Ana səhifə

Muğamlarda Səfəvi fəsadı


Yüklə 8.85 Kb.
tarix09.06.2016
ölçüsü8.85 Kb.
Güntay Gəncalp

Muğamlarda Səfəvi fəsadı
Muğam, tariximizdəki olaylardan da etkilənmişdir. Muğam daha çox xanigahlarda oxunmuşdur. Örnəyin mövləvilik xanigahında hər zaman, hətta indi də muğam oxunur və muğama uyğun da rəqslər edilir. Bu Rəqsin təsəvvüfi adı “səma´”dır. Azərbaycan xanigahlarında muğam çox geniş təcrübə qazanmışdır. Özəlliklə Şah İsmayıla qədər davam edən xanigahlarda muğam geniş təcrübə qazanmışdır. Səfəvi dövləti qurulduqdan sonar xanigahlar yasaqlandı və xanigahların yerinə “hüseyniyyə”lər quruldu. Hüseyniyyə isə, muğamları öz fəlsəfi və təsəvvüfi köklərindən ayıraraq mərsiyənin xidmətinə təslim etdi. Yersiz sızıldamlar, anlamsız ağlamalar muğama dolduruldu. İmam Hüseyn deyib ağlaşdılar. Muğam, Səfəvi siyasətinə təslim edildiyi üçün növhə və məhərrəmlik yasına xidmət etməyə başladı. Füzulidə, Mövlanada olan dərin hüzn və anlamlı kədər cılız ağlaşmaya dönüşdü. İndi də sürülər şəklində camilərdə bu mərsiyələrin müşayiətində baş yarıb, sinə vururlar. Yəni muğamın düşündürücü tarixi kədəri və hüznü onun içindən boşaldıldı və yerini mərsiyə və ağlaşmaya, sürülərin ağlaşmasına buraxdı. Oysa ki, Bayındrılı Azərbaycan-Türk mədəniyətində bunların heç biri olmamışdır. Səfəviliyin daha sonrakı dönəmlərində şiə şeyxləri tar-kaman, qaval kimi musiqi alətlərini də yasaqlayıb insan səsini mərsiyə janrı üçün yetərli bildir. Səfəviliyin modern şəkli olan Xumeynizm bu yasağı zirvəyə çatdırdı. Quzey Azərbaycan Rusiya istilasına keçdikdən sonra Səfəvi mühitindən qopuş səbəbi ilə millət öz milli-dini dəyərlərini ağlaşmasız dərketmə fürsətini buldu. Özəlliklə Üzeyir bəy muğamlarımızın Səfəvi mərsiyəsindən uzaqlaşdırılmasında çox etkili oldu. Əslində indiki muğam həm də çağdaşlaşmış və Səfəvi nəfəsindən uzaqlaşmış muğamlardır. Son zamanlar bəzi ifaçılar, o cümlədən Elnarə Abdullayeva kimi bəzi ifaçılar “Ya Həzrət Abbas” deyib dadlı-dadlı və zırın-zırın zırıldayıb sızıldayırlar. Alim Qasımovun da son zamanlar ifasına Səfəvi sızıltıları qatılmağa başlamış. Bunların muğamın anlatmaq istədiyi dərin hüznlə heç bir əlaqəsi yoxdur. Muğam insanlıq tarixindəki bütün uğurları və uğursuzluqları, özəlliklə dərin və anlamlı hüznü öz içinə alaraq çağdan-çağa daşımışdır. Heç bir ideologiyanın xidmətində olmamışdır. Çünkü insan öz ruhu ilə qarşılaşdığında orada heç bir ağıl məhsulu olan yalan və yanlışlara yer olmur. Bu üzdən də muğam bəşər ruhunun musiqi dili ilə danışmasıdır. Ordakı rənglər, sevinc və kədrlər ruha xasdır. Əzəli-əbədi duyğulardı. Bir tarixi faciənin üzərində durub qalmamışdır muğam. Hər faciənin ağrılarını öz içinə alsa da, öz yoluna davam etmişdir. İran-Səfəvi mühitində Muğam bəlli bir ideologiyanın hədəfinə təslim edilməyə çalışılmışdır. Füzuli “Yeddi Cam” adlı əsərində muğam fəlsəfəsini şeirlə anlatmışdır. Füzulinin anlatdığı kədər insanın mütləq soyundan, Tanrıdan ayrılışı üzündəndir və muğamdakı kədər bu soya qovuşmaq üçündür. Buna da şivənlər, sızlama ilə, sürülər şəklində ağlaşma ilə deyil, fərdi kədər və fərdi düşüncə, fərdi hüzünlə qovuşmaq mümkündür. Ney də bu soya qovuşmaq üçün nalə etməkdədir. “Nalədəndir ney kimi avazeyi eşqim bülənd---Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd” söyləyən Füzuli də. Bu əsərdə Füzuli yeddi musiqi alətini danışdırır və ən sonunda insan səsi üzərində durmaqdadır. Nədən Hz. Məhəmmədin əzanı bayatı-türk muğamı üstündə oxunmasının fəlsəfəsini anladır. Kilsələrdə çanlar çalınır. Digər məbədlərdə də buna bənzər səslər var. Ancaq İslamiyətdə insan səsi digər səslərdən üstün bilinmişdir. Nədən? Nədən əzan insan səsi ilə duyurulmuşdur? Füzuli “Yeddi cam” əsərində bunun üzərində durmuşdur. Səfəvi və onun varisləri dönəmində insan səsi istismar edilmiş, səsin estetik dərinliyi susdurularaq ağlaşmaya, mərsiyəyə təslim edilmişdir. Səfəvi musiqi anlayışı ilə Füzulinin musiqi fəlsəfəsinin heç bir bağlantısı yoxdur.

02. 05. 2012


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət