Ana səhifə

Maral Rəhmanzadə مارال رحمانزاده


Yüklə 269.06 Kb.
səhifə1/3
tarix13.06.2016
ölçüsü269.06 Kb.
  1   2   3
Güntay Gəncalp

 

 



Maral Rəhmanzadə

مارال رحمانزاده

Bakıdakı həyatım boyunca özəlliklə, sənət adamları ilə tanış olmaq, onların ruh dünyasındakı dəyərlərlə yaxından təmasda bulunmaq istəyirdim. Sənət heç bir ideoloji çərçivəyə sığmamalıdır. İdeolojinin dar sınırları içində özünü həbs edən sənət hər zaman öz bütünlüyündən yoxsun olmuşdur. Yəni, məsələn, sənətin yalnızca biçimi ortada olmuş və içərikdən əsər-əlamət qalmamışdır. Bir toplumun dərin qatlarında, düşüncə və duyğu həyatında baş verən olaylar və oluşumlar hər zaman ilk öncə sənət türlərində təzahür etmişdir. Hegelin təsbitini xatırlatmaq gərəkəcək burada: ”Ulusların ruhu sənət əsərlərində özünü seyrə dalmağa, öz varlığını göstərməyə başlar.” Sənət sözünün qarşılığını bizim dildə ”yaradıcılıq” olaraq qəbul etmək olar. Ərəb dilində olan bu sözün lüğət anlamı yaradıcılıq deməkdir. Yaradıcılıq mövcud biçimlərin çərçivəsində gerçəkləşmişdir adətən. Məsələn, İslam şərqində şeir əsrlər boyunca yayqın əruz və heca vəznində yazılmışdır. Həm içərik (məzmun), həm də biçim yaratmaq çətin işdir və tarixin dahilərinə xasdır. Məsələn, Şəhriyarın ”Səhəndiyə”si həm biçim, həm də məzmun olaraq yenidir, Şəhriyara özgüdür.

Sovet sistemi sənətçini ideolojinin məddahı olmağa zorlamışdır. Zorlama ortamında isə böyük sənət əsəri yarana bilməz. O üzdən də bütün sovetlər dönəmində bir tək Hüseyn Cavid yetişmədi. Çünkü sovet dönəminin sənət anlayışı millətləri heçliyə sürükləyirdi. Mayakovski, Yesenin və Fadayev kimi yazarlar bu heçliyin və boşluğun xidmətində olduqlarını sezdikləri zaman vicdanları onları intihara zorladı.

Ünləri böyük, sənətləri cılız olanları tanımaq zor iş deyildir. Bu üzdən ünsüzlərin arxasınca olmaq lazımdır hər zaman. Ünlü insanlar artıq böyük iş görə bilməzlər. Çünkü bütün enerjilərini ünlü olmaq üçün xərcləyib tükənirlər. Vahid bunu çox gözəl anlamışdı: ”Gizlin xəzinənin çoxu viranəlikdədir.”

Doğuşdan içlərində yaradıcılıq enerjisi daşıyan insanların qarşısına böyük əngəllər çıxar. Ancaq bu enerji öz axarını axtarıb tapar. Ünlü insanların həyatları bir-birinə bənzəmişdir əski sovetlərdə. Çünkü ünlü olmaq üçün iki yol olmamışdır, yalnız bircə yol olmuşdur.

Lev Tolstoy ”mutlu insanların həyatı bir-birinə bənzər. Bədbəxt insanların həyatı fərqli olur.”- deyir. Bu bədbəxt insanların ruhlarının dərinliklərində gizlənən sirlər hər zaman maraqlananların ilgisini çəkər. Düşünürəm ki, sənətin bir amacı bəlkə elə bədbəxtliyin nə olduğunu anlamaq, anlatmaqdır. Bədbəxtlik nədir? Mutluluqlar uzaqdan da görünür, ancaq bədbəxtlik insanın qəlbinə saplanıb qalar. Bir umud, bir bəkləyiş bu bədbəxtliyin çözüm açarı olur bəlkə. Sənət adamının bədbəxt olması isə qorxunc olur. Bədbəxtlik öz surətini sənətə yükləmək istəyir. Kafka nədən intihar etdi? Kimsə onun intiharının səbəbini bilməz oldu. Bilinənlər bilgiləri şəkk və güman. Çünkü insanı intihara qədər sürükləyən bədbəxtliklər bir çox hallarda dilə gətiriləsi və paylaşılası olmur. İntiharın sirri də ölənlə bir yerdə məzara gömülür. Bir söz var, deyərlər, həyat mübarizədir. Mübarizənin olduğu yerdə ziddiyətlər söz konusudur. Mübarizədə hər zaman irəliləyiş mümkün olmur. Bəzən fərar etmək lazım gəlir. Həyat mübarizə isə, o zaman intihar bu mübarizədəki məğlubiyətin nəticəsi olan fərardır. Həyatdan fərar etmək. Həyatdan, varlıqdan necə və hara fərar etmək olar? Boşluq, heçlik və ölüm fərar ediləcək yer kimi görünür. Ancaq gerçəkdən oraya fərar edənlər o məkanın güvənilir olduğuna inanırlarmı? Heçlik və yoxluq güvənilir bir məkanmı? Bəlkə də güvənilir bir məkan deyildir, sadəcə güvənilirlik baxımından tərcih edilən qaranlıq məkandır. Qaranlığa qaçış! Qaranlıqdan yardım bəkləyiş! Yəni bədbəxtlik insanın enerjisini tam olaraq bitirdiyi zaman heçlik bir seçənək olaraq seçilir. O zaman başqa bir soru ortaya çıxır: fərar üçün enerji lazımdır. İntihara cürət etmək də bir enerji və hətta bəlkə ani də olsa, bir cəsarət gərəkdirir. İntiharla gediləcək yer, o qaranlıq məkan bir aqibətdir. Oraya hər kəs gedəcək. Yaşayanların aqibəti orada son bulacaq. Ancaq bəzi insanlar daha tez getmək istəyirlər oraya. Necəliyi bilinməz olan oraya. Bəlkə də istəmirlər, içlərindəki bədbəxtlik oraya getməyə zorlayır, tələsdirir. Bəzən ictimai mühit insana intihar duyğularını təlqin edir. Insanın özgürlüyü qısıtlandığı zaman onun ruhu cəhənnəmə dönür və bu cəhənnəmdən qurtulmaq üçün yollar arayır. Özgürlük, hər an insanın maddi və mənəvi statusunu dəyişdirmə və gəlişdirmə haqqıdır.

 

***


 

Bakı yaşamım həyatımın mutlu dönəmini içərməz. Bəlkə ruhumu dəyişik metodlarla gücləndirib, bədbəxtliyin içimə dolmasını əngəlləyə bilirdim, lakin qorxunc bədbəxtlik duyğuları içimi və dışımı çevrələmişdi. Dözümüm böyük bir saldırı qarşısında dirənirdi. Orada yaşamağa davam etsə idim, bu dözüm də qırılacaq və bədbəxtlik ruhuma, qəlbimə yerləşəcəkdi. Umudsuzluqların, yazqısızlığın, bədbəxtliyin qarşısında dözmək amacı ilə bəzən təsəvvüfə, bəzən də bolluca araq içib bayqın yaşamağa meyllənirdim. Ancaq bunların heç birinin yetərli olmayacağını bilirdim. Bilirdim ki, öz-özümü aldadıram. Bunların saxta dirəniş aracları olduğunun fərqində idim. İnsan ağlının qarşısına əngəllər qoyulduğunda, duyğuları və yaşam olanaqları dondurulduğunda intihar duyğuları içəridə baş qaldırmağa başlayır. Eyni İranda olan intihar duyğuları yenə də baş qaldırmışdı. Bakı həyatımda bir saat belə, güvənlik hiss etmədim. Hər an nəsə bir fəlakət baş verəcəyi vahiməsi ilə qarşı-qarşıya idim. Çünkü eyni cəhalət, eyni qaranlıq, eyni mühit idi. 1000 ildən artıq din kültürü və 70 il də kommunizm dini öyləsinə bir tarixi-mənəvi mühit oluşdurmuş ki, orada azadlığa meydan yoxdur. Şərqin kültürü azadlıq fəlsəfəsinə qarşıdır. Ən ulu varlıq isə azadlıqdır. Törələrin, tarixlə qürur duymanın hakim olduğu bir məkanda azadlıq yoxdur, ola bilməz. Azadlıq, tarixdən yüksək və tarixin qurtarıcısıdir.

Ruhumun çevrəsini sarmış umudsuzluq ortamında AZ TV-də bir qadın səsi duydum. Nəsimidən şeir oxuyurdu. Ekranda bəzi rəsm əsərləri göstərilirkən, arxadan da ruhumun çox dərin qatlarına təsir edən bir səs şeir oxuyurdu. Mənim üçün səs çox önəmlidir. Bəzən bir insanın gözəl danışıq səsindən aldığım zövqü heç bir şeydən ala bilmirəm. Özəlliklə danışan adamın surətini görmədiyimdə diqqətim tamamı ilə səs üzərinə mərkəzləşir. Ona görə də ən çox sevdiyim musiqiləri radiodan dinləməyi tərcih edərdim. Televizionlarda klipləşən musiqini musiqi olaraq qəbul etmirəm. Musiqi qulağa xitab etməli. Gözlərə göstərilən musiqi öz səviyəsindən endirilmişdir. Çox kiçik və yoxsul odamda bədbəxlik yorğanını üstümə çəkmişdim. Bu şeir oxuyan qadının səsi içimi tərpətdi. Diqqətlə qulaq asdım onun şeir söyləməsinə. Nəsiminin lirik bir şeiri üzərinə rəsmlər çəkmiş və o şeiri də pıçıltılarla oxuyurdu. Sözlərin arasındakı ahlarının səsi çox qorxunc idi. Hər bir sözü tələffüz edərkən də boğazının səs telləri qorxunc bir kədər üstündə köklənmiş kimi hiss olunurdu. Ağlımda bir soru yarandı: bu qadın diktor deyilsə, bu qədər gözəl və kədərli şeir oxumaq sənəti onun ruhunun harasından qaynaqlanır? Bu qadın haqqında proqram davam edirdi. Kimliyini də söylədilər: rəssam Maral Rəhmanzadə. Daha sonra da surətini gördüm televizionda. Maral xanımın danışıq tərzi özü-özlüyündə bir sənət əsəri idi. Rəssamlıq sənəti haqqında danışarkən, səsindəki titrəşim içindəki bədbəxtliyi göstərirdi. Sözləri çox düzgün tələffüz edən, danışarkən mövzuya görə çox uyğun sözlər seçən Maral xanımın illərin kədəri altında parlayan gizlin gəncliyi və gözəlliyi boylanırdı.

Bu xanımla yaxından tanış olmaq istəyi oyandı içimdə. Öyrəndim ki, emalatxanası rəssamlar evindədir. Orada çalışır. O zaman dostluq bağı ilə bir-birimizə bağlandığımız bir qız arxadaşım var idi. Bir yerdə Maral Rəhmanzadəni görməyə getdik.

***

Yaşlı rəssam qadının iş yerini öyrənmişdik. Rəssamlar evində geniş bir odada çalışmalarını sürdürdüyü haqda bilgilənmişdik. Qız arxadaşım Gülayla birlikdə qapısını çaldıq. Bəm-bəyaz sifətli, alnı qırışıq Maral xanım qapını açıb və titrək səsi ilə: “Kimi axtarırısınız, kim lazımdır?”- deyə sordu. Biz isə “əgər izn versəniz, sizinlə bir az danışmaq istəyirik.”- dedik.



- “Jurnalistsinizmi?”

- “Xeyir, jurnalist deyilik. Sadəcə sizin yaradıcılığınızla maraqlandıq.”

- “Oldu, buyurun gəlin içəri. Ancaq bura mənim iş yerimdir. Ona görə çox qarışıqdır. Uyğun bir yer tapıb oturun.”

Maral xanımın çalışma odası çox qarışıq idi. Bəlkə yüzlərcə yarımçıq rəsm əsərləri bir-birinin üstünə atılıb qalmışdı. Hər tərəf rəng idi. Divarlardan türlü-türlü rəsm əsərləri asılmışdı. Adam bilmirdi bu tablovların hansına baxsın. Maral xanımın əynində isə iş paltarı var idi. Bəyaz saçlarına da bəzi rənglər toxunmuşdu. Televizionda görüdüyümdən bir az fərqli idi Maral xanım. Sifətindəki yarımçıq gülüşlərin arxasında sanki vahimə var idi. Köhnə oturacaqların üstündə oturmuşduq. Özü də gəlib bizimlə qarşı-qarşıya oturdu. Qırışmış əllərini qoynuna qoyub “Hə, belə, xoş gəlmisiz. İki gənc adamın mənim yaradıcılığımla maraqlanması çox sevindiricidir. İstisna hallarda belə hadisəyə rastlanıram. Yəni gənc adamların ciddi sənət əsərləri və sənətkarlarla maraqlanması ilə. Mənimlə ilgili sizi maraqlandıran nədir?”- dedi.

“Sizi bir TV proqramında gördük. Rəsm əsərlərinizlə, özünüzlə yaxından tanış olmaq istədik. Nəsiminin şeirlərinə də rəsm əsərləri çəkmişsiniz.”- dedim.

“Doğru, Nəsiminin, Füzulinin, Nizaminin, Hafizin, Əttarın, Mevlananın bəzi şeirlərini anladığım qədər rəsm etməyə çalışmışam. İnsan yaşlandıqca tarixin böyükləri ilə bir şəkildə hissi təmass qurmaq istəyir. Onlar çox böyük insanlar olmuşlar. Həyatda belə ululardan öyrəndikcə həyatın böyük çətinlikləri qarşısında dözümü təcrübə etmək olur. Dostayevski deyir ki, dərd insanı tərbiyə edir. Məncə haqlıdır. İnanıram ki, Füzulinin, Mövalanın və digər bu kimi böyüklərin özəl həyatlarında ciddi problemləri, çətinlikləri olmuşdur. Bəlkə bizlər onların əsərlərini oxuduqlarımızda çətinliyi konkret olaraq görmürük. Zatən çətinliklər və müsibətlər konkretləşdiyində sənət əsərində ona yer olmaz. Ancaq bu müsibətlərin insan ruhunu acılara qərq etməsi sənətə yansıya bilər. Rəssamlıq, yalnızca gözəlliklərə surət vermək deyil. Rəssamlıq haqqında konkret bir tərif vermək olmaz, ancaq onu bir tür səsiz şeir olaraq adlandırmaq mümkündür. Siz mənim bu tərifimi qəbul etməyə də bilərsiniz. Çünkü sənət tərif məsləsi deyil, sənət əsəri idrak edilməkdən daha çox duyular, hiss edilər. Duyğulara xitab edər. İnsan idrakının isə bu duyğulardan nələri anlayacağı başqaca bir mövzudur. Şeirdən xoşlanmayan, şeir zövqü olmayan biri böyük ehtimala görə, rəsm əsərindən də dərin bir şeylər anlayamaz. Artıq mənim yaşım keçmiş, əsərlərimin çox az adamlar tərəfindən anlaşılacağına alışmışam....”- dedi

Bu zaman mən sözünün arasına girib və “Sənət adamı yaşlanmaz məncə. Siz ki, bu qədər bilgi və həvəslə yaradıcılıqla uğraşırsınız, deməli hələ gənclik hərarətindən ayrılmış deyilsiniz. Gənclik bir ruh işidir. Ruh işi olmasaydı, ən böyük və qalarğı əsərlər insanın olqun yaşlarında yaranmazdı. İnsanın bədən hərəkətlərini yönləndirən onun ruhundakı dinamiklərdir. Bu üzdən Sizin ruhunuz çox gəncdir. Bu gənclik eşqi isə yaradıcılığınıza yansımışdır.”- dedim.

Maral xanım köksünü ötürüb dərin bir ah çəkərək “Gənclik, gənclik” deyə öz-özünə pıçıldadı sanki.

- “Maral xanım, deyirsiniz ki, son zamanlar daha çox klassik ədəbiyatçıların əsərləri üzərinə rəsm əsərləri çəkirsiniz?”- dedim.

- “Mən hansısa bir əsəri ona rəsm əsəri çəkmək üçün oxumuram. Rəsm çəkmə düşüncəsi daha sonra yaranır ağlımda. Düşünmək və zövq almaq üçün oxuyuram. Daha sonra məslən Füzulidən, Nəsimidən bir şeir parçası ruhumu elə oyandırır ki, bu misraların içimdə oyatdığı dünyaya surət vermək istəyirəm. Bu üzdən də mənim rəsm əsrlərim hansısa bir şeir əsərinin birbaşa rəsmləşməsi deyil. İç dünyamdakı dəyişikliklər, oluşmalar da rəsm əsərlərimə yansıyır.”- dedi.

- “Çox maraqlıdır. Mən də belə hesab edirəm ki, Füzulinin, Yunis Emərinin, Hafizin, Əttarın, Mevlananın əsərləri insanın iç dünyasını genişlədir, dərinləşdirir. Sənət adamının iç dünyası geniş deyilsə, yaradıcılığı təqliddən başqa bir şey olmaz. Ancaq iç dünyanı genişlətmənin bir yöntəmləri vardır hər halda. Məslən irfanda iç dünyanın genişləməsi ilə bağlı bolluca təcrübələr var. Adlarını çəkdiyim irfan əhlinin və eləcə də Nəsiminin yaradıcılğının ikinci mərhələsəində bu haqda geniş təcrübə var.”- dedim

- “Nəsiminin yaradıcılığı iki mərhələlidirmi?”

- “Bəli Maral xanım. Mənim görüşümə görə Nəsiminin yaradıcılğı iki mərhələdən ibarətdir. Yaradıcılığının birinci mərhələsində dünyaya, həyata, varlığa ideoloji yanaşmışdır. Bu növ şeirlərində elə bir dərinlik yoxdur. Çünkü bəlli bir dünya görüşünü, yəni hürufizmi təbliğ edən nəzmdir. Özəlliklə, bu birinci mərhələdə rəqəmlər və hərflərlə bəzi sirli mövzulara işarə etməsi şeirdən daha çox bilməcəyə bənzəyir. Nəsimi bu zamanlar çox gəncdir və Fəzlullah Nəiminin etkisi altındadır. Nəimi fars dilini müqəddəsləşdirmişdi. 28 hərfdən ibarət olan Quran əlifbasının artıq ifadə yetərliliyinin olmaması qənaətində idi. Hürufilər Nəiminin peyqəmbər olduğuna inanırdılar. Ona görə də Nəiminin bu düşüncəsinə qatılır və inanırdılar ki, Tanrı özünü peyqəmbərlər vasitəsi ilə göstərmişdir. Zaman keçdikcə və insanın təcrübəsi, bilgisi artdıqca peyqəmbərlərə verilən hərflərin də sayı artmışdır. Bu üzdən də Tanrı Adəm peyqəmbərə 9, İbrahim peyqəmbərə 14, Musa peyqəmbərə 22, İsa peyqəmbərə 24, Məhəmməd peyqəmbərə 28 və Fəzl peyqəmbərə də 32 hərf vermişdir. Yəni hər bir peyqəmbərə verilən sirlər bəlli miqdar hərflərlər bəyan edilə bilmişdir və Fəzlin sirləri isə Məhəmməd peyqəmbərin sirlərindən daha geniş və böyük olduğu üçün 28 hərflə deyil, 32 hərflə bəyan edilə bilmişdir. Əslində Hürufilikdə mövcud olan bu bilgilərin tarixi qaynağı bəlli deyil. Yəni tarix elmi üçün bəlli deyil ki, gerçəkdən Adəm peyqəmbər 9 hərflə bilgilərini demişdir ya yox. Çünkü Adəm peyqəmbərin nə zaman yaşadığı bəlli deyil. Ümumiyətlə Adəm peyqəmbərin olub olmadığı da bəlli deyil. Yəni Adəm peyqəmbər gerçəkdən tarixi bir şəxs olmuşdur, yoxsa əfsanələrin var etdiyidir. Bunlar açığa çıxmamışdır. İnananlar üçün tarixi şəxsdir, inanmayanlar üçün isə xəyalın uydurduğudur.”- dedim.

- “Maraqlıdır, bunlar bizim üçün yeni bilgilər. Yaxşı bəs Nəsimi yaradıcılğının ikinci mərhələsi nələrlə fərqlənir?”

- “Nəsimi, həyatının və yaradıcılığının ikinci mərhələsində artıq bağımsız bir insandır və Nəiminin fikir əsarətində deyildir. Nəimini Tanrı və peyqəmbər olaraq görmür. Yaradıcılğında yalnız hürufiliyi təbliğ etmir, bütün insanlığa xitab edir. Daha öncə doğrunun yalnız Hürufiliyin inhisarında olduğuna inanırdısa, daha sonra bu şəkildə düşünmür. Doğrunun və həqiqətin təriqətlərin içində deyil, insanın içində olduğu düşüncəsinə varmış kimi görünür. İnsanın hansı məzhəbə və inanışa mənsub olmasına baxmayaraq onun məqamı uludur. İnsan müsəlman, xristian, buddist və ya başqa dinlərə və inanışlara mənsub olduğu üçün dəyərli deyildir. Inanclara mənsubiyət duyğusu bucağından olaya baxılsa, insanlıq heç bir zaman barış üzü görməyəcəkdir. Hər inanc digərini batil hesab edib, savaş açacaqdır. Bu üzdən də inanışların yerinə insanın özü yerləşməli. İnsanın mutluluğu, barış içində yaşaması, bir sözlə insan haqları inanc mənsubiyətindən asılı olmayaraq qorunmalıdır. Nəsiminin yaradıcılığının ikinci evrəsində bu fəlsəfə ilə rastlanmaqdayıq. Nəsimi deyəndəki “Şii mənəm, sünni mənəm, kafir mənəm, asi mənəm, mən külli insan olmuşam” bu, Hürufizmin fəlsəfəsi ilə ziddir. Hürufilik yalnız Nəiminin təlimlərinə uyanları haqlı sayar. Nəsiminin bu mərhələdə yazdığı şeirlər gerçəkdən çox önəmlidir. Təsəvvür ediniz ki, Siz çox önəmli bir rəsm əsəri çəkirsiniz və bitirdikdən sonra ağlınızda belə bir istək yaranır ki, bu rəsm əsərindən, yalnız müsəlmanlar zövq almalıdır. Belə bir şey olurmu? Hər bir insan bu rəsm əsərindən bir şeylər anlaya bilər. Nədən? Çünkü rəsm əsəri bir inanışa, bir təriqətə xitab etməz. İnsana xitab edər. İnsan bütün təriqətlərin, məzhəblərin əsarətindən qurtulmalıdır. Bu şəkildə söyləyə bilərəm ki, Nəsiminin ilk yaradıcılığı azadlıq adı altında əsarəti öymüşdür, azadlığı deyil. Çünkü məsələn özünü peyqəmbər kimi təqdim etmiş Nəimi kimi bir fərdin üstün özəlliklərini öymək və insanları ona tapınmağa səsləmək, bir şəkildə əsarətin təbliğindən başqa bir şey deyildir. Nəsimi kimi şəxsiyətlər gəncliklərində bu şəkildə düşünə bilərlər, ancaq onların doğruluğu və özgürlüyü axtarma duyğuları sonunda qalib gəlir. Bu üzdən də Nəsimi yaradıcılığının ilk dönəmi əsarəti öyürsa, buna onun ağlının, genişləməkdə olan ruhunun təkamül evrələri kimi baxmaq lazımdır.”

- “O zaman Nəsiminin lirizmini də iki mərhələyə ayırmaq olarmı?”

- “Məncə yox. Çünkü lirika hansı dönəmdə deyilirsə deyilsin, heç bir ideoloji və məzhəb sınırlarına sığmaz. Yəni birisi sığdırmaq istəsə belə, yenə sığmaz. Örnəyin bir şair lirik bir şeir yazarkən, ağlında Tanrını canlandırıb, ona qovuşmağı öysə də, onun ağlındakının adı çəkilməməli, məchul olaraq qalmalıdır. Hətta Tanrının adı çəkilən bir lirik şeirdə belə, lirika öz cığırından çıxır. Çünkü Tanrının inhisarına keçir. Lirikada olan özgürlük sonsuz və sirlidir. Diqqət edin lütfən: Sonsuz və sirli. Yəni sonsuzluğu sirli şəkildə bəyan edər. Məslən tanrı da sonsuzdur. Ancaq bir lirik əsərdə “Tanrı” sözü keçirsə, artıq onun sirliliyi ortadan qalxır. Örnəyin sevgilinin, evladın, ananın, atanın həsrətində elə bir lirik əsər yaratmaq olar ki, əsərin kimə həsr olduğunu yalnız oxucu kəndi iç ehtiyaclarına görə müəyyən edər. Yəni lirik bir əsərin dərk edilməsini yazar müəyyənləşdirməməlidir. Onun dərk edilişi oxucu tərəfiondən müəyyənləşməli və hər oxucu öz hissi, ruhi ehtiyacına görə ona anlam yükləməlidir. Bu şəkildə olduğunda lirik bir əsər tarix boyu öz canlılığını qoruyur və hər nəsl, hər fərd öz hissiyatını ona yükləyir. Yəni lirik bir əsər sanki anbaan oxucu tərəfindən yenidən yaranır.”

- “Çox maraqlıdır. Bu bucaqdan baxıldığında Füzulini necə yozmaq olar?”

- “Məncə Lirizmin atalarından biri də Füzulidir. Füzulinin qəzəlləri və “Leyli-Məcnun” əsərinin əbədiyən canlı oluşunun səbəbi bu əsərllərin ruhundakı lirizmdir. Füzulinin bir qəzəlini min adam oxusa, hər oxucu kəndi ruh halına görə ondan bir şeylər anlayıb, zövq alar. Ortaq anlama da ola bilər. Füzulinin şeirləri insanı bir durumdan başqa duruma da yüksəldə bilir. Oradakı lirizm varılması gərəkən bir ruh halıdır. Varmaq da çətin deyildir. Çünkü bir tərəfdən oxucunun içində hərəkətə keçən oluşdurucu enerji etkinləşir, digər tərəfdən də şerin özündəki çağrışımlar yardımçı olur. Yəni yeni ruh halının oluşması üçün yazar və oxucu gözə görünməz bir şəkildə yardımlaşırlar. Örnəyin Leylini həm bir qadın, həm də bir düşüncə, varılması gərəkən bir ruh halı kimi də təsəvvür etmək olar. Təsəvvür edəlim ki, Leyli orada vicdanlı bir insanın kəşf etməsi gərəkən bir düşüncədir, bir həqiqətdir. İnsan həqiqət uğruna da çətin yollar keçmək zorunda qalır. Məcnunu da bu həqiqətə, bu duyğusal düşüncəyə və düşüncəli duyğuya varmaq istəyən bir yolçu olaraq qəbul edəlim. Bu şəkildə baxdığımızda görürük ki, bütün çağlarda, zamanlarda məcnunlar və leylilər vardır. Bəzi zamanlar bu məcnunların başlarını dar ağacında görürük. Bəzi zamanlar zindanlarda və işkəncələr altında. Nədən? Çünkü doğruluğun və həqiqətin rəmzi olan leylilik daima var olmuşdur və və leyliliklə özdeşləşmək, eyniləşmək istəyən məcnunluq da var olmuşdur. Əgər bir zaman məcnunluq və leylilik cəmiyəti tərk etsə artıq həyatın anlamı qalmaz. Məsələn maral xanım, məcnunluq halı sizdə rəssamlıq olaraq özünü göstərməkdədir. Siz rəsm çəkmədən yaşaya bilməzsiniz. Xəyallarınızda da daima anlaşılmazlıq gəzdirirsiniz və onlara rəsm əsərində surət verməyə çalışırsınız. Yəni məcnun daima Leylini öz duyğularında daşıdığı kimi.”

Maral xanım diqqətini toparladığında alnının qırışları daha da artırdı. Mənim sözüm bitdiyində başını təsdiq anlamında tərpədib dedi:

- “Çox haqlısınız. Hər bir yaradıcılıq, əslində surətsizliyə surət verməkdir. Insanın xəyallarında yer alan yaradıcılıq nəsnələri surətsizdir. Xəyaldakı bu bəlirsizliklər, düşüncənin, duyğuların və diqqətin mərkəzləşməsi ilə surətləşməyə başlayır. Mənim bir çox rəsm əsərlərim təbiətin gözəlliyini zahirən əks etdirir. Yəni hansısa bir təbii gözəllikdən təsirlənmişəm və onu rəsm etmək istəmişəm. Lakin rəssamın ağlı, duyğuları və düşləri fotoqraf makinası deyildir. Yəni onu olduğu kimi yansıtmaz. Gerçəkliyin insan ruhu ilə qaynaşıb yansımasıdır bu. Əslində bir rəsm əsərindəki təbii gözəlliyin bəlirtiləri doğada var, böyük bir bölümü doğada yoxdur, rəssamın ruhundadır. Rəssam öz içindəki gizlinlikləri üzə çıxarır. Ancaq doğa və toplumsal ilişkilər bu gizlinliklərin üzə çıxmasında etkiləyici olurlar. Sənət adamı başqa insanlarla müqayisə də daha çox öz içinə dalğındır. Sənətlə cəmiyət arasındakı anlaşılmazlıq böyük ehtimala görə buradan qaynaqlanır. Sənət adamının cəmiyət tərəfindən anlaşılmasını bəkləmək doğru deyildir. Sənət adamının surət verməyə çalışdığı surətsizliyi dərk edəcək insanların çoxu hələ dünyaya gəlməmişlər. Bu üzdəndir ki, gerçək bir sənət əsəri hər devrin geniş batinli insanları tərəfindən anlaşılır. Sənət və toplum arasındakı çelişki də buradan qaynaqlanır sanıram.”

- “Haqlısınız. Sənət cəmiyətin gündəlik duyğularına xitab etsə dərinləşə bilməz. Ancaq güncəllikdən də bütünü ilə təcrid edilə bilməz.”

Sanki Maral xanım danışmaqda çətinlik çəkirdi. Mən onu anlayırdım. Sənət adamları özəlliklə rəssamlar danışmaqdan daha çox rəsm əsərlərində yansıtarlar demək istədiklərini. Bu üzdən də artıq mən də söhbəti kəsmək və Maral xanımın rəsm əsərlərinə baxmaq istəyirdim. Bu arada Gülay araya girib və “Maral xanım izn versəniz rəsm əsərlərinizə baxardıq.”- dedi.

Maral xanım oturduğu yerdən qalxarkən “Sizin kimi gənc sənətsevərələrə əsərlərimi göstərməkdən sevinərəm. Ayrıca, bu günə qədər kimsəyə göstərmədiyim, heç bir sərgidə sərgiləmədiyim, hətta yarımçıq əsərlərimi də göstərəcəyəm.”- dedi. Sonra da böyük bir qara pərdəni bir yana çəkib orada üst-üstə qalanmış əsərlərini bir-bir çıxarıb bizə göstərirdi. Bəzi əsərlərini də şərh edirdi. Maral xanımın əsərlərinə baxarkən diqqətimi bir çox tablovsunda bir şey cəlb etdi. Uzaq üfüqlərdə adam başına bənzər kədərli bir əlçim bulud var idi. Onillər öncə çəkib kimsəyə göstərmədiyi əsərlərini də bizə göstərirdi. Bir neçə tablovsunu anlatdı: “Bu qətliam 21 Azəri yansıdır. Bunu Mədinə Gülgünə həsr etmişdim. Tam bitirmək üzrə ikən Mədinə Gülgün rəhmətə getdi və bu əsər də yarımçıq qald.”

Əsərdə Təbrizin küçələri qana batmış, Ərk qalası qan dənizinə qərq olmuşdu. Bu əsərdə də çox uzaq üfüqlərdə adam başına bənzər bir əlçim bulud var idi. Digər əsərlərini də bizə bir-bir göstərirdi. Bu əsərlər Maral xanımın yaşantıları və bəlkə də artıq unudulmuş xəyallarını, anılarını yansıdırdı. Bəzi əsərlərinə baxarkən, dərindən köks ötürüb uzun-uzun diqqətlə öz rəsm əsərinə baxırdı. Sanki öz əsərinə deyil, bir başqasının əsərinə baxır və nəyisə bu rəsm əsərində kəşf etmək istəyirdi. Bir əsərinə diqqətlə baxarkən “İnsan öz yaradıcılığı ilə də bəzən məsafə alır. Bu əsərlərimə uzun zaman idi baxmırdım. Bəzi unutduğum xatirələrimi yada saldı.”- dedi. Maral xanım titrək səsi ilə danışarkən, gözləri də dolurdu. Bəzən səsindəki titrəşimlər əllərinə də yansıyırdı. Qırışmış əlləri də titrəyirdi. Bu an Gülay “Bağışlayın Maral xanım, sanki sizi rahatsız etdik.”- dedi.

- “Yox, rahatsız etmədiniz. Yaxşı oldu gəldiniz. Sanki içimdən gizlin bir istək sizin kimi birilərinin gəlməsini istəyirdi. Çünkü təkbaşıma öz keçmişimə yolçuluğa çıxa bilmirdim. Siz səbəb oldunuz ki, keçmişimi varaqlayım. Sağ olun ki, gəldiniz. Bəzən insanın öz keçmişinə səfərə çıxması lazım gəlir.”

Onillər boyunca çəkdiyi rəsm əsərlərini bir-bir bizə göstərir və hər birinə özü də baxdıqca fərqli ruh hallarına dalırdı. Bütün əsərlərini göstrdikdən sonra təkrar geri dönüb yerimizdə oturduq. Maral xanımın üzünə ağır bir yorğunluq qonmuşdu sanki. Öz keçmişinə səfər etməsi onu yormuşdu. Kim bilir ki, nələri xatırlamışdır bu səfərdə. Odaya səssizlik qonmuşdu. Diqqətlə Maral xanımın yaşlanmış üzünə baxıb və uyğun bir fürsətdə bəzi sorular sormaq istəyirdim. Maral xanım “Sizə bir çay da hazırlamadım.”- dedi.

- “Çox sağ olun Maral xanım. Sizin yaradıcılıq dünyanızla tanış olmaq həyatımızda unudulmayacaq hadisədir. Ancaq bir soru sormaq istəyirəm.”- dedim.

- “Buyur sor.”

- “Sizin əsərlərinizin çoxunda uzaq üfüqlərdə kədərli və dalğın bir adam başına bənzər bir əlçim bulud gördüm. Özəlliklə Azərbaycanın ağır günləri ilə bağlı və təbiət gözəlliklərini yansıdan əsərlərdə. Bunun sirrini açarsınızmı?”

- “Afərin, demək o adamı orada görə bilmişsən. Bilmirəm necə anlada bilərəm. Uzun və kədərli bir hekayədir. Adətən də kimsəyə anlatmaram. Öz içimdə əski və unudulmayan sirrim olaraq daşıyaram.”

- “Siz anlatmaq istəsəniz, böyük məmnuniyətlə dinlərik.”

Maral xanım əllərini yavaş-yavaş ovuşduraraq, köksünü ötürüb və anlatmağa başladı:

- “1941-ci il idi. O zaman çox gənc və gözəl idim. Bir çox oğlanlar mənimlə dost olmaq və elçi göndərmək istərdilər. Ancaq mənim qəlbimi bir gənc oğlan çalmışdı. Bir-birimizi sevirdik. Dünyanın ən mutlu və xoşbəxt insanı sanırdıq özümüzü. Bilmirdik ki, bu xoşbəxtliyimizin ömrü çox qısa olacaq. Onun ata-anası elçiliyə gəldilər. Toyun zamanı da bəlli oldu.” Barmağı ilə divardakı bir rəsm əsərini göstərdi: “Bu rəsm əsəri bizim toyumuzda çəkilmişdi. Daha sonra fotonu rəsm əsrinə dönüşdürdüm.”

Rəsm əsərində Maral xanımın gəncliyi bütün gözəlliyi və təravəti ilə görünürdü. Yanında isə qoluna girdiyi yaraşıqlı sevgilisi və ailə üzvləri. Maral xanım davam etdi:

- “Toyumuz oldu. Sevinirdik evlənmişik. Ancaq bir həftə sonra savaşa çağırış gəldi. Getdi. Müharibəyə getdi və dönmədi. O zamandan bu günə qədər gəlişini gözlədim. Gəlmədi. Mən yaşlandıqca onun da mənim kimi yaşlandığını düşündüm. Hər halda o, torpağın altındadır yəqin ki. Torpağın altında olduğuna inanmaq istəmədim. Bu üzdən də bütün əsərlərimdə uzaq üfüqlərdən mənə baxır. Artıq onun gəlişini gözləmirəm. Çünkü çox yaşlanmışam və özüm onun yanına gedəcəyəm.”

Maral xanımın gözləri dolmuşdu. Yavaş-yavaş yanaqlarından göz yaşları axırdı. Biz də kədərlənmişdik. Gülay da ağlayırdı. İndi anlayırdım ki, nədən Maral xanım əsərələrini bizə göstərərkən ruh halları tez-tez dəyişirdi. Mən özümü toparlayıb belə bir sual sordum:

- “Maral xanım o vaxtdan bu günə qədər evlənmədinizmi başqası ilə?”

- “Yox. Evlənməyi heç ağlıma gətirmədim. Çünkü onun gələcəyinə olan inancımı itirmədim. Atam-anam çox dedilər ki, evlən, yoxsa gələcəkdə biz də ölüb gedəcəyik tək qalarsan. Dedilər evlən ki, evladın olsun. Yaşlandığında yalnız qalmayasan. Atam-anam da rəhmətə getdikdən sonra artıq mənim evlənməməyim kimsəni narahat etmirdi. Öz yalnızlığıma alışdım. Yalnızlığımı başardığım qədəriylə çəkdiyim rəsm əsərləri ilə paylaşdım. Bu üzdən də bu əsərlərə mənim acılarım, həsrətim yüklənmişdir. Düşünürəm ki, mən öldükdən sonra bu əsərlər necə olacaq. Kimsə bilməyəcək ki, bir qadının illər boyu çəkdiyi acılar bu əsərlərə yüklənmişdir. Bəlkə də ortalıqlarda itib-batacaq rəsm əsərlərim. Bunları düşündüyümdə içimi qorxu bürüyür.”

Heç bir şey söyləyə bilmirdim. Maral xanımın üzünü ümidsizlik sarmağa başlamış və bəyaz bir dəsmalla göz yaşlarını silirdi. Sonra da yerindən qalxıb bir az öncə bizə göstərdiyi rəsm əsərlərinin yanına, qara pərdənin arxasına keçdi. Əlində taxtadan düzəldilmiş balaca bir qutucuqla gəldi. “Bu taxta qutunu öz əlimlə düzəltmişəm. Onunla olan xatirələrimin bir qismini bu qutunun içində saxlayıram.”- dedi və qutucuqdan bir bəyaz dəsmal çıxarıb bizə göstərərək davam etdi: “Savaşa getdiyində bu dəsmalı mənə verdi. 55 ildir bu dəstmalı saxlamışam. Onun qoxusu bu dəsmaldan getmir. Sanki dünən idi. Nə qədər tez gelib keçdi bu 55 il?!”

Sanki bizimlə deyil, öz-özü ilə danışırdı. Çox üzgün durumda idiq. Belə bir olayla rastlanacağımı ağlıma gətirməmişdim. Ancaq ilk dəfə olaraq səsini televizionda eşitdiyimdə bu xanımın ruhunun dərinliyində dərin bir kədər sezmişdim. Bəlkə də nə olduğunu bilmədiyim o kədər məni bu xanımla tanış olmağa sövq etmişdi. Yalnız bir həftə yaşadığı ərinin varlığını və xatirələrini, çəkdiyi rəsm əsərlərinə yükləmişdir. Özü yaşlandıqca əsərlərində bir əlçim bulud olaraq görünən adamın da görünüşü dəyişirdi. İllər ötdü. Yazqım məni fərqli yerlərə sürüklədi. İndi Maral Rəhmanzadə də torpağın altındadır. Məni narahat edən bir şey var: Onun rəsm əsərləri necə oldu?

28.09.2008

 

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət