Ana səhifə

Mahatma Qandi Tərcümə: Güntay Gəncalp Qadınlar


Yüklə 35.87 Kb.
tarix13.06.2016
ölçüsü35.87 Kb.
Mahatma Qandi

Tərcümə: Güntay Gəncalp


Qadınlar

  • Mən kəsinliklə inanıram ki, Hindistanın özgürlüyü və qurtuluşu qadınlarının fədakarlığından asılıdır.

  • “Ahimsa” sonsuz məhəbbət deməkdir. Bu da əzablara qatlaşmaq üçün sonsuz güc və dözüm deməkdir. Ancaq kişinin də anası olan qadının dışında kim bu qədər əzablara dözə bilər? Qadın öz balasını qarnında doqquz ay daşıyıb onu öz vücudundan bəsinləməsindən (qidalandırmasından) dolayı mutludur. Doğum ağrıları ilə hansı ağrıları qiyaslamaq olar? Ancaq qadın yaradıclıqdan aldığı ləzzətdən dolayı bütün bu ağrıları unudur. Evladının böyüməsi üçün bütün ağrılara köksünü açan, ancaq anadır. Qadın bütün bu məhəbbətini bəşər toplumuna keçirməyi başararsa, qadın, kişi üçün, yalnızca şəhvət qaynağı olduğunu unudarsa, bu durumda qadın kişinin anası və yaradıcı səssiz öndər kimi toplumsal yaşamda da ləyaqətli məqama sahib olacaqdır. Barış ilahəsinə möhtac olan, savaşa bələşmiş bu dünyaya barış sənətini dərs vermək qadının görəvidir.

  • Mənim inancıma görə qadın-kişi eşit olduqlarından dolayı, onların sorunları da eşitlik anlayışı içində bir yerdə ələ alınmalıdır. Qadin və kişidə eyni ruh var. Hər ikisi də eyni tür yaşamaq, eyni tür hiss etməkdədir. Biri digərinin tamamlayıcısıdır. Heç biri digərinin yardımı olmadan yaşayamaz. Ancaq nə olmuşsa, çox əski zamanlardan kişinin qadına üstünlüyü düşüncəsi ortaya çıxmış. Bu da zamanla qadında aşağılıq kompleksinin ortaya çıxmasına nədən olmuş. Kişi öz yararına qadına anlatmış ki, qadın daha aşağı yaradılışdır. Qadın da bunu qəbul etmiş. Ancaq aydın dünyagörüşünə sahib olan kişilər hər zaman qadınlara eşit haq tanımışlar. Qadınla kişi arasında bəzi fərqlərin olduğunu kimsə dana bilməz. Qadın-kişi eşit olsalar da, biçim olaraq aralarında fərqlər var. Bu üzdən onların işləri də fərqlidir. Qadınların analıq görəvinə kişilərin ehtiyacı yoxdur. Qadın alıcı və kişi vericidir. Qadın genəldə evin sultanıdır. Kişi evin ehtiyaclarını qazanan və qadın bu qazancları qoruyub ailə üzvləri arasında eşit dağılımını sağlayandır. Sözün gerçək anlamında yaşamın qoruyucusu qadındır. Çocuqları eyitmə istedadı qadınlara özgü bir yetənəkdir. Qadının diqqəti olmazsa, bəşər irqi tarixdən silinər. Məncə qadının əlinə silah alıb haqlarını savunması həm kişi, həm də qadın üçün aşağılayıcı bir durumdur. Bu durum vəhşilik dönəminə yenidən dönüş anlamında alqılanmalıdır. Kişilərə xas olan atlara minib savaşa yönəlmək qadın üçün yaraşmayan bir görüntüdür. Kişi qadınını silahlı savaşa zorlayırsa, günahları öz boynuna almış olur. Evə baxmaq və evi düzənli olaraq qorumaq düşmənlə savaşmaq qədər cəsarət və ərginlik istər.

  • Qadın dünyaya gəlsəydim, qadınları oyuncaq olaraq təsəvvür edən kişilərə və toplumsal duruma qarşı üsyan edərdim. Qadın qəlbinin dərinliklərinə yol tapmaq üçün mən fikri və zehni baxımdan özümü qadın yapdım. Qadınımla olan ilişkilərimi dəyişdirmədən öncə, onun qəlbinə yol tapa bilməzdim. Bu üzdən də qadınımın bütün haqlarını anlaya bilməsi üçün bütün ərlik haqlarımdan imtina etdim.

  • Kişilərin öz yanlış davranışlarını və kötü işlərini qadınlıq özəlliyi olaraq görməkdən daha çirkin bir şey ola bilməz. Mən qarşı cinsi zəif cins deyil, dişi cins adlandırıram. Əslində dişi cins erkək cinsdən daha nəcib və şərifdir. Çünkü dişi cins səssizcə, əzab çəkmənin, alçaqkönüllülüyün, inancın və bilginin rəmzidir.

  • Qadın özünü kişilərin şəhvət aracı kimi görünməsinin qarşısını almalıdır. Bunun çarəsi kişidən daha çox qadının öz əlindədir.

  • İffət hər yerdə qolayca bulunan bir şey deyildir. İffət, onun çevrəsinə divar hörərək də qorunmaz. İffət qadının içində olmalı və gəlişməlidir. İffətin dəyər qazanması üçün qadın bütün təhriklər qarşısında əxlaqi üstünlük sərgiləməlidir.

  • Qadınların iffəti qonusunda bu qədər dəlicə iztirablar nədəndir, əcəba? Qadınlar kişilərin iffətini sorqularlar mı? Qadınların kişilərin iffətini sorqulamaları haqda bir şey duymadıq. O zaman nədən kişilər qadınların iffətlərini sorqulamaq üçün özlərinə böylə haq tanımaqdadırlar. İffət dışarıdan içəriyə zorla girdirilən bir şey deyildir. Bu qonu qadının iç düşüncə dəyişimləri ilə ilişkidə olan bir olqudur. Bu üzdən də qadının şəxsi çabaları ilə əlaqəlidir.

  • Qadının fədakarlıq örnəyi olduğu inancındayam. Ancaq nə yazıq ki, qadın necə bir üstünlüyə sahib olduğunun bilincində deyil. Qadın kişi ilə qiyasda nə kimi üstünlüklərinin olduğunu bilməməkdədir. Tolstoyun dediyi kimi, “qadınlar kişilər tərəfindən tilsimlənmişlər və bu tilsimli ortamda qadınlar çox əzab çəkməkdədirlər.” Qadınlar qeyri—aqressivlik yöntəminin sonsuz gücündən xəbərdar olsaydılar, zəif cins adlandırılmalarına izn verməzdilər.

  • Qadının zəif cins adlandırılması açıq təhqirdi. Bu, kişilərin qadınlara yanaşmasında ən böyük ədalətsizlik və zülmdür. Güc söylənildiyində aqressiv və heyvani qüvvət göz önündə bulundurulursa, bu açıdan gerçəkdən də qadın kişidən zəifdir. Ancaq güc deyildiyində əxlaqi üstünlüklər göz önündə bulundurulursa, qadının kişidən daha güclü olduğu görüləcəkdir. Gerçəkdən də qadının ruhi ilhamları kişidən daha üstün deyilmi? Qadının dirəniş gücü daha yüksək deyilmi? Qadınsız kişi həyatı ola bilməzdi. Qeyri—aqressivlik yasası bizim yazqımız olursa, gələcək qadınların əlində olacaq. Qadın qədər insanın qəlbini etkiləyən başqa nə ola bilər ki?

  • Təmiz və məzhəbi həyat tərzində doğru dəyərlərin gerçək savunucusu qadındır. Qadınlar doğaları etibarı ilə mühafizəkardırlar. Qadınlar öz xürafi inanclarından qolayca vaz keçmirlərsə, ancaq həyatda yüksək və nəcib dəyərlər olaraq adlandırılan yaşam ölçülərindən də qolayca vaz keçməzlər.

  • Qadınlar üçün özəl eyitimdən yana olsam da, onların kişiləri öykünmələrinə (təqlid etmələrinə) qarşıyam. Qadın bəlli işlərdə kişilərlə yarışa bilər, ancaq bunu kişiləri öykünərək etməməlidir. Qadın kişinin, özəlliklə öz həyat yoldaşının tamamlayıcısı olmalıdır.

  • Qadın kişinin eşi və yoldaşıdır. Qadına da kişi qədər düşünmə və mənəviyat verilmişdir. Qadınların da kişilər qədər azadlıq haqqına sahib olması gərəkir. Kişinin toplumda əldə edə biləcəyi hər türlü irəliləyiş və uğuru qadın da əldə edə bilər. Bunun üçün uyqun toplumsal ortam oluşmalıdır. Çox çirkin və sayqısızca bir gələnək oluşdurulmuş. Böylə ki, ən əxlaqsız və iradəsiz kişi bilə, özünü qadından üstün bilməkdədir. Gerçəklik isə, bunun tam tərsinədir.

  • Heç şübhəm yoxdur ki, qadınlar zəif cinsə mənsub olma düşcə və duyqularını unudarlarsa, kişilərdən daha etkili biçimdə savaşa qarşı çıxa bilərlər. Bir an öz-özünüzə bu şəkildə düşünün lütfən: əsgərlərin, generalların qadınları, anaları və qızları onların savaşa qatılmalarını əngəllərlərsə, nələr olmaz ki?

  • Verimli fəaliyətləri olan tərki-dünya etmiş məzhəbi bir bacı sürəkli yalnız qalmaq, evlənməmək istəyirdi. Bu yolla vətənə yararlı olacağını düşünürdü. Keçənlərdə özünə uyqun bir eş bulub evləndi. Evililikdən sonra amaclarını izləyə bilməməkdən gileylənirdi. Evliliyin onun fəaliyətlərini azaltdığını və ülkülərinə zərər verdiyini düşünməkdədir. Bu yanlış xəyaldan uzaqlaşması üçün yardımçı olmağa çalışdım. Bir qızın vətəninə xidmət etməsi amacı ilə evlilikdən vaz keçməsi özü-özlüyündə çox şərəfli bir davranışdır. Ancaq gerçəklik budur ki, hər neçə milyondan bir qız bu davranışda buluna bilər. Evlilik yaşamın doğal yasasıdır. Heç bir amac üçün həyatın bu ilkəsindən vaz keçilməməli və heç bir şəkildə evlilik çərçivəsindəki seksual ilişkilər aşağılanmamalıdır. Çünkü aşağılanmış olan hansısa bir davranış və ya istək yolunda dürüstcə və doğruca davranmaq mümkün olmaz. Evliliyə qutsal and kimi baxmaq bir ülküyə dönüşməlidir. Bu durumda evlilik ilişkilərində dözüm və səbr ön planda olur. Hind məzhəbində evlilik “əşrama”nın dörd ilkələrindən biridir. Digər üç ilkə də əslində evlilik üzərində özünü tanımlar. Bu üzdən yuxarıda sözü gedən rahibə bacı və digər bu kimi xanımlar evlilik haqqında aşağılayıcı düşüncədən vaz keçməlidirlər. Evlilik iki ortaq arasındakı bağlılıq və birlikdəliyi onaylar (təsdiqlər). Bu haqqı iki kişi arasında təkəlləşdirər. Hər iki tərəf böylə bağlılıq və birlikdəliyə istəkli olduğunda evlilik gerçəkləşər. Evlilik bir tərəfin qarşı tərəfə tabe olmasını gərəkdirməz. Bəzən tərəflərdən biri əxlaqi baxımdan bu bağlılıq yasalarına bağlı qalmaya bilər. Böylə bir durumda boşanma bir çözüm isə, mən boşanmadan yana tutum sərgilərəm. əxlaqi yasaları pozmaqdansa, boşanmaq daha əxlaqi və şərəflidir. Çünkü evlilik ilişkilərində mən əxlaqi ilkələri hər şeydən üstün bilirəm.

  • Nə yazıq ki, analıq görəvləri qızlarımıza öyrədilməməkdədir. Evlilik məzhəbi görəv isə, ana olmaq da öylə bir görəv olmalı. Ideal bir ana olmaq asan deyildir. Çocuq eyitimi böyük sorumluluq duyqusu gərəkdirməkdədir. Qadın gəbə qaldığı andan doğum anına qədər analıq sorumluluğu və görəvləri haqda bilgilənməlidir. Ölkəyə sağlıqlı və əxlaqlı çocuqlar vermiş olan anlar ən böyük xidmət etməkdədirlər. Bu çocuqlar böyüdüklərində ölkələrinə xidmətdə bulunacaqlar. Gerçək olan budur ki, xidmət etmə ruhunu daşıyan adam bütün durumlarda yararlı biri olma olanaqlarını kəşf edəcək. Yanlış və zərərli yöntəmlərə yönəlməməyə çalışar.

  • Əski Hind yasalarında qadınların mülkiyət haqları yox idi. Qadın, yalnız üzərində daşıya biləcək əşyalara sahib olurdu. “Bəzi kişilər yeni Hind yasalarına görə evlənmişlər. Ancaq qadının mülkiyət sahibi olmasına qarşıdırlar. Deyirlər ki, qadının iqtisadi istiqlalı onun əxlaqının pozulmasına gətirib çıxaracaq, ailə həyatını pərişan edəcək. Siz bu haqda nə düşünürsünüz?” deyə məndən sorurlar. Bu soruya cavab vermək üçün öncə bu sualı sormalıyam: kişilərin iqtisadi istiqlalı onların əxlaqlarının pozulmasına, ailə yaşamının pərişan olmasına səbəb olurmu? Bu sualın cavabı olumlu isə, o zaman buraxın qadınlar da öylə olsun. Qadınların eşit haqları olursa, onların özgürlük və sorumluluq anlayışları da dəyişəcək. Bu sorumluluq duyqusu onların əxlaqsızlığa sürüklənməsinə əngəl olur. Qadın və ya kişi yoxsulluq üzündən əxlaqsızlıq etmirsə, bu əxlaqın heç bir dəyəri yoxdur. Gerçək əxlaq insanın könlünün təmizliyindən qaynaqlanmalıdır.

  • Gənc bir adam mənə məktub göndərmiş. Məktubun özəti böylədir:

“Evli biriyəm. Bir sürə öncə yabancı bir ölkəyə səfər etdim. Həm özüm, həm də ata-anamın güvəndiyi bir dostum var idi. Mən olmadığım sürə içində bu dostum qadınımı aldadıb onunla cinsi ilişkiyə girmişdir. İndi qadınım bu adamdan gəbə qalmış. Atam israrla çocuğu düşürməmizi istəyir. Atam deyir ki, böylə etməzsəniz, bütün ailə Tanrı qəzəbinə tuş olacaq. Ancaq düşünürəm ki, bəlkə böylə davranmaq doğru olmaya bilər. Yazıq qadın indi çox pərişan və peşman durumda. Heç bir şey yeyib-içməməkdə. Sürəkli ağlamaqdadır. Lütfən bu qonuda mənə yardımçı olun. Sizcə, mən nə etməliyəm?”

Mən bu məktubu ciddi tərəddüdlə anlatdım. Hər kəsin bildiyi kimi, bu tür olaylar toplum içində ola bilər. Bu üzdən bu haqda genəl fikir alış-verişində bulunmaq kötü olmaz deyə düşünürəm.



Məncə, çocuğu düşürmək cinayətdir. Bir çox ərlər bu kimi xətalara sürüklənə bilərlər. Bu yazıq qadın da böylə xətaya yol vermişdir. Ancaq kimsə, kişiləri bu xətaları üzündən sorqulamaz. Yalnız qadınlar sorqulanırlar. Toplum törələri kişiləri bu xətaları üzündən ələşdirməz, həm də savunar. Ayrıca, qadın bu xətasını ört-bas da edə bilmir. Çünkü qadın hamilə qalır. Ancaq kişi öz suçunu gizlin saxlaya bilir. Burada sözügedən qadın bağışlanmağa layiqdir. Bu ərin qutsal görəvi atasını dinləməməkdir. Qadının doğum yapmasını bəkləməlidir. Çocuq dünyaya gəldikdən sonra onu öz evladı kimi, tərbiyə etməlidir. Ancaq qadını ilə ortaq yaşamına davam edib-etməməsi qonusunda bir söz söyləyə bilmərəm. Bu, çox həssas qonudur. Durum və bulunduqları kollektiv ortam ayrılmalarını icab edə bilər. Böylə olursa, adam qadınının yaşamını həyat quracağı anadək təmin etməlidir. Təmin etməlidir ki, ehtiyac qadını kötü yollara sürükləməsin. Qadının şərəfli yaşaya bilməsinə yardımçı olmalıdır. Ayrıca, bu qadının peşmanlığı və tövbəsi içdən isə, onu bağışlayıb ortaq yaşamlarını sürdürə də bilərlər. Qadının peşmanlığı səmimi isə, ortaq yaşamlarını sürdürə bilmələrində heç bir saqınca görmürəm. Hətta düşünürəm ki, şərəfli bir kişinin qutsal görəvi günahlarının cəzasını çəkmiş zavallı bir qadına sahib çıxıb, onu evinə geri gətirməkdir.

  • Olumsuz dirənişi zəiflərin silahı kimi sanırlar. Mənim yeni adlandırdığım dirəniş türü ən güclü adamlara xas olan silahdır. Anlatmaq istədiklərimi anlada bilməm üçün yeni bir qavram gəlişdirməli idim. Bu yeni qavram “satyaqraha”dır. Yəni həqiqətdən əsla ayrılmayan savaş türü. Bu yeni qavramın gözəlliyi ondadır ki, bu silah ən güclü adamlara özgü olmaqla yanaşı cismən zəif olanlar və yaşlılar üçün də keçərlidir. Yetər ki, böyük ürəkləri olsun. Satyaqraha həm də ağrıları içə almaq anlamı daşıdığı üçün, özəlliklə qadınların qullana biləcəyi silahdır. Hindistanın istiqlalı yolunda hind qadınlarının kişilərdən daha çox ağrılara qatlandıqlarına tanıq oldum. Qadınlarımız da kişilər qədər ulusal savaş yolunda ağrılara, acılara sinə gərdilər. Fədakarlıq ülküsü bəlli tarixi dönəmlərdə toplumun içində çağlayıb durar. Bulaşıcı olur və cəsur ürəkliləri cəlb edər. Hindistanın qurtuluşu yolundakı savaşda da böylə oldu. Qadınlar və kişilər bir yerdə, bir cəbhədə inanılmaz fədakarlıq göstərdilər.

  • Tutalım ki, Avropa qadınları və çocuqları bəşər sevgisindən dolub-daşsınlar. Bu durumda hərbçi savaşçıları ələşdirməyə başlarlar. Savaşçılıq qısa sürədə anlamsızlaşar. Bu qonuda əsas fikir odur ki, qadınlar, çocuqlar və başqaları eyni ruha sahibdilər. Söz qonusu həqiqətin sonsuz gücünün açığa çıxması, özünü göstərməsidir.

  • Bir qadın saldırıya uğradığında yəqin öz-özünə düşünür ki, “himsa”ya (aqressivliyə), yoxsa “ahimsa”ya (qeyri—aqressivliyə) mı əl atmalıdır? Bu durumda qadının ilk görəvi kəndini savunmasıdır. Bu baxımdan ağlına gələn hər şeydən yararlanıb kəndini savunmalıdır. Tanrı ona dırnaq və diş vermiş. Bütün gücü ilə özünü savunmağı başarmalıdır. Kəndini savunurkən, ölsə də, savunmadan vaz keçməməlidir. Ölümdən qorxusu olmayan qadın və ya kişi, yalnızca özlərini savunmaqla yetinməzlər, özlərini fəda etməklə başqalarına da xidmət edə bilərlər. Gerçək olan budur ki, biz təcavüzdən daha çox ölümdən qorxuruq. Sırf bu üzdən də bizdən daha güclü olanlara təslim oluruq. Təslim duyqusunu oluşduran ölüm duyqusudur. Bu üzdən bəziləri təcavüz qarşısında diz çökərlər. Bəziləri rüşvət və yalana əl atarlar. Bəziləri güclülərin əmri üzərinə qarınları üstündə sürünərlər. Bəzi qadınlar isə, ölmək istəmədikləri üçün bədənlərini təslim edərlər. Mən bunları insan ruhunda qüsur aramaq üçün yazmıram. Bəşər doğasını təsvir edirəm. İngilis hərbçilərinin basqısı üzərinə hindlilər qorxularından qarınları üstündə sürünür və ya qadınlar bədənlərini basqı qarşısında təslim edirlərsə, bütün bunlar insanın həyata bağlılığından və ölüm qarşısındakı qorxusundan qaynaqlanır. Yalnız öz həyatından keçməyi başaranlar həyatı qurtara bilirlər. Həyatı dəyərləndirə bilmək üçün onun aldatmacalarından vaz keçmək gərəkir. Bu, bizim doğamızın bir parçası olmalıdır.

Məncə, aqressiv işlər üçün heç bir hazırlıq gərəkmir. Bütün hazırlıqlar qeyri-aqressivlik üçün olmalıdır. Çünkü qeyri—aqressivlik üçün yüksək əxlaqi özəllik və cəsarət gərəkməkdədir. Qadınlar özlərini savunma araclarından yoxsunlarsa, üzərlərində silah daşıya bilərlər. Bu üzdən qadınların sürəkli “üzərimizdə silah olsunmu, olmasınmı?” sorularının anlamı yox. Insan doğal biçimdə azad və müstəqil olmağı öyrənməlidir.

  • Bu qonu Amerikan qadınlarına özgü olmalıdır. Onlar nə qədər cəsur olduqlarını dünyaya göstərməlidirlər. Amerikan qadınları kişilərin boş vaxtlarının əyləncə aracları olmamalıdırlar. Sizlər azadsınız, barışın bəkçisi ola bilərsiniz. Qərbi və dünyanı təhlükəyə sürükləyən lazımsız bilgilərə qarşı çıxmalısınız. Amerikan qadınları qeyri—aqressivlik elmini yayqınlaşdırmalıdırlar. Çünkü bağışlama sizlərin qadınlıq doğanızdadır. Kişiləri kor-koranə təqlid etməklə nə kişi ola bilərsiniz, nə də özünüz. Bu öykünmələrlə Tanrının verdiyi nitəliklərinizi də eyitə bilməzsiniz. Qeyri—aqressivlik duyqusunu Tanrı kişilərdən daha çox qadınlara vermişdir. Bu güc çox etkilidir. Çünkü səssiz bir gücdür. Qadınlar İncilin qeyri—aqressiv və barışcıl çağrılarının uyqulayıcıları olmalı. Yetər ki, qadınlar öz yüksək pozisionlarını dürüstcə anlasınlar.

  • Hind qadınları və kişiləri haqda inancım sarsılmazdır. Hind qadınları və kişiləri aqressivliyə əl atmadan cəsurca, ölümlə qarşılaşa bilirlər. Hind qadınları və kişiləri üçün silahların bir anlamı yoxdur. Onlar İngiltərənin bütün silahlanmalarına qarşı gülüb keçərlər. İstiqlal və özgürlük sevgisini silahlarla söndürmək olmaz. Çox dürüstcə, bir savaşa başlamışıq. Bu savaş, yalnız Hindistanın qurtuluşu üçün deyil, bütün dünyaya xidmət ülküsünü içərməkdədir. Bu savaşda qadınlar öncül və öndər ola bilərlər. Çünkü qadınlar fədakarlığın və özünü fədaetmənin canlı örnəkləridir.

20.01.2011


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət