Ana səhifə

Nə üçün İran Novruzəli Məmmədovu müdafiə etmədi?


Yüklə 50.27 Kb.
tarix09.06.2016
ölçüsü50.27 Kb.
Nə üçün İran Novruzəli Məmmədovu müdafiə etmədi?
Toloşi Sədo” (“Talışın Səsi”) qəzetin baş redaktoru Novruzəli Məmmədovun hüquqlarını müdafiə komitəsinin sədri doktor Hilal Məmmədovla müsahibə
Mənbə: “Taleş” jurnalı,oktyabr,2009-cu il, Taleş şəhəri, Gilan oblastı, İran İslam Respubliası

Müsahibəni apardı: Şəhram Azmudə (“Taleş” jurnalının baş redaktoru)

Foto: Ramin Ekraminindir

Farscadan Azərbaycan türkcəsinə çevirəni: Ruhəngiz Əzimi
-Doktor Hilal Məmmədov, professor Novruzəli Məmmmədovun zindanda qəflətən vəfat etməsi xəbəri İranda yaşayan bütün talışları mütəəssir və həm də xeyli narahat etmişdir. Hamı bu fikirdədir ki, o, bilavasitə talışşünaslıq sahəsindəki xidmətlərinə görə şəhid olmuşdur. Lakin bu da məlumdur ki, o siyasətçi deyildi və neçə illər zindanda günahsız qalmışdı. Onun huquqlarının müdafiəçisi kimi real vəziyyəti bilavasitə Sizdən öyrənmək istərdik: sizcə, o nə vaxt və hansı səbəblərdən vəfat etmişdir?
- Bəli, istər ölkəmizin, istərsə də dünyanın digər ölkələrininin haqqpərəst ictimaiyyəti kimi, Sizin də bu qənaətinizin dürüstlüyinə şəkk yoxdur və doğrudan da o, öz xalqının - talış millətinin milli-mədəni hüquqlarını müdafiə etdiyinə görə zindana salınmış və orada qətlə yetirilmişdir. Biz - Novuzəli Məmmədovun hüquqlarının müdafiə komitəsi olaraq, onun qeyri-qanuni həbsi, mühakiməsi və son günlərdəki ağir xəstəliyi ilə əlaqədar olaraq istər ölkəmizdəki rəsmilərə, istərsə də beynəlxalq ictimaiyyətə dəfələrlə müraciət edərək onun azadlığa çıxarılmasında bizə mənəvi dəstək və yardımçı olmağa çağirmışdıq. Zindan xəstəxanasına köçürülməzdən bir neçə gün öncə onun sağ əlinin, qismən isə sol əlinin fəaliyyəti xeyli zəifləmışdi. Biz bu barədə ölkəmizin müvafiq orqanlarına “SOS!” siqnalı ilə dəfələrlə müraciət edərək onun professional tibb mütəxxəsisləri tərəfindən müalicəsinin təşkil edilməsinə razılıq verilməsini xaiş etmişdik. Şəxsən Avropa Şurasının rəhbərliyi, ATƏT, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər beynəlxalq təşkilatlar da dövlətimizin rəhbərliyindən bunu təvəqqe etmişdilər. Əfsuslar olsun ki, səsimiz eşidilmədi. Hətta onun qəfil ölümündən sonra, həbsdə saxlanıldiğı müəssənin rəhbərliyi bildirdi ki, “o özü xəstəxanaya köçmək istəmirdi”. Bəzi dövlət məmurları isə N.Məmmədovun bu 2 il 8 ay ərzində min-bir haqsız zülm və iztirabların nəticəsi olaraq faciəli ölümünü də - “məgər mülki xəstəxanada adam ölmür ki?!” kimi ifadələriylə həyasızcasına adiləşdirməkdən çəkinmədilər.

Əlbəttə ki xanımının hədsiz yalvarışlarına məhəl qoymayaraq, ölüm ayğında olan bir insanla heç olmasa bir neçə dəqiqəlik son qörüşünə belə icazə verməyən bu kimi cəllad məmurlardan digər bir mərhəmət və ya xeyirli fikir də gözləmək olmazdı...


- Təbii ki sağlam bir insan maşın qəzasından və ya ürək tutmasından qəfil keçinə bilər. Amma məlum olduğu kimi, xəstəxanaya köçülüzməzdən əvvəl professor N.Məmmədovda ürək nasazlığı olmamışdı və məlum son xəstəlikləri isə də onun bu qəfil ölümü üçün əsas ola bilməzdi. Sizcə, bu, alimin bilərəkdən öldürüldüyünü deməyə əsas verirmi?
- Professor Novruzəli Məmmədov bu ilin 28 iyulunda zindanın xəstəxanasına köçürüldü və 20 günün ərzində də - avqustun 17-də orada dünyadan köçdü. Mən onu xəstəxanaya köçürülməzdən düz 6 gün əvvəl həbsdə saxlanıldığı zonada görmüşdüm. Düzdü, onun əllərinin fəaliyyəti ağırlaşmış, gözləri pis görür, prostatit və bəzi digər xəstəliklərdən əziyyət çəkirdi, amma, onun ürəyindən heç bir şikayəti olmayıb sağlam ruh yüksəkliyinə malik idi . Biz onunla üzbəüz, düz 3 saat demək olar ki bütün mövzulardan mərdi-mərdanə söhbət etdik. Əlbəttə ki, onun xəstəxanaya yerləşdirilməsiylə bağlı məsələyə də toxunduq. O, buna etiraz etmirdi, amma nədənsə çox inadla bildirdi ki, “mümkündür ki məni orada öldürsünlər”. Mən ona bildirəndə ki, “bəs, axı siz Avropa Şurasının və digər beynəlxalq təşkilatların da bilavasitə nəzarəti altındasınız və güman etmirəm ki onlar bu qədər azğın yola əl atsınlar”, o, başını yirğalayaraq bildirdi ki, “onlar o qədər azğınlaşıblar ki heç Allahın da nəzarətini saya almırlar...”.

Əlbəttə ki, bütün bu kimi deyilənlərdən sonra, professorun müəmmali ölümü qeyd etdiyiniz bir çox nəticələrə gəlməyə əsas verir...


-Doktor Hilal Məmmədov,maraqlıdır, siz professor Novruzəli Məmmədovun ölümündən bir neçə gün sonra İrana səfər etmisiniz... Sizin Tehran görüşləriniz barədə məlumat almaq olarmı? Orada məmləkətimizin hansı rəsmiləri illə görüşə bildiniz? Onlara dedinizmi ki “Novruzəli Məmmədovun həbsi bilavasitə İranla bağlıdır və Azərbaycan tərəfinin iddiası ilə guya bu ölkənin tapşırığıyla “casusluq” etdiyi üçün azadlıqdan məhrum edilmiş və zindanda şəhid olmuşdu? Sizin sorğunuza İran məsullarının cavabı nə oldu? Tehranda və Gilanda bizim Talish cəmiyyətləri ilə görüşləriniz necə keçdi və nə kimi məsələlər müzakirə edildi?
-Bəli, mən şəhid Novruzəli Məmmədovun doğulduğu Astara rayonunun Ərçivan kəndindəki dəfninin “3-gün” mərasimindən sonra İrana gəldim. Əvvala, bir hüquq müdafiəçisi kimi əsas məqsədim - sizin ölkənizin bir sıra rəsmilərinə Novruzəli müəllimlə bağlı ünvanladığımız bəzi sorğulara cavab almaq idi.

Bir talış ziyalısı və aktivisti kimi isə digər bir hədəfim Tehrandakı “TaleshiKa”(“Talish Evi”) Mədəniyyət Mərkəzinin rəhbərliyi və nümayəndələriylə görüşərək bu mövzunu və digər ümdə milli problemlərimizi birgə təhlil və müzakirə etmək idi. Axı, Novruzəli Məmmədov talış dilinin dünyada məhşur tədqiqatçısı kimi hər iki taydakı talışlar arasında nüfuzlu şəxsiyyət hesab edilir və onun həbsi və faciəli ölümü isə əsasən sizin ölkənizlə bağlı idi. Professorun işiylə əlaqədar olaraq bütün istintaq və məhkəmə proseslərinin akt və qərarlarında bilavasitə sizin dövlətiniz mühakimə olunur ki, guya o, “Azərbaycan respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmasında İrana köməklik etmişdir”.

Əlbəttə ki, nə istintaq tərəfi, nə də Məhkəmə prosesləri N.Məmmədovun müqəssir oduğunu sübut edəcək bircə fakt belə göstərə bilmədiər və o, haqsız olaraq 2 il 8 ay müddəti ərzində Milli Təhlükəsizlik Nazirliyinin binasında və digər zindanlarda min-bir zülm və iztirablara və işgəncələrə məruz qaldı.

Nəinki ölkəmizin, dünyanın bütün tanınmış beynəlxalq hüquq təşkilatları da, Avropa Şurası və ABŞ-in bir sıra nüfuzlu rəsmiləri də Novruzəli Məmmədovu “siyasi məhbus” - “vicdan məhbusu” və “talış xalqının hüquq müdafiəçisi” kimi tanıyaraq, onun qeyd-şərtsiz azad edilməsini Azərbaycan dövlətindən tələb etdilər.

Bu nöqteyi nəzərdən, bizi və digərlərini bu son 2 il 8 ay ərzində ən narahat edən və hamımız üçün müəmmalı qalan belə bir sual da var idi: dünyanın az qala bütün nüfuzlu ictimaiyyəti və rəsmiləri, o cümlədən, ölkənizə dost mövgeyində olmayan qüvvələr tərəfindən belə N.Məmmədovun haqsız həbsinə öz etirazlarını müvafiq bəyanatları və siyasi aksiyaları ilə dəfələrlə bildirdikləri halda, nə üçün İran rəsmiləri bircə dəfə də olsa öz etirazlarını Azərbaycan dövlətinə bildirmədilər?! Axı, N.Məmmədovun istintaq və məhkəmə proseslərində bilavasitə Iran dövləti Azərbaycanın daxili işinə qarışmaqda və guya burada “casusluq şəbəkəsini” yaratmaqda ittiham edilirdi...

Doğrusu, bu işlə bağlı olaraq İran tərəfinin və onun Bakıdakı səfirliyinin susması nəinki bütün məsləkdaşlarımızı, hətta ölkənizə açıq-aşkar nifrət bəsləyən bəzi ünsürlərin də - “əgər susursa, deməli nəsə var...”, kimi şəkkak fikirlərinin yaranmasına əsas verirdi...

Hələ bunlar nədir ki... Bu gün Azərbaycanda İranla bağlı həbs və ya təqib edilən edilən şəxslər kifayət qədərdir... Əfsuslar olsun ki, bəzi məlum səbəblərdən, bu məsələ ölkəmizin KİV-də, hüquq müdafiəçilərinin hesabatlarında və i.a. yerlərdə müzakirəyə yer tapmır... Artıq sirr deyil ki, İranda və məxsusən də Qum şəhərində dini təhsil almış azərbaycanli vətəndaşların əksəriyyəti dəfələrlə təqiblərə məruz qalmışdir və şübhə yoxdur ki, İran tərəfinin də bunlardan xəbəri var. Bəs, niyə susurlar görəsən?! Niyə demirlər ki, “bu və ya digər ölkədə aldığı dini təhsilinə və ya dini baxışlarına görə insanları təqib etmək olmaz?!”. Niyə Azərbaycan tərəfindən soruşmurlar ki, “görəsən, dilşünas-linqvist alim Novruzəli Məmmədov Azərbaycanın hansi dövlət sirrini onlara satmışdır və əvəzində hansı böyük məbləği almışdırdır?!”. Niyə soruşmurlar ki, “lap tutağım, böhtancasına iddia etdiklərı kimi, İran Azərbaycanın Talış Mədəniyyət Mərkəzinə xeyriyyə yardımı etmişdir, məgər bu qəbahətdir?! Bəs, nə əcəb, türkdilli xalqların birgə mədəni, milli, finans dəstəklərini “xeyriyyə işi” adlandırıb, irandilli xalqların bu kimi niyyətini “casusluq” və “Azərbaycan dövlətçiliyinə xəyanət” hesab edirlər? Bəs, İsraildən, ABŞ-dan və digər məmləkətlərdən qrant alan yüzlərlə vətəndaşlarını niyə “casus”, “vətən xaini” elan etmirlər?”

Bu kimi sualların cavablandırılmasından ötrü, N.Məmmədovun hüquqlarının müdafiəçisi kimi, Tehranda Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə ilə görüşməyə cəhd etdim. Əfsuslar olsun ki, buna şərait yaradılmadı... Buna baxmayaraq, nazirliyin Elmi-tarixi tədqiqatlar mərkəzinin rəhbərliyi ilə görüşlərimizdən xeyli məmnun oldum və suallarımın da rəhbərliklərinə çatdırılmasını onlardan xaiş etdim...



Əlbəttə, mən çox istəyirdim ki, dini rəhbəriniz Ayatullah Xamneyi ilə də görüşüm, çünki bu, bizim və sizin taydakı talışların da məndən istəyi idi. Axı, şəhid Novruzəli müəllimə görə eyni bir narahatçılığı sizin taydakı talışlar da az çəkmir və onlar da öz ölkələrinin rəhbərliyindən yuxarıdakı suallara cavab almaq istəyirdilər... Yəni məni müşaiyət edən Sizin yerli talış nümayəndəsi də bu sualların cavablanması intizarında idi... Çünki onlar da öz rəhbərliklərini bu barədə dəfələrlə sorğulasalar da qəti bir cavab almamışdılar... Onlar da Novruzəli müəllimin haqsız həbsindən və faciəli ölümündən eyni dərəcədə hiddətlənmişdilər. Axı, başqa cür ola da bilməzdi: professor Novruzəli Məmmədov amansız taleyinin hökmü ilə ikiyə parçalanmış bir xalqın – bir millətinin övladı idi və heç bir siyasi çəpər (sərhəd) vahid bir xalqın övladlarının biri-birinə olan məhəbbətini parçalaya bilməzdi. Onlar haqlı olaraq, N.Məmmədovu müdafiə edən Amerika, Avropa ölkələrini nümunə gətirərək, öz rəhbərliklərini də N.Məmmədovu müdafiə etməyə çağırırdılar...
- Doktor Hilal Məmmədov, doğrudan da maraqlıdır, əgər professor Novruzəli Məmmədov bu gün iki müxtəlif dövlətin sərhədləri boyunca parçalanmış bir gəlb və bir candan ibarət vahid xalqımızın ümummilli mədəniyyətinin qorunması və çiçəklənməsi naminə elmi və ictimai fəaliyyət göstəribsə,onda o hansı ağlasığmaz məntiqlə “İran casusu” və ya öz ölkəsinin “vətən xaini” adlandırıla bilərdi? Eyni bir məntiqlə, dəfələrlə sizin ölkənizdə səfərdə olmuş bu taydakı bir talış aktivisti də necə “Azərbaycan casusu” adlana bilər? Məgər, eyni bir xalqın nümayədərinin öz ümummilli dərd-sərlərini, milli-mədəni problemlərini birgə müzakirə etməyə, biri-birinə maddi və ya mənəvi dəstək göstərməyə haqqları yoxdurmu, yoxsa, bu sövdaye- ünsiyyət mütləq KGB və ya ETTELATın nəzarəti və ya icazəsiylə baş tutmalıdır?
- Çox vacib və mühim bir məsələyə toxundunuz və Sizinlə tamamilə razıyam ki Novruzəli Məmmədov bir can və bir qəlbdən ibarət hər iki taydakı talışların ustadı idi... İrəli sürdüyünüz bu kimi sualları Tehranda da müzakirə etdik... Tehranda “TalışıKa” (“Talış Evi”) mədəniyyət mərkəzindəki diskussiyalarımız hədsiz dərəcədə maraqlı və bir qədər də emosional şəraitdə keçdi. O məclisdə Tehranın bir sıra rəsmiləri və mərkəzi KİV nümayəndələri də iştirak edirdi. Məndən müsahibə də götürüldü və hətta mərkəzi tele-radio verlişində birbaşa canlı efirdə iştirak edərək, istər yerli, istərsə də digər ölkə ərazilərindən ünvanlanan müxtəlif suallara da cavab verdim... Doğrudan da siyasətdən tamamilə uzaq olan məzlum bir alimin haqsız həbsi və müəmmalı ölümü nəinki cəmi dünya talışlarını, hətta digər xalqların nümayəndələrini də şoka salmışdı... Tehran talışlarının Mədəniyyət Mərkəzi adından bu hadisə ilə bağlı müvafiq bəyənnamə qəbul edildi və bu kimi etirazlarının rəsmən Azərbaycan səfirliyinə da çatdırılacağı bildirildi. Əlbəttə, sizin taydakı talışıar bu kimi etiraz aksiyalarını İranın digər yerlərində, məsələn, Masalda, Fuməndə, Həştpərdə, Şandermanda da keçirtmişdilər. Bir sıra məçitlərdə şəhid N.Məmmədovla bağlı ehsan mərasimləri verilmiş, Quran və dualar oxunulmuşdu... Amma yenə də məcburam deyim ki, bütün bu kimi tədbirlər bilavasitə qeyrətli talış qardaş və bacılarımızın şəxsi təşşəbbüsü idi, nədənsə İran rəsmiləri yenə də susurdu... Hətta Sizdən gizlətmirəm ki, könüllü olaraq bu kimi tədbirləri canla-başla həyata keçirdən mücahid talış övladlarımıza görə bir gədər narahatamçılığımız da var ki, sabah hər hansı formada təzyiqlərə məruz qalmasınlar... Axı, bu gün bizim ölkəmizdə bu kimi tədbirləri keçirtmək əslində qeyri-mümkündür və inanın ki, növbəti faciələrin təkrarlanmayacağına da bir zəmanətimiz yoxdur... Axı, N.Məmmədovun istintaq və məhkəmə proseslərindən sonra, artıq bizdə heç bir şəkk qalmamışdır ki, Milli Təhlükəsizlik Nazirliyində nəinki bütün talış aktivistləri, hətta az-çox tanınmış sıravi talış ziyalıları üçün də N.Məmmədovun işinə bənzər qalın qovluqlar ehtiyatda saxlanılır... Bir gədər mübaliğəli görünsə də, bəzən bizə elə gəlir ki, orada az qala hər bir talışı nəzarətə alıblar... Siz deyin, sabah ölkəmizdə baş verə biləcək bu kimi növbəti boğuntulara qarşı İran tərəfinin yenə də susacaği təqdirdə daha nə düşünmək olar? Bəli, biz başa düşürük ki, bu gün İsrail, Amerika və digər məmləkətlərin bəzi bədxah qüvvələri ölkənizi parçalamağa və ya zəiflətməyə cəhd edir və güman ki bilavasitə bu səbəblərdən rəsmilərinizin başı ölkədaxili probemlərə bərk qarışıb. Amma, bir tərəfdən, “mərq bər İsrail!” (“İsrailə ölüm!”) və ya “mərq bər Amerika!” (“Amerikaya ölüm!”) deyib, digər tərəfdən, qonşu ölkədə bilavasitə ona qarşi irəli sürülən son dərəcə ciddi ittihamlara və min illərdən bəri qədim İran tarixinə bağlı olan irandilli talış xalqına qarşı qeyri-əxlaqi münasibətlərə heç bir rəsmi cavab verilməməsi hansı məntiqə sığışır? İnciməyin, qoy, lap bunu da deyim, hərçənd ki bu fikrim ölkə rəsmilərinizin xoşuna gəlmiyə bilər, həmin o “mərq bər” Amerika da N.Məmmədovla bağli öz etirazlarını bir neçə dəfə bildirib, amma İran sükut edib, halbuki, bu işdə bilavasitə İran tərəfi cinayət obyekti kimi mühakimə edildiyindən, məsələn, Amerika da “mərq bər İran!” deyib susa bilərdi...
- Doktor, sizcə N.Məmmədovla birgə həbs edilmiş və hal-hazırda da zindanda olan “Tolışi Sədo”qəzeinin digər əməkdaşı Elman Quliyevi də eyni bir faciə gözləyə bilərmi?
- Elman Quliyev fiziki-psixoloji durumu sabit olmayan bir şəxs olub, N.Məmmədovun mühakimə edilməsindən ötrü bir oyuncaq kimi istifadə edilmiş vasitə idi. Şübhəsiz ki o, həm öz “casusluğunu”, həm də ki, N.Məmmədovun “casusluğunu” etiraf edəcəyi tərzdə “bir-iki il zindanda yatdıqdan sonra azadlığa buraxılacağı” və bəzi digər şirnikləndirici vədlərə aldandığından, namərdcəsinə, qəsdən öz müəlliminin üzünə durmuşdu... N.Məmmədovun vəfatından sonra artıq o onlara lazım deyil və mümkündür ki digər formada onu da aradan götürsünlər...
- Belə “etiraf”lardan sonra o azad edildimi? Yoxsa, hələ də zindandadır?
-Xeyr, azad edilməyib, o hələ də zindandadır və hansı təcridxanada saxlanıldığı da səhih məlum deyil... Amma zindanın da öz qanunları var, ustadının üzünə namərcəsinə duran belə məxluqları orada da bağışlamazlar və mümkündür ki, öz dustaq yoldaşlarının əliylə cəzalandırılsın...
- Bəs, Ələkrəm Hümmətov bir müsahibəsində bildirib ki, o, təzyiq və işgəncələrə məruz qaldığından belə “etiraflar” etmişdi? Amma Siz deyirsiniz ki, o vədlərə inanaraq bunu etmişdi...
-Əlbəttə ki o təzyiqlər nəticəsində qorxudulmuşdu ki, “nəyi de və nəyi demə”. Belə təzyiq və hədə-qorxular digər şahidlərə də az edilməmiş və onların da bir qismi istintaq zamanı belə “etiraflar” etmişdilər. Amma məhkəmə proseslərində onların hamısi bir səslə həqiqəti bildirmişdilər ki, istintaq zamanı deyilən bütün yanlış ifadələri onlardan hədə-qorxu nəticəsində almışlar. Amma Elman Quliyev bunu etmədi və hələ də ümid edirdi ki, o, məhkəmədə nə qədər çox yalan və uydurma ifadələr versə, bir o qədər də tez xilas ola bilər... Kaş o qapalı məhkəmə prosesində baş verən əsil şouların cüzi bir hissəsini ictimaiyyət görəydi...
-Doktor Hilal Məmmədov, sizcə, professoru hələ şəhid olmamış ikən, Ə.Hümmətov kimi Azərbaycandan xaricə göndərə blməzdilərmi? Ailəsinin bu barədə fikri nə idi?
-Bəli, professorun xanımı Məryəm Məmmədova tərəfindən ölkə rəhbərliyinə belə bir müraciət edilmişdi ki, N.Məmmədovla birgə onların həmişəlik vətəndən çıxarılmasına imkan verilsin. Onun ərinin haqsiz həbsiylə bağlı ölkə rəsmilərinə ünvanladığı məktublarında atasına təzyiq kimi, oğlanları Emil və Kamran Məmmədovların MTN və polis işçiləri tərəfindən dəfələrlə oğurlanaraq döyülməsi və nəticədə böyük oğlunun bu iztirablara dözməyərək 35 yaşında ikən ürək infarktından keçinməsi və digər ürək ağrıdıcı məlumatları belə hakimiyyəti rəhmə gətirmədi... Lakin iki gün bundan əvvəl, ərinin ölümüylə bağlı bu mərd qadının yaydığı bəyanatını İranda ikən internet səhifələrindən oxuyanda gözlərim yaşardi. O, bu bəyanatda bildirirdi ki, “mənim ərimlə birgə Azərbaycanı tərk etmək niyyətim var idi, amma, o, nahaq yerə zindanda öldürüldükdən sonra, bütün var-qüvvəm ilə onun bəraəti uğrunda mübarizə aparacağıma and içmişəm. İnşallah, mən bütün dünyaya ərimin haqsız olaraq həbs edildiyini və nahaqdan öldürüldüyüni sübut edəcəyəm”. Bu, bir az öncə gənc oğlunu da itirmiş ağbirçək ananın, mücahid bir xanımın, 70 yaşlı alimin dəhşətli fəryadı idi... Biz şübhə etmirik ki, bir gün bu mübarək insanın haqq səsini nəinki ölkəmizdə, cəmi dünyada eşidəcək və N.Məmmədovu qətlə yetirən canilər öz layiqli cəzalarını alacaqlar!
-Bəli, dünən “TalışıKa”nin (Tehran Talış Mədəniyyət Mərkəzinin) rəhbəri, Tehran Universitetinin professoru Tahir Nizami “Sedaye Sima”dakı Tele-müsahibəsində bu mərd qadının çıxışıyla bağlı söylədiyi bu fikirlər bizim talışlarin və digər millətlərin də qəlblərini təlatümə gətirmişdi: “Necə ürək alışıb yanmasın Məryəm xanımım bu Zeynəbsayağı fəryadina: “Siz mənim əzizlərimi - ərimi və oğlumu öldürmüsünüz. Mən dünyaya sübut edəcəyəm ki, onları bilə-bilə qətlə yetirmisiniz. Bunu siz Talış millətinə və talış dilinə görə etmisiniz. Siz istəyirsiniz ki, bu dili aradan götürəsiniz, məhv edəsiniz. Siz istəyirsiniz ki, Azərbaycan və İran talışları arasındakı əlaqəni kəsəsiniz. Hər iki dövlət və xalqları arasında bilə- bilə ədavət toxumunu səpirsiniz. Mən Sizdən qorxmuram və bütün var-qüvvəmlə, ədalətin qələbəsi naminə mübarizəmdən əl çəkilməyəcəyəm!”. Görün, ərini yezidcəsinə şəhid etmiş, oğullarına divan tutmuş Azərbaycan dövləti 70 yaşlı bu məzlum və sadə bir qadını necə dilə gətirmişdir.... O, heç talış da deyil, milliyətcə avar xalqının nümayəndəsidir... Amma bu avar qızı zülm və haqsızlığa qarşı öz Zeynəbsayağı üsyanı ilə nəinki bütün talış və Azərbaycan qadınlarına, bizim İran və cəmi dünya xanımlarına da bir örnək – bir ibrət məktəbidir!”

Doktor Hilal Məmmədov,bir az öncə qeyd ediyiniz ki, Novruzəli Məmmədovun faciəli ölümü ilə əlaqədar olaraq İranda da bir sıra tədbirlər keçirilmiş, müxtəlif yerli talış QHT-lərı tərəfindən bəyanatlar verilmişdir...İranda olduğunuz bu bir neçə gün ərzində bir sıra görüşləriniz oldu. Sizcə, bu qədər işləri qənaətbaxş hesab etmək olarmı,yoxsa, daha da ciddi addımlar atılmalıydı?
-Əvvəla, mən bu tərəfin talışlarından xeyli razıyam. Çünki mən İranda elə talış görmədim ki, bu bəd xəbərdən ürəkləri alışıb yanmasın. Məclislərdə nəinki yaşlı nəsil, cənc oğlan və qızlararımız belə bu müsibətə dözməyərək hönkür-hönkür ağlayırdılar... Onların hamısı Novruzəli Məmmədovu öz xalqlarının bir rəhbəri, bir ustadı, bir alim-professoru kimi tanıdıqlarından, bu faciəyə siyasi qiymət verərək, onu talış xalqına qarşı yönəldilmiş bir repressiya – bir genosid hesab edirdilər.

Mən məxsusi olaraq, xalqımızin müdrik-ağsaqqal oğlu, “TaleshiKa”nin rəisi, Tehran Politexnik Universitetinin professoru, kolleqam Tahir Nizamiye, talış cəmiyyətlərinin digər rəhbərləri, dostlarım Əli Əbdoliyə, Fəraməz Məsrura, şəxsən Sizə - Şəhram Azmodəyə, Talış Gənclər İttifaqının mücahid rəhbərliyinə və digərlərinə hədsiz dərəcədə minnətdaram ki, N.Məmmədovun şəhidlik xəbərini eşitdiyiniz elə ilk günlərdən etibarən öz etiraz bəyanatlarınızı dünyaya yaydınız...

Bəli, bu faciə doğrudan da vahid xalqımıza qarşı yönəldilmiş bir cinayətdir və məqsədi hər iki ölkə arasında parçalanmış xaqlqlarımızın məhvinə və ünsiyyətərinin zəiflənməsinə xidmət edir. Bütün bunlarla bərabər, bəzi təklif və iradlarımı da Sizə və oxucularınıza çatdırmaq istəyirəm. Yalnız Azərbaycanın Tehrandakı səfirliyinə öz etiraz bəyanatlarınızi və ya etiraz aksiyalarınızı bildirməklə hüquqi səlahiyyətlərinizi bitmiş hesab etmək olmaz. Öz rəhbərliyinizə, Xarici İşlər Nazirliyinizə və digər dövlət təşkilatlarına da müvafiq sorğu və tələblərlə müraciət etməkdən çəkinməməlisiniz. Axı, N. Məmmədov bilavasitə Sizin ölkənizlə bağlı həbs edilmiş və qətlə yetirmişlər. Diğər tərəfdən, bu gün bizdən fərqli olaraq, ölkənizdəki talışlar üçün daha geniş imkanlar açılmışdir – demək olar ki hər il talış dilinə və mədəniyyətinə həsr edilmiş ölkədaxili və beynəlxaq elmi-konfranslar keçirdilir, onlarla qəzet-jurnallar nəşr edilir, talış dilində gündəlik tele-radio verlişləri verilir, yüzlərlə talış filmləri beynəlxalq müsabiqələrə çıxardılır... Hələ bunlar nədir ki... İran parlamentdəki talış mənşəli deputatlarınız on ildən artiqdır ki, İranda Talış Ostanının yaradılması və bu məqsədlə xalq arasında referendumun keçirildilməsi tələbiylə çıxışlar edirlər... Amma, heç deputatlarımızı demirəm, bu barədə sıravi şəxslərin də açıq danışması xeyli təhlükəlidir, xəyali bir fikir söyləmək isə nəinki hakim dairələrin, hətta müxalifətimizin də ədalətsiz hücümları ilə nəticələnir. Məsələn, istintaq işində Novruzəli Məmmədov mühakimə edilirdi ki, guya “o, İran xüsusi Xidmət Orqanı olan ETTELATın tapşırığı ilə “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetində millətçi məqalələri dərc etdirməklə gələcəkdə talış muxtariyyətinin ideoloji əsaslarını hazırlamağa cəhd etmişdir”. Hətta bu tapşırığı verən əsas “ETTELAT”çının adı da “aşkar” edilmişdi: Sən demə o, öz ölkəsində də başı az bəla çəkməyən məhşur talışşünas alim doktor Əli Əbdoli imiş... Bunu İranda kimə deyirsən, o saat qəh-qəhə ilə gülür... Deyirlər, “yazıq Əli Əbdoli, burda “KGB”çi, orda “ETTELAT”çi” damğasıyla “nə yurdu-nə yuvası bəlli olmayan”(ruslar demişkən, “ni kola-ni dvora”) bir dərviş kimi gəzir... Mən hətta Məhkəmədə Elman Quliyevdən soruşdum ki, “etiraf etdiyin kimi, necə sübut etmisən ki Əli Əbdoli “ETTELAT”çıdır?”, o isə cavab verdi ki, “ona görə ki onun iki arvadı var!”. Bu qəribə “etiraf” kəlmələrinə hətta hakim və prokuror belə tablaşmayıb o ki var güldülər...

Odur ki, Siz bu tayda yaradılmış imkanlarınızdan istifadə edə bilər, məsələn, növbəti bir elmi konfransı da Novruzəli Məmmədovun xatirəsinə və ya onun elmi fəaliyyətinə həsr edə bilərsiniz... Yəni deməyim budur ki, qədim İran mədəniyyəti və etik-əxlaqi psixologiyasına məxsus “Can! - Can!” və ya “bə çəş!- bə çəş!” (“baş üstə!-baş üstə!”) kimi şüarçılıqdan bir qədər real addımlara da keçmək pis olmazdı... Əgər bu iradım Sizin və oxucularınızın xətrinizə dəysə, Allah xətrinə məni bağışlayın...


- Doktor, bu səmimi müsahibənizlə bizə vaxt ayırdığınız üçün Sizə xeyli minnətdarıq! Sizdən rica edirik ki, Bakıya qayıtdıqdan sonra Novruzəli Məmmədovun ailəsinə, xanımına və qohumlarına və o taydakı bütün talışlara bizim “Talesh” jurnalının rəhbərliyi və kollektivi adından başsağlığını verəsiniz. Allah bu şəhid alimi qəni-qəni rəhmət etsin. Əlavəniz varsa, buyurun...
-Allah Sizdən də razı qalsın, cəmi ölənlərinizi rəhmət etsin. Allah bütün insanlara səbr əta etsin. Novruzəli müəllimin faciəsi təkcə bir ailənin, bir xalqın yox, cəmi xalqların, cəmi bəşəriyyətin, cəmi dövlətlərin faciəsidir. Allah xaqların hüquqlarını tapdalayan, onları məhv etmək, özlərini və ölkələrini biri-birinə qarşı qoymaq istəyən şər qüvvələrə - əsil “şeytan casuslarına” lənət etsin! Allah cəmi millətlərə səadət, sülh, biri-birinə məhəbbət bəxş etsin ki, biz də oz layiqli payımızı alaq...

Əziz Şəhram boli, Şəxsən Sizə də, jurnalınızın bütün kollektivinə də bu hüznlü günlərdə Allahdan səbr diləyir və fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.



Allah amanında!


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət