Ana səhifə

MÜQƏDDİMƏ BİSMİllahir-rəhmanir-rəHİM


Yüklə 3.47 Mb.
səhifə1/12
tarix22.06.2016
ölçüsü3.47 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   12
İMAMİYYƏ ŞİƏLƏRİNİN

ƏQİDƏ ÜSULLARI



MÜQƏDDİMƏ
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
Həmd və səna olsun Allaha, Onun salam və salavatı olsun bəşərin ən yaxşısı Həzrət Mühəmmədə və hidayət yolunun çıraqları olan Əhli-beytinə.

Bu etiqadi kitabı yazmaqda məqsədim yalnız Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əhli-beytinin vasitəsi ilə gəlib çatan İslam etiqadiyyatının xülasəsini qələmə almaqdır.

Bu müxtəsər kitabı dəlil və bürhansız İmamlardan (əleyhis-salam) gəlib çatan və əsas etibarı ilə etiqadi hədisləri qeyd etmədən yazmışam ki, bu əqidə üsullarını öyrənmək istəyən ibtidai savadlı şəxslər, tələbə və alimlər ondan kifayət qədər faydalana bilsinlər. Bu kitabı Əqaidül-İmamiyyə (12 İmam şiələrinin əqidə üsulları) adlandırdım.

Bu kitab, 1363-cü hicri qəməri ilində Müntədin-nəşr dini universitetində ali kəlam (ilahiyyat) bəhslərinə bir müqəddimə kimi istifadə olunsun deyə, silsiləvari mühazirələr kimi yazılmışdır.

Bu əqidə üsullarının çoxunu tədris etdiyim vaxt, dərsləri hamının istifadə edə biləcəsi tərzdə deyil, o vaxtın çıxış və mühazirə formasında, pərakəndə vərəqlərdə yazılmışdı. Nəhayət bu il, yəni o dövrdən 8 il keçdikdən sonra, cənab Məhəmməd Kazim Kətbi məndən xahiş etdi ki, qeyd olunan mühazirələrə yenidən nəzər salıb müxtəsər və münəzzəm bir kitab hazırlayam ki, xalqın istifadəsi üçün yararlı olsun və hamı ondan istifadə edə bilsin. Beləliklə, İmamiyyə şiələrinə vurulan ittihamların çoxu dəf edilsin. Xüsusilə də Misir və başqa ölkələrdəki müasir yazıçılar qələmləri ilə şiəlik və şiə əqidəsinə qarşı kəskin hücuma başlamışlar. Onların bu hücumları ya Əhli-beyt məktəbi barədə lazımi qədər agahlığın olmaması üzündən olur, ya da özlərini qəsdən bixəbərliyə vururlar. Bu şəxslər həqiqətlərə təcavüz və nadanlıqdan nəşət tapan bir sıra məsələlərlə oxucuları olan müsəlmanlar arasına nifaq və ixtilaf toxpumu səpir, bu yolla da müsəlmanların vəhdətini pozur, qəlblərində ədavət, düşmənçilik və kin-küdurət yaradaraq onları bir-birinin canına salırlar.

Bütün zamanlarda, xüsusilə də hazırkı zəmanəmizdə bizim müsəlmanlar arasında vəhdət yaradıb sıralarını möhkəmləndirməyə, vahid bayraq altında bir yerə yığmağa qadir olmağımız mümkün deyilsə də, amma heç olmazsa, firqələri bir-birinə yaxınladıb kinələrin üstünü örtmək, ədavətləri nisbətən azaltmağımızın zəruriliyi heç kəsə məxfi deyildir.

Mən belə bir təklif irəli sürürəm, amma yüz faiz təəssüflə bilirəm ki, müsəlmanlar arasında ittihad yaradılması barəsindəki təkliflərin heç birini əməli olaraq həyata keçirə bilmərik. Misirli yazıçı doktor Əhməd Əmin kimilərin müsəlmanlar arasında təfriqə yaratmaları nəticəsində irəli gələn hazırkı vəziyyətlə belə, irəli sürdüyüm təkliflər onların inad və tərsliklərini daha da artırmaqdan başqa bir iş görə bilmir.

Əgər bu yazıçılar və s. kimi şəxslərin ardıcıl və inadkar səylərinin bir qrup sadə insanları aldatmasının, əsassız mətləblərinin onlara təsir etməsindən, yaxud şiələrə ədavət izhar etmələri ixtilafların, kinələrin coşmasından keçdikdə, çox da mühüm deyildir. Hər halda mən bu kitabı nəşr olunmaq üçün təqdim edəndə həqiqət axtaranlara faydalı olmasını ümid edirəm, təki bu insanlıq və İslama xidmətdə şərikli olaq. Bu kitabı bir neçə hisədə tənzim etdim.



1. ELM VƏ MƏRİFƏT BARƏSİNDƏKİ ƏQİDƏMİZ
Biz inanırıq ki, həqiqətən Allah-Taala bizə təfəkkür, idrak qüvvəsi verib, əql bəxş etdiyinə görə, bizə əmr etmişdir ki, Onun xəlq etdiyi mövcudat barəsində fikirləşək, şüurumuzu işə salıb dərindən təfəkkür edək, hikmətində, kainatdakı nişanələrində dərindən düşünüb, onun kainatda (afaq) və insanın daxili aləmində (ənfüs) təfəkkür edək. Belə ki, Allah-Taala buyurur:

Biz afaq və ənfüsdə (kainat və insanın mürəkkəb quruluşunda) olan ayələrimizi (əlamət, nişanə, möcüzə) onlara göstərəcəyik ki, Onun haqq olması onlar üçün aydın olsun.1

Başqa bir yerdə, ata-babaların yanlış və batil adət-ənənələrinə kor-koranə, qeyri-aqilanə təqlid etməyi məzəmmət etmişdir:



Onlara deyiləndə ki, Allahın nazil etdiyinə tabe olun, yox! Biz ata-babalarımızın getdiyi yolla gedəcəyik, deyə cavab verirlər Onların ata-babaları bir şey düşünməyib hidayət yolunu tapmamış olsalar da (onlara tabe olacaqlarmı)?!2

Bunun kimi öz gümanları əsasında əməl edib haqqa tabe olmayanları da məzəmmət edir:



(Yolunu azanlar müşriklər) Zənn gümandan başqa bir şeyə tabe olmurlar.3

Həqiqətdə isə, bizim etiqadımız budur ki, əqlimiz xilqətdə təfəkkür edib kainatın Xaliqini tanımağı,4 Onun barəsində mərifət kəsb etməyi bizə öz əqlimiz, nübüvvət iddiası edən şəxs və onun möcüzəsi barədə təfəkkür etməyi vacib etdiyi kimi zəruri edir və bu barədə əqlimizdən başqa heç kimə təqlid etməyi–şəxsin məqam və mənziləti nə qədər böyük olsa da belə–səhih hesab etmir.

Çoxlu Quran ayələrində insanın təfəkkür, elm və mərifətə təşviq etdirilməsi həqiqətdə əql sahiblərinin müvafiq olduqları ideya və fikir azadlığını, müstəqilliyi bəyan edir. Həqiqətdə Quran bizim ruhumuzu qeyd olunan həqiqətlərlə agah olmaq, onlar barədə təfəkkür etmək üçün mərifət və təfəkkür istedadını hərkətə gətirir, insan zəkasını ayıldıb çiçəkləndirməklə onu, əqlin fitri tələbinə cəlb edir.5 Belə olan halda insanın etiqadi məsələlər qarşısında laqeyd qalması, onlara əhəmiyyət verməməsi və özünə bir yol seçməməsi, kiminsə dediklərini təqlid üzündən qəbul edib ona arxalanması səhih deyil. Əksinə, Quran ayələrinin təsdiqlədiyi əqli fitrətin tələbinə əsasən, hər insana vacibdir ki, üsulid-din adlanan etiqad əslləri barədə6 təhqiqat aparsın, dərindən düşünsün. Bu üsulların ən mühümü tovhid, nübüvvət, İmamət və məaddan ibarətdir.

Hər kəs bu kimi etiqad üsullarında ata-babalarına, yaxud başqa şəxslərə təqlid etsə, hökmən səhvə düçar olub haqq yoldan uzaqlaşar, inhirafa yuvarlanar və heç vaxt üzrlü sayılmaz.

Bu barədə əsas etiqadımız iki mətləbdən ibarətdir:

1-Etiqad üsulları barəsində mərifət kəsb etməyin vacibliyi; belə ki, bu barədə başqalarına təqlid etmək caiz deyildir.

2-Qeyd olunan vacib, şərən vacib kimi qəbul edilməzdən öncə əqlin hökmü ilə olan vacibdir.

Yəni rəvayətlərin əqli dəlilləri təsdiqləməsinə baxmayaraq, etiqad üsullarında mərifət və baxış dini rəvayətlərə əsaslanmamalıdır.

Əqlən etiqad üsulları barədə mərifət kəsb etməyin vacibliyi dedikdə əqlin bu üsullarda mərifətin, agahlığın zəruriliyini, onlar barədə təfəkkürün vacib olduğunu dərk etməsi nəzərdə tutulur.

2. FÜRUİ-DİNDƏ TƏQLİD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
Fürui-dinə gəldikdə isə, (fürui-din insanın əməlləri, gördüyü işlərlə əlaqədar olan şəriət hökmləridir) hər bir müsəlmanın onları təfəkkür və istidlal yolu ilə əldə etməsi vacib deyildir. Əksinə, fürui-dində, əgər namaz, oruc, zəkat və s.-nin vacibliyi kimi yəqinlik hasil olmuş zəruriyyətlərdən olmazsa, aşağıdakı üç yoldan birini seçməsi vacibdir:

1-Ya hökmlərin istixracında ictihad7 məqamına çatıb hökmləri dəlil və istidlal əsasında çıxarmalıdır (əgər ictihad və nəzər əhlidirsə);

2-Yaxud ehtiyata əməl etməyin lazım olduğu hallar barəsində kifayət qədər agahlığı vardırsa, öz əməllərində ehtiyata8 əməl etməlidir; Belə ki, müctehidlərin fətvalarını cəm etməklə həqiqi vəzifəsi olduğu əməlləri yerinə yetirmiş olsun.

3-Müctehid üçün lazım olan şərtlərə malik olan9, şəriətdə deyildiyi kimi, aqil, adil, nəfsini aludəliklərdən, günah və tüğyanlardan qoruyan, dini hifz edən, dinin qoruyucusu, həvayi-nəfs ilə müxalif, Mövlasının (Allahın) əmrlərinə müti olan müctehidə təqlid etsin.10

Hər kəs müctehid və ya ehtiyata əməl edən olmasa və həmçinin, cameüş-şərait müctehidə təqlid etməsə, ömrü boyu namaz qılıb oruc tutsa da belə, bütün ibadət və itaətləri batil sayılır və ondan heç bir vəchlə qəbul olunmaz. Amma onun əvvəlki (təqlid etmədiyi dövrdəki) ibadət və itaətləri sonradan təqlid etdiyi müctehidin rəy və fətvaları ilə müvafiq olarsa və öz ibadi əməllərini qürbətən iləllah niyyəti ilə yerinə yetirmiş olarsa, bu halda səhih sayılır.

3. İCTİHAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
Bizim etiqadımıza görə, fürui-din hökmlərində ictihada çatmaq İmam Zaman (əleyhis-salam)-ın qeybdə olduğu əsrlərdə11 bütün müsəlmanlara vacibdir. (Buna vacibi-kifai deyilir, yəni bu iş hamıya vacibdir. Amma bir neçə nəfər öhdəsinə alsa, başqalarından götürülər.)

Hər bir müsəlmana, hər bir əsrdə vacibdir ki, bu məsələyə diqqət yetirsin. Lakin kifayət qədər qüdrəti olan bir neçə adam ictihad dərəcəsinə çatmaq üçün hərəkət etsə və bu rütbəyə çatsa sair müsəlmanlar təqlid üçün layiqli dərəcəyə çatan, cameüş-şərait olan belə bir şəxslə kifayətlənib ona təqlid etməli, fürui-din məsələlərində, şəri hökmlərdə ona müraciət etməlidirlər.

Amma belə bir adam tapılmazsa, bu halda ictihad rütbəsinə çatmaq, hamıya vacibdir. Əgər bu işi yerinə yetirmək hamı üçün qeyri-mümkün, yaxud xeyli ağır olarsa bu məqama çatmaq üçün özündən ciddiyyət göstərən bir neçə şəxsi təhsil üçün lazımi vəsaitlərlə təmin etməlidirlər. Və müsəlmanların bu işə ciddiyət göstərməyib vəfat etmiş müctehidə təqlid etmələri caiz deyildir.12

İctihad dedikdə Əşrəfül-ənbiya vəl-mürəsəlin Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in gətirdiyi fəri hökmlər və qayda-qanunlar barədə mərifətin kamil olması üçün şəri dəlillərdə dərindən təfəkkür və təhqiqat aparıb nəzər və rəy çıxarmaq nəzərdə tutulur.

Bu hökmlər zaman və məkanın dəyişməsi ilə əsla dəyişilmir:

Həzrəti Mühəmmədin halal buyurduqları Qiyamətə kimi halal, haram buyurduqları isə Qiyamətə kimi haramdır.13

Şəri dəlillər dedikdə, Qurani Kərim, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in sünnəsi, icma (müctehidlərin müəyyən məsələ barəsindəki birliyi) və əql nəzərdə tutulur. (Bunlar üsuli-fiqh kitablarında təfsilatı ilə qeyd olunub.)

Qeyd etmək lazımdır ki, ictihad məqamı çoxlu elm və məarif öyrənməyi tələb edir. Bunlar da yalnız səylə çalışıb özündən ciddiyyət göstərənlərə, onları kəsb etmək üçün qüvvə sərf edənlərə müyəssər ola bilər.14

4. MÜCTEHİD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
Təqlid üçün cameüş-şərait (bütün şərtlərə malik olan) müctehid barədə əqidəmiz budur ki, o, qeybət dövründə İmam (əleyhis-salam)-ın naibi, vəkilidir.15 O mütləq və tam ixtiyarlı hakim, rəhbərdir. İmam üçün olan ixtiyarların hamısı–bütün hadisə və məsələləri araşdırıb yekun hökm vermək, camaat arasında hökumət etmək kimi ixtiyarlar onda da vardır. İmam Sadiq (əleyhis-salam)-dan gələn hədisə əsasən16 hər kəs ona (cameüş-şərait müctehidə) qarşı çıxsa, İmama qarşı çıxmış olur, İmama qarşı çıxan kəs də Allaha qarşı çıxmış olur. Bu da şirk (müşriklik) kimidir.

Cameüş-şərait müctehid təkcə şəri fətvalarda mərcə deyil, həm də onun ümumi vilayəti vardır17. Belə ki, qarşıya çıxan bütün hadisələrdə son hökm, yekun rəy üçün ona müraciət edilir. Bu məqam müctehidə məxsus olan məqamlardandır və onun icazəsi olmadan bu məqamın ondan qeyrisinin öhdəsinə qoyulması caiz deyildir. Həmçinin hüdud, təzir (günahkarların, müqəssirlərin cəzalandırılması, tənbih edilməsi) də müctehidin əmri və hökmü olmadan caiz deyildir.18 İmam (əleyhis-salam)-ın xas hüquqlarından sayılan əmvalın19 məsrəfində də müctehidə müraciət olunur. Bu ümumi məqam, mənzilət və rəhbərliyi cameüş-şərait müctehidə İmam (əleyhis-salam) vermişdir ki, qeybət zamanı o Həzrətin naibi olsun. Məhz bu səbəbə görə də İmamın naibi adlandırılıb.

BİRİNCİ FƏSİL: İLAHİYYAT
ALLAH-TAALA

TOVHİD

ALLAHIN SİFƏTLƏRİ

ALLAHIN ƏDALƏTİ

TƏKLİF

QƏZAVÜ-QƏDƏR

BƏDA

DİN HÖKMLƏRİ



5. ALLAH-TAALA BARƏSİNDƏKİ ƏQİDƏMİZ
Bizim etiqadımız budur ki, Allah-Taala Vahid (sifətdə yeganə) və Əhəddir (Zatda yeganədir). Onun oxşarı və misli, tayı-bərabəri yoxdur. Qədimdir (əzəlidir, kimsə Ondan öncə mövcud olmamışdır) və heç zaman məhv olmamış, məhv olmayacaqdır. O, Əvvəl və Axırdır. Alim (elmli), Həkim (hikmət sahibi, əbəs iş görməyən), Adil (ədalətli), Həyy (diri), Qadir (qüdrət sahibi), Qəniyy (ehtiyacsız), Səmi (eşidən) və Bəsir (görən)-dir. Məxluqatın sifətləri ilə vəsf olunmaz. O nə cismdir, nə də surət.20 Nə cövhərdir (substansiya), nə ərəz (aksidensiya). Onun ağırlığı, yüngüllüyü, hərəkəti, sükunu, zamanı, məkanı yoxdur. Ona heç bir şeylə işarə olunmaz.21

Həmçinin Onun şəriki, oxşarı, ziddi, həyat yoldaşı, övladı yoxdur (ola da bilməz). özlər Onu görə bilməz, lakin O, gözləri görür.

Hər kəs Onu məxluqata oxşatsa (məsələn, Onun üçün üz, əl, göz və s. təsəvvür etsə), yaxud Onun dünya aləminin asimanına nazil olmasına, yaxud cənnət əhli üçün ay kimi zahir olmasına və s. etiqad bəsləsə,22 şəksiz ki, kafir hökmündədir. Bu kimi şəxslər hər bir eyb və nöqsandan pak-pakizə olan Xaliqin həqiqətini anlamırlar. Hətta zehnlərimizdə Ona aid etdiyimiz ən dəqiq mənalar belə, bizim özümüz kimi məxluq (xəlq olunmuş) olub bizə qayıdır (İmam Baqir (əleyhis-salam)-ın təbiri ilə).

Həkimin təbirindən gözəl nə ola bilər! Bu zərif və incə nöqtədə hikmətli, elmi, dəqiq və son dərəcə ölçülüb-biçilmiş təbir vardır.

Həmçinin, O (Allah) Qiyamət günü məxluq üçün zahir olacaq və bəndələr Onu görəcək23 deyənlər də, hətta cismiyyəti Ondan nəfy etsələr də belə kafirlər dəstəsindən sayılır. Bu kimi puç iddialar edənlər Qurani Kərimin ayələri və hədislərin zahiri mənalarına əsaslanıb onları dərk etməyə qadir deyildirlər və əqli qanunları inkar edirlər. Nəticədə məhz bu yanlış təsəvvürlər səbəb olur ki, Quranda işlədilən dəqiq və incə məcazi mənaları, istiarə və kinayə qanunlarının tələbinə uyğun olaraq, ayə və hədislərin zahirində təsərrüf etməyə qadir olmasınlar.

6. TOVHİD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
Bir Allahı hər bir cəhətdən yeganə bilməliyik. (Tovhid vəhdət kökündən olub təkləndirmək, yeganə bilmək mənasınadır.) Onu Zatında yeganə bildiyimiz, Zatında vahid, vücudu isə vacib (vacibül-vücud–varlığı başqasından deyil, özündən olan və heç nəyə ehtiyacı olmayan) olmasına etiqad bəslədiyimiz kimi, sifətlərində də yeganəliyinə inanmalıyıq. Həmçinin buna da inanmağımız vacibdir ki, Onun sifətləri Zatının eynidir (bu barədə bəhs ediləcək). Bizim etiqadımıza görə, Onun Zati sifətlərində heç bir misli, tayı-bərabəri yoxdur. O, elm və qüdrətdə misilsiz, xəlq etmək və ruzi verməkdə şəriksiz olub, kamal sifətlərində tayı-bərabəri yoxdur.

Habelə, vacibdir ki, ibadət olunmaq üçün layiqli olmaqda da yeganə bilək. Ondan qeyrisinə ibadət etmək, habelə, ibadətin hər hansı bir növündə–istər vacibi olsun (namaz və s. kimi ibadət növü), istərsə də qeyri-vacib–şərik qoşmaq heç bir vəchlə caiz deyildir.

Hər kəs ibadətdə Ondan qeyrisini şərik qoşsa, müşrik sayılır. Məsələn, ibadətdə riyakarlıq edib Allahdan qeyrisinə yaxınlaşmaq, özünü göstərmək istəyən şəxs kimi. Bu şəxsin hökmü bütə pərəstiş edənlərin hökmüdür, aralarında heç bir fərq yoxdur.24

Qəbirlərin ziyarəti və matəm mərasimlərinin keçirilməsi məsələsinə gəldikdə isə, İmamiyyə məzhəbinə tənə vurub bu məzhəbdəki həqiqətlərdən xəbərsiz olan bəzi kəslərin puç təsəvvürlərinin əksinə olaraq,25 bu işlər əsla Allah-Taaladan qeyrisinə sığınmaq deyildir. Çünki, xəstələrin əyadətinə getmək, cənazələrin dəfn mərasimində iştirak etmək, din qardaşlarının görüşünə getmək, yoxsullara kömək və s. kimi işlərin özü Allah-Taalanın dəgahına yaxınlaşmağın bir yoludur.

Şəkk yoxdur ki, xəstələrin əyadətinə getmək öz-özlüyündə bəyənilmiş, saleh əməllərdəndir ki, bu iş vasitəsi ilə bəndə Allah dərgahına yaxınlaşır. Bu iş heç də xəstənin özünə pərəstiş olmayıb bu əməli Allahdan qeyrisi üçün ibadət, yaxud şirk kimi cilvələndirmir. Habelə, sair əməllər də, o cümlədən, qəbirlərin ziyarəti, matəm mərasimlərinin təşkil edilməsi, cənazələrin dəfnində iştirak etmək, din qardaşlarının ziyarəti və s. də bu qəbildəndir.

Qəbirlərin ziyarəti, matəm mərasimlərinin keçiriməsi və sair şəri saleh əməllərin bəyənilmiş şəri əməllərdən olması fiqh elmində isbat olunur və bizim bəhsimizə aid deyildir.26

İmamlarımızın qəbirlərini ziyarət etmək, bəzilərinin puç əqidələrinin əksinə olaraq, heç də ibadətdə şirk deyil. Hlbelə, onlardan məqsəd İmamlara pərəstiş deyildir. Məqsəd yalnız onların işlərini diriltmək, xatirələrini canlandırmaq, onlar barəsində ilahi şəairləri əzəmətləndirməkdir:

Və hər kəs ilahi şəairləri əzəmətlə yad etsə, şübhəsiz ki, o, qəlblərin təqvasındandır.27

Bütün bu işlərin saleh əməl və şəriətdə müstəhəb olmaları sübut olunub. Hər vaxt insan bu işlərin vasitəsi ilə Allahın razılığını cəlb etmək, dərgahına yaxınlaşmaq istəsə, onların savabına layiq olacaq, xeyir cəzasına çatacaq.

7. ALLAH-TAALANIN SİFƏTLƏRİ BARƏDƏ ƏQİDƏMİZ
Biz şiələr inanırıq ki, elm, qüdrət, qəni olmaq, iradə (istək), həyat və s. Allahın sübuti, həqiqi sifətləri olub kamal və cəmal adlandırılır. Bütün bu sifətlər Onun Zatının eynidir və Zatına artırılan, ariz olan sifətlər deyil. Bu sifətlərin vücudu Zatının vücudundan başqa bir şey deyildir. Deməli, misal üçün, Onun qüdrəti vücud baxımından elə həyatıdır və həyatı da elə qüdrətidir. Yəni O, diri (Həyy) olduğu ilə eyni zamanda qadirdir və qadir olduğu halda həyydir. Onun sifətləri və sifətlərinin vücudunda ikilik məsələsi əsla yoxdur. Sair kamal sifətləri də eynilədir, lakin o sifətlər öz məna və məfhumlarında bir-birindən fərqlənir, həqiqət, gerçəklik və vücudlarında isə bir-birindən heç də fərqlənmir. Çünki, əgər o sifətlər vücudlarında bir-birindən fərqli olsalar (sifətlərin də Zat kimi və əzəli və vacibül-vücud olması fərz edilir), bu halda sifətlərin sayına uyğun olaraq vacibül-vücudun çoxluğu lazım gələr və Allahın Zatının həqiqi vəhdətinə xələl yetişər. Bu da tovhid əqidəsinə ziddir.28

Sübuti izafi (nisbi) sifətlərə gəldikdə isə, (xaliqiyyət, raziqiyyət, bütün varlıqların səbəbi, ilkinlik və s. kimi) bu sifətlər də özünün həqiqi mənasında vahid həqiqi bir sifətə qayıdır, o da Allahın bütün varlıqlara nisbətən qəyyum29 olmasıdır. Bu qəyyumluq da vahid bir sifətdir ki, ondan əsər-əlamət, nəzərlər müxtəlifliyini şərt etməklə bir neçə sifət çıxır.

Cəlal sifətləri adlanan səlbi sifətlərə gəldikdə isə, hamısı vahid bir mövzunun səlbinə qayıdır: o da imkanın30 Ondan səlb edilməsidir. Allah mümkünül-vücud deyilsə, imkanın səlb olunmasının (yaxud imkanın səlbinin) mənası cismiyyətin, surətin, hərəkət və sukunətin, ağırlıq və yüngüllüyün və s. kimi (mümkünül-vücuda xas olan) sifətlərin, ümumiyyətlə hər bir nöqsanın, çatışmamazlığın səlb olunmasıdır. Digər tərəfdən, Allahın mümkünül-vücud olmaması həqiqətdə vacibül-vücud olmasıdır. Onun vacibül-vücud olması isə kamal sifətlərindəndir. İmkanın səlbi əsl həqiqətdə vücudun vacibliyinə qayıdır və vücudun vacibliyi də kamal sübuti sifətlərdəndir. Deməli, cəlal (səlb) sifətləri də axırda kəmaliyyə (sübuti) sifətlərinə qayıdır və Allah-Taala bütün çəhətlərdən vahiddir, Müqəddəs Zatında çoxluğa yol yoxdur. Həmçinin, Onun Səməd və Vahid həqiqətində heç bir mürəkkəblik (tərkib) yoxdur.

Onun sübuti sifətlərinin səlbi sifətlərə qayıtmasına etiqad bəsləyənlərin sözləri çox təəccüb doğurur. Çünki, Onun sifətlərinin eynilə Zatı olmasını dərk etmək, qavramaq bu şəxslərə çox çətin gəlir, nəticədə sübuti sifətlərin labüd olaraq səlbi sifətlərə qayıtmasını təsəvvür edirlər ki, Allahın Zatının vəhdətinə və çoxluğun Ona yol tapmamasına əmin olsunlar. Bununla da ən qəbahətli bir əmələ düçar olmuşlar. Çünki, vücudun eyni, xalis vücud olan, bütün imkan cəhətlərindən və hər bir nöqsandan pak və münəzzəh olan bir Zatı yoxluğun eyni, sırf səlb güman etmişlər.31 Allah bizi bu cür fikir inhirafından, qələm sapqınlığından amanda saxlasın!

Həmçinin, Allahın sübuti sifətlərinin Zatına artırıldığına, əlavə olduğuna inananların da sözləri təəccüb doğurur. Bu təriqət ardıcılları əzəli varlığın çoxluğuna, vacibül-vücud üçün şəriklərin varlığına etiqad bəsləyirlər, yaxud onun mürəkkəb olduğunu söyləyirlər, halbuki Allah-Taala bu kimi işlərdən uzaqdır.32

Mövlamız Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) buyurur:



Ona ixlasın kamal həddi sifətləri Ondan (Onun Zatına əlavə olmasını) nəfy etməkdir. Çünki bütün sifətlər (məsələn, elmin insanla münasibəti kimi) şəhadət verir ki, o sifət movsufdan (vəsf olunandan) ayrıdır hər vəsflənən şəhadət verir ki, o, sifətdən qeyridir. Deməli hər kəs Allahı (Zatına əlavə olunan sifətlə) vəsf etsə, sifəti Onunla yanaşı bilmişdir; hər kəs Ona bir şey qoşsa, Onu çox fərz edər; hər kəs Onu çox fərz etsə, hissə-hissə (analiz) edər; hər kəs Allahın Müqəddəs Zatını hissə-hissə etsə, Ona qarşı cəhalətdə olar.33

8. ALLAHIN ƏDALƏTİ BARƏSİNDƏKİ ƏQİDƏMİZ
Bizim etiqadımıza görə Allahın kamal, sübuti sifətlərindən biri Onun adil (ədalətli), heç kəsə zülm etməməsidir. Onun mühakiməsində, hökmündə zülmə yol yoxdur. Ona itaət edənlərə, əmrinə tabe olanlara savab verəcək, fərmanları müqabilində üsyan edənləri isə cəzalandıracaqdır. Öz bəndələrini, onların taqətləri olmadığı şeylə vəzifəli etməz, layiqli olduqlarından artıq cəzalandırmaz.34

Biz inanırıq ki, Allah-Taala bir yaxşı işi, ondan daha yaxşısı olmadığı halda, həmin yaxşı işi tərk etmir, qəbahətli, pis və bəyənilməz iş də görmür. Çünki O, yaxşı işi görməyə, pis işi tərk etməyə qadirdir və O, yaxşının yaxşı, pisin pis olmasına elmlidir. Habelə, yaxşı işi tərk, qəbahətli işi görməyə ehtiyacı da yoxdur. Yaxşı iş Ona zərər yetirmir ki, onu tərk etməyə möhtac olsun. Həmçinin, pis iş görməyə ehtiyacı yoxdur ki, onu yerinə yetirsin. Digər tərəfdən, O, hikmət sahibi (həkim)dir, deməli labüd olaraq işləri də hikmətli, ən kamil nizamla uyğun olmalıdır.35

Əgər Allah-Taala zülm etsə və qəbahətli, çirkin iş görsə (O, belə şeylərdən çox-çox uzaqdır!) bunun səbəbi aşağıda qeyd olunan dörd işdən biri ola bilər:

1. Bu iş barədə cahil olsa və qəbahətli olmasını dərk etməsə;

2. Bu iş barədə alim olub bunu görməyə məcbur olsa və tərk etməkdə aciz olsa;

3. Bu iş barəsində alim olub görməyə məcbur da olmasa, amma ona ehtiyacı olsa;

4. Bu işə alim olub məcbur da deyil. Bu halda yalnız həvayi-nəfs üzündən, əbəs yerə görə bilər.

Bu hallardan heç biri Allah barəsində yol verilə bilməz, qeyri-mümkündür. Əks halda nöqsanlıq olardı. Halbuki, Onun Müqəddəs Zatı sırf kamaldan ibarətdir. Deməli hökm edib deməliyik ki, O, zülm etməkdən, qəbahətli iş görməkdən pak və münəzzəhdir.

Amma bəzi müsəlmanlar Onun qəbahətli iş görməsini caiz (mümkün) bilmişlər.36 Habelə, bəziləri demişlər ki, Allah, itaətində müti olan bəndələri cəzalandırıb, üsyanlarları, hətta kafirləri belə cənnətə daxil edə bilər, Öz bəndələrinə, onların taqət və qüdrətləri dairəsinə sığmayan itaətlər vacib edə bilər və yerinə yetirmədikləri təqdirdə onları cəzalandıra bilər. Bu firqə ardıcılları Ondan zülm, zorakılıq, yalan, hoqqabazlıq kimi işlərin, hikmət üzündən olmayan, məqsədsiz, faydasız, əbəs və məqsədyönlü olmayan işlərin baş verməsini caiz bilmiş və bu ayəyə istinad etmişlər.

O, etdiyi işlər barəsində hesab verməz, lakin onlar (etdiyi işlərdən) sual olunarlar.37

Allah-Taala barəsində batil əqidədə olub Ona zalım, cair, səfeh, oyun-oyuncaqçı, yalançı, hiyləgər, qəbahətli işlər görüb yaxşı işlərdən uzaq olan (bu sayaq işlər Ona əsla yaraşmaz) sifətlər təsəvvür edənlərin fikirləri eynilə küfürdür. Halbuki, Allah-Taala Quranda buyurur:



Allah bəndələr üçün heç vaxt zülm istəməz.38

Allah fəsadı sevmir.39

Biz göyləri, yeri bunların arasında olanları oyun-oyuncaq oynayanlar kimi yaratmadıq.40

Mən cinni insanı Mənə ibadət etmələrindən başqa üçün yaratmadım.41

İlahi, Sən pak və münəzzəhsən, bunları batil yerə xəlq etməmisən!


  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət