadə verən şahidlərini dindirmək və suallar vermək və onların xeyrinə ifadə verən şahidlərin də eyni şərtlərlə məhkəməyə dəvət edilərək dindirilməsi hüquqları təmin olunubmu?

5. Şikayətçiləriin Konvensiyanın 6.2-ci maddəsi ilə təminat verilən təqsirsizlik prezumpsiyası hüququ təmin olunubmu?

6. Həbsdə saxlandıqları zaman ailə üzvləri ilə görüşlərinə qadağalar qoyulması onların Konvensiyanın 8.1-ci maddəsinin özəl və ailə həyatının toxunulmazlığı hüququna müdaxilə təşkil edibmi? Əgər belədirsə, müdaxilə hüquqauyğun və 8.2-ci maddəyə əsasən zəruri olubmu?

7. Konvensiyanın 10.1-ci maddəsinin tələbləri daxilində Şikayətçilərin ifadə azadlığına müdaxilə olubmu?

Yuxarıdakı suallarla əlaqədar olaraq, tərəflərdən müvafiq informasiyanı sübutlarla təsdiq etmələri tələb olunur (hər iki tərəfin təqdim etdiyi istənilən rəsmi sənədlər və yaxud şahid ifadələri də daxil olmaqla):

(a) 8 iyul 2009-cu ildə baş vermiş hadisələr haqqında ətraflı məlumatı, xüsusilə də xronoloji ardıcıllıqla - restoranda baş vermiş hadisə başa çatdıqdan sonra cinayət icraatı rəsmi olaraq başlanana qədər dəqiq olaraq nə baş verib. Xüsusilə də tərəflərdən Məhkəməyə Şikayətçilərin restorandakı hadisədən sonra tutularaq polis məntəqəsinə gətirilməsi və ya könüllü olaraq müvafiq polis bölməsinə getmələri barədə, həmçinin həbs edildikdən sonra dərhal, yoxsa daha sonra həkim müayinəsindən keçirilmələri barədə məlumat vermələri tələb edilir (əgər keçiriliblərsə, tibbi yardım haqqında ərtraflı məlumat daxil olmaqla). Eyni məlumat V.M və B.H haqqında da təqdim edilməlidir.

(b) Məhkəmə icraatının prtokolunun surətini, bütün prosessual hərəkətləri və iş başlayandan aparılmış təhqiqatın mərhələlərini, həmçinin təhqiqat zamanı əldə edilmiş bütün sübutları ehtiva edən rəsmi sənədlər daxil olmaqla (xarakteristikalar, məhkəmə sübütları və s.);

(c) məhkəmə iclaslarının keçirilməsi haqqındakı sənədin surəti;

(d) Şikayətçilərin məhkəmədə verdikləri vəsatətlərin surəti;

(e) Şikayətçilər və ya onların qohumları tərəfindən verilmiş, onların hüquqlarının pozulmasını əks etdirən istənilən ərizə, şikayət və vəsatətin surəti və milli hakimiyyət orqanları tərəfindən qəbul edilmiş bütün qərarların surəti;

(f) Şikayətçilərin həbsdən vaxtından əvvəl azad olunmaları haqqında qərarların surəti.


HƏBSDƏ OLAN HÜQUQ MÜDAFİƏÇİSİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLİB

Mayın 18-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində  qardaşı Oqtay İsgəndərov hüquq müdafiəçisi Vidadi İsgəndərovun həbsi ilə bağlı  mətbuat konfransı keçirdi. Oqtay İsgəndərov bildirdi ki, qardaşı siyasi motivlər və qondarma itttihamlarla həbs edilib:

“Vidadinin həbsi onun hüquq müdafiəçisi kimi və siyasi fəaliyyətini məhdudlaşdırmaq məqsədini güdür. Bildiyiniz kimi o, İctimai Palatanın üzvü olsa da, hüquq müdafiəçisi kimi bu qurumun keçirdiyi etiraz aksiyalarının monitorinqini aparırdı. Habelə o mütəmadi olaraq korrupsioner məmurların fəaliyyətindəki ciddi nöqsan və qüsurları kəskin tənqid atəşinə tuturdu” - deyə qeyd edən Oqtay İsgəndərov mayın 15-də Vidadi İsgəndərovu dəstəkləyən 500 nəfərə yaxın şəxsin imzası ilə prezident İlham Əliyevə məktub ünvanlandığını qeyd etdi.

“Biz prezidentdən bu məsələni diqqət mərkəzində saxlamasını xahiş etmişik. Bundan əlavə bir çox səfirliklərin nümayəndələri ilə də görüşmüşəm və onlar bu məsələni diqqət mərkəzində saxladıqlarını bildiriblər”, - deyə Oqtay İsgəndərov əlavə etdi.

             Xatırladaq ki, Vidadi İsgəndərov əvvəllər prokurorluq orqanlarında çalışıb. Lakin rəhbərliyi tənqid etdiyinə görə işdən çıxarılıb və bundan sonra hüquq müdafiəçisi kimi fəaliyyət göstərib. O 2010-cu ilin parlament seçkilərində deputatlığa namizədliyini irəli sürdüyü Göyçay rayonunda saxtalaşdırma faktlarını aşkar edib. İsgəndərov GEN MMC tərəfindən aldadılan vətəndaşların, polis tərəfindən döyülərək öldürülən Elvin Əsgərovun yaxınlarının, Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən döyülmüş sürücünün hüquqlarını müdafiə edib. İsgəndərov müxalifətin 2 aprel mitinqinin monitorinqini aparanda saxlanılıb və 8 sutka həbsdə saxlanılıb. Aprelin 17-də də müxalifətin növbəti mitinq zamanı saxlanılıb və 15 sutka həbs cəzası alıb. Bu cəzasının bitməsinə bir gün qalmış isə hüquq müdafiəçisinə ötən il keçirilən parlament seçkilərinə müdaxilə ittihamı üzrə cinayət işinə başlanıb və haqqında 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, 2 azyaşlı qız atası olan Vidadi İsgəndərov şəkərli diabetin ağır formasından da əziyyət çəkir.

 

MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN



 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)

Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət