Ana səhifə

Press-reliZ 14 aprel 2010-cu IL Bakı, Azərbaycan


Yüklə 38.5 Kb.
tarix13.06.2016
ölçüsü38.5 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
14 aprel 2010-cu il

Bakı, Azərbaycan


  • ELAN!

  • ELAN!

  • DEMOKRATİYA UĞRUNDA DÜNYA HƏRƏKATI BƏYANAT VERİB

  • REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

  • AKSİYADA JURNALİSTLƏRƏ PEŞƏ FƏALİYYƏTİNİ YERİNƏ YETİRMƏYƏ İMKAN VERİLMƏYİB

  • YENİ MÜSAVAT” QƏZETİNİN “AZƏRİQAZ”A QARŞI İDDİASINA BAXILIB

  • PARTİYA RƏHBƏRİNİN ŞİKAYƏTİ AVROPA MƏHKƏMƏSİ TƏRƏFİNDƏN İCRAATA GÖTÜRÜLÜB

  • MİLLƏT VƏKİLİNİN NAZİRLİYƏ QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB


ELAN!

15 APREL SAAT 11.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun (RATİ) mətbuat mərkəzində QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətində mövcud olan qanunsuzluqlarla mübarizə üzrə İşçi Qrupu mətbuat konfransı keçirəcək.

  Tədbirə  jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.



ELAN!

15 APREL SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun (RATİ) mətbuat mərkəzində hüquq müdafiəçisi Vidadi İsgəndərov Bakı şəhər sakini Firdovsi Əliyevin 04.03.2010 tarixində Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən döyülməsi və prokurorluq tərəfindən heç bir tədbir görülməməsi barədə mətbuat konfransı keçirəcək.

  Tədbirə  jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.



DEMOKRATİYA UĞRUNDA DÜNYA HƏRƏKATI BƏYANAT VERİB
Aprelin 11-dən 14-dək İndoneziyanın paytaxtı Cakarta şəhərində dünyanın 25 ölkəsinin nümayəndələrinin iştirakı ilə Demokratiya Uğrunda  Dünya Hərəkatının altıncı iclası keçirilib. “Mədəniyyətlərin həmrəyliyi: demokratiya uğrunda birgə iş” mövzusunda keçirilən toplantıda Azərbaycandan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov, İREX-Azərbaycan təşkilatının nümayəndəsi Şahin Abbasov və politoloq Hikmət Hacızadə iştirak ediblər. Aprelin 14-də iclasın bəyanatı qəbul olunub. Bəyanatda Azərbaycanda həbs olunmuş gənc bloggürlər Emin Milli və Adnan Hacızadənin də azad olunması tələb olunub. Bəyanatda deyilir:

“Biz, Demokratiya Uğrunda Dünya Hərəkatının altıncı iclasında iştirak edən gənc insanlar,

Aprelin 11-dən 14-nə qədər İndoneziyanın paytaxtı Cakartaya,, hər bir qitədən – 25-dən çox  ölkədən gəlmişik;

Özünün təsisat bəyanatında bildirildiyi kimi, Demokratiya uğrunda Dünya Hərəkatının dəyər və məqsədlərini bölüşürük;

2004-cü ildə Cənubi Afrikada Demokratiya uğrunda Dünya Hərəkatının üçüncü assambleyasında əsası qoyulduğu kimi, Demokratiya uğrunda Dünya Hərəkatının inkişaf etdirilməsinə inanırıq;

Demokratiya uğrunda Dünya Hərəkatının əvvəlki iclaslarında  iştirak edən  gənc insanlar tərəfindən hazırlanan mətn və bəyannamələrin müdafiəsi üçün davamlı dəstək ifadə edirik;

Gənc insanların dünya ölkələrində demokratik dəyişiklik və demokratiyanın inkişafında çox vaxt ön sırada iştirak etməsini qeyd edirik;

Demokratiya işi ilə  məşğul olan gənclərə və tələbələrə qarşı davamlı repressiyadan, zorakılıq və hətta azadlıqdan məhrumetmə cəzalandırılmasından, misal üçün universitet və məktəblərdən kənar etmə, qorxutma hallarından narahatıq;

Siyasi səbəblərdən Kuba hökuməti tərəfindən yola düşmək üçün hazırlıq görməsinə qəsdən əngəl törədilən Kuba oçerk müsabiqəsinin qalibi Celiano Kristian Toranzo Fundiçelnin iştirak etməməsindən təəssüflənirik.

Bütün dünyada avtoritar qaydalara qarşı çıxış edirik;

İnamlarına və fəaliyyətlərinə görə həbs olunmuş gənclərlə həmrəyliyimizi ifadə edirik, misal üçün:    

-Azərbaycandan gənc fəallar Emin Milli və Adnan Hacızadə ;      

- Kubanın gənc liderləri Juan Karlos Herrera Akosta, José Daniel Ferrer Garcia və Randi  Cabrera Mayor;      

- Misirli gənc bloqçu və yazıçı Mosad Abu Fagr;      

- Sadeq Javad Ahmed Al-Fardan və onun Bəhreyindəki həmkarı ;      

- İran, Çin, Zimbabve, Burma kimi ölkələrdə bir çoxları.

Həmin şəxslərin və başqalarının dərhal azad olunmasına və öz ölkələrində onların hüquqlarına hörmət etməyə çağırırıq;

Digər gəncləri, vətəndaş cəmiyyəti və hökumətləri gənc siyasi dustaqların azad olunması üçün avtoritar hakimiyyətlərə təzyiq göstərməyə cəlb etmək üçün öhdəlik götürürük.”



REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

 Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün (14 aprel) Müsavat Partiyasının keçirməyə cəhd göstərdiyi etiraz aksiyasında jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə mane olunmasını pisləyir və bunu məlumat əldə etmək hüququnun pozulması kimi qiymətləndirir.

Belə ki, aksiyadan reportaj hazırlayan və bu prosesi foto-video lentə almaq istəyən bütün jurnalistlərin qarşısı polis zabitlərinin əmri ilə hərəkət edən mülki geyimli şəxslər tərəfindən kəsilib və onlar jurnalistləri itələyərək ərazidən uzaqlaşdırıblar.

  RATİ bəyan edir ki, qanuni peşə fəaliyyətini yerinə yetirən media nümayəndələrinin hadisə yerindən reportaj hazırlamasına və video-foto çəkiliş aparmasına mane olunması jurnalistlərin sərbəst informasiya toplamaq və yaymaq hüququnun pozulmasıdır. Bu hal Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsi (məlumat azadlığı) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsi ilə ziddiyyət təşkil edir. Həmçinin jurnalistin peşə fəaliyyətinə mane olma Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsi (jurnalistin peşə fəaliyyətinə müdaxilə) ilə də cinayət məsuliyyəti yaradır.

RATİ Azərbaycan hakimiyyətini və hüquq-mühafizə orqanlarını beynəlxalq və yerli qanunlara hörmətlə yanaşaraq, jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə şərait yaratmağa, həmçinin jurnalistlərə mane olaraq, onlara təzyiq göstərmiş şəxsləri cəzalandırmağa çağırır.

AKSİYADA JURNALİSTLƏRƏ PEŞƏ FƏALİYYƏTİNİ YERİNƏ YETİRMƏYƏ İMKAN VERİLMƏYİB
Bu gün (14 aprel) Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısında keçirməyə cəhd göstərdiyi piket zamanı, polis jurnalistlərə peşə fəaliyyətini yerinə yetirməyə mane olub. Belə ki, polis zabitlərinin əmri ilə hərəkət edən mülki geyimli, idmançı cüssəli gənclər aksiya iştirakçılarını həbs edərək onları Bakı Metropolitenin “İçərişəhər” stansiyasının arxasındakı marşrut avtobuslarına mindirərək hadisə yerindən uzaqlaşdırırdılar. Piketdən reportaj hazırlayan və bu prosesi foto-video lentə almaq istəyən bütün jurnalistlərin qarşısı həmin mülki geyimli şəxslər tərəfindən alınıb. Onlar jurnalistləri itələyərək ərazidən uzaqlaşdırıblar.

Qeyd edək ki, Müsavat Partiyasının təxminən 27 fəalı da həbs edilib.

Piketin qarşısı alınandan sonra hadisə yerində olan Bakı şəhər Polis İdarəsinin rəis müavini, polis general-mayoru Yaşar Əliyevin jurnalistlərə verdiyi məlumata görə, polisin əmrinə tabe olmadığına görə 6-7 nəfər saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə aparılıblar. O, jurnalistlərin sualına cavab olaraq bildirib ki, insanları həbs edən və jurnalistlərin peşə fəaliyyətinə mane olan mülki geyimli şəxsləri tanımır.

“Dediyiniz adamlar polis deyil. Onlar hansısa jurnalistə maneçilik törədiblərsə, bu barədə müraciət edin, lazımı ölçü götürək”, - deyə Yaşar Əliyev vurğuladı.

Xatırladaq ki, Müsavat partiyası sərbəst toplaşmaq azadlığının təmin edilməsi tələbi ilə aksiya keçirmək istəyirdi. Lakin BŞİH bu aksiyaya icazə verməmişdi.

Foto:


http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,478/lang,az/
Video:

http://www.irfs.az/content/view/3727/1/lang,az/ 1 hissə
http://www.irfs.az/content/view/3727/1/lang,az/ 2 hissə

YENİ MÜSAVAT” QƏZETİNİN “AZƏRİQAZ”A QARŞI İDDİASINA BAXILIB


Dünən (13 aprel) Xətai rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin “Azəriqaz” İstehsalat Birliyinin rəisi Əkbər Hacıyevə qarşı informasiya sorğusunun cavablandırılmaması ilə bağlı iddiasına əsasən məhkəmə prosesi keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseyn məlumat verib.

V.Hüseyn bidirdi ki, prosesdə istənilən informasiya sorğusuna cavab verilməməsinin qanunsuz və əsassız olduğunu deyib və iddianın təmin olunmasını istəyib. Cavabdehin nümayəndəsi isə tələb olunan informasiyanın kommersiya sirri olduğunu əsas gətirərək, iddianı əsassız hesab etdiyini hakimə bildirib.

Hakim H. Məmmədov növbəti prosesi 20 aprel saat 14:20-ə təyin edib.

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti “Azəriqaz” İstehsalat Birliyinin rəisi Əkbər Hacıyevə ünvanladığı sorğuda Bakı şəhərində fəaliyyət göstərən şadlıq evi kateqoriyasından olan obyektlərdə hər obyekt üçün və hər il üzrə ayrılıqda göstərilməklə 2007-2008-ci illərdə qaz istehlakının həcmi və ödəmə vəziyyəti haqqında məlumat istəyib.

Xatırladaq ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.
PARTİYA RƏHBƏRİNİN ŞİKAYƏTİ AVROPA MƏHKƏMƏSİ TƏRƏFİNDƏN İCRAATA GÖTÜRÜLÜB
“Yeni Zaman” Partiyasının Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi şikayət icraata qəbul edilib. Xəbəri bu gün (14 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna partiyanın rəhbəri Musa Ağayev verib. O bildirib ki, Ədliyyə Nazirliyi partiyanı qeydiyyata almadığı üçün, məhkəmələrə üz tutub. Lakin Azərbaycan məhkəmələri onun şikayətlərini təmin etməyib.

Qeyd edək ki, Azərbaycanda rus dilində dərc olunan “Novoye Vremya” qəzetinin təsisçisi Musa Ağayevin yaratdığı partiya 2007-ci ili avqust ayından müraciət etməsinə baxmayaraq, iki ildir Ədliyyə Nazirliyində qeydiyyatdan keçə bilmədiyinə görə, məhkəməyə müraciət edib. 3 iyun 2009-cu il tarixdə Yasamal rayon məhkəməsi, 10 sentyabr 2009-cu il tarixdə isə Apellyasiya məhkəməsi iddianı əsassız hesab edərək təmin etməyib. 18 dekabr 2009-cu ildə Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını qüvvədə saxladığına görə, M.Ağayev Avropa Məhkəməsinə müraciət edib.


MİLLƏT VƏKİLİNİN NAZİRLİYƏ QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Aprelin 12-də Yasamal Rayon Məhkəməsində hakim Xəqani Məmmədovun sədrliyi ilə millət vəkili Pənah Hüseynin əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova qarşı qaldırdığı iddiaya əsasən məhkəmə prosesi keçirilib Bu barədə “Yeni Musavat” qəzeti məlumat yayıb.

P.Hüseyn prosesdə bildirib ki, 2007-ci ildən yazılı və şifahi şəkildə ƏƏSMN-ə müraciət edərək, Sabirabadda yaşayan və ünvanlı sosial yardım müavinəti alan şəxslərin ailələri, yaşadıqları ünvan, aldıqları yardımın məbləği və komissiya qərarlarının saatı göstərilməklə, məlumatların siyahı şəklində ona verilməsini istəyib. Millət vəkili qeyd edib ki, nazirlik 23.08.2007-il tarixində ünvanladığı yazılı sorğunu ümumiyyətlə cavablandırmayıb. Ondan əvvəlki və sonrakı tarixlərdə göndərilən sorğular isə ümumi şəkildə cavablandırılsa da, ünvanlı sosial yardım alan şəxslər haqda məlumat verilməyib.

Cavabdeh tərəfin nümayəndəsi 23.08.2007-ci il tarixli məktubun nazirliyə çatmadığını bildirib. P.Hüseyn isə məktubun ünvanına çatdırıldığına və hansı tarixdə kimə təqdim edildiyinə dair rəsmi sənədi məhkəməyə təqdim edib.

Hakim nazirliyin nümayəndəsindən P.Hüseyn tərəfindən müxtəlif vaxtlarda nazirliyə göndərilən məktubların əslinin məhkəməyə təqdim olunmasını tələb edib və növbəti proses 22 aprel saat 14-30-da təyin edilib.
MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət