Ana səhifə

Leptospiralar, morfo-bioloji xassəLƏRİ, NÖVLƏRİ


Yüklə 9.84 Kb.
tarix09.06.2016
ölçüsü9.84 Kb.
LEPTOSPİRALAR, MORFO-BIOLOJİ XASSƏLƏRİ, NÖVLƏRİ

Leptospiralar Leptospiracae fəsiləsinə, Leptospira cinsinə daxildir. Onların ənənvi təsnifatı biokimyəvi və seroloji xüsusiyyətlərinə əsaslanmışdır. Leptospira cinsinə patogen növ olan L.interrhogans qeyri patogen növ L.biflexa daxildir. L.interrhogans növü 200 – dən artıq, L.biflexa isə 60 – dan artıq serotipə malikdir. Digər mikroorqanizmlərdən fərqli olaraq leptospiraların serotipləri növ adlarına malikdir. Məsələn, L.bovis, L.grippotyhosa, L.hebdomadis, L.icterohaemorrhagiae, L.mitis, L.pamona, L.interrhogans-ın ən çox rast gəlinən serotiplərinnəndir.


Morfo-bioloji xüsusiyyətləri. Leptospiralar 5-15 mkm uzunluğa, 0,1-0,2 mkm qalınlığa malik 20-40 qıvrımdan ibarət nazik spiroxetlərdir. Uclarından biri çox vaxt əyilərək qarmaq əmələ gətirir. Hərəkət aparatı hüceyrələrinin hər iki qütbundən çıxan fibrildən ibarətdir. Gimza üsulu ilə zəif çəhrayı rəngə boyandığından preparatlarda çətinliklə seçilir. Gümüşlə imreqnasiya üsulu ilə yaxşı boyanır. Nativ preparatların qaranlıq sahəli və faza-kontrast mikroskopiyasında aktiv hərəkətli leptospiraları müşahidə etmək mümkündür.

Leptospiralar 28-30C –də zərdab əlavə edilmiş maye və yarımmaye mühitlərdə aerob şəraitdə kultivasiya edilir. Maye qidalı mühitdə inkişaf edərkən bulanıqlıq əmələ gətirmirlər. Yarımmaye mühitlərdə 1-2 həftə sonra qidalı mühitlərin səthinə yaxın yerdə diffuz inkişaf zonası, daha sonralar isə mühitin oksigenlə optimal təmin olunan bu sahələrində injkişaf həlqəsi əmələ gətirirlər.


Ekologiyası, infeksiya mənbəyi və yoluxma yolları.

L.interrhogans təbiətdə geniş yayılmışdır, insanlarda və heyvanlarda leptospiroz xəstəliyi törədir. Leptospiroz zoonoz infeksiyadır. İnfeksiya mənbəyi əsasən gəmiricilər ( sinantrop və vəhşi gəmiricilər ), eləcə də ev heyvanlarıdır ( iribuynuzlu heyvanlar, donuzlar, itlər və s.). Heyvanlarda infeksiya nefrit kimi, əsasən klinik təzahürlər olmadan xronik gedişə malik olur, onlar törədiciləri sidiklə xaric etməklə su hövzələrini, qida məhsullarını və torpağı çirkləndirir. İnsanlar əsasən xəstə heyvanların ekskrementləri ilə çirklənmiş su ilə təmas nəticəsində yoluxur ( xəstəliyin əvvəlki “su qızdırması” adı bununla bağlı olmuşdur ). İnfeksiyanın giriş qapısı zədələnmiş dəri və selikli qişalardır ( ağız və burun boşluğunun, konyuktivanın selikli qişaları ). Tərkibində leptospiralar olan suyun içilməsi az əhəmiyyət kəsb edir.

Xəstəliyin patogenezi və klinik təzahürləri.

Leptospiroz kəskin infeksion xəstəlik olub, dalğavari qızdırma, intoksikasiya, qaraciyərin, böyrəklərin və mərkəzi sinir sistemi kapilyarlarının zədələnməsi ilə səciyyələnir. Dəri və selikli qişalardan orqanizmə daxil olmuş törədicilər 1 – 2 həftəlik inkubasiya dövründən sonra qana keçir, müxtəlif qızdırma reaksiyaları ilə müşayiət olunan bakteriemiya (spiroxetemiya) törədir. Törədici qanla daha zəngin təmin olunan parenximatoz orqanlara ( xüsusən böyrəklərə və qaraciyərə ) daxil olaraq burada hemorragiyalara və nekrozlara səbəb olu, nəticədə nefritlər və sarılıqla təzahür edən hepatitlər baş verir. Xəstəlik çox vaxt ikifazalı olur, birinci fazadan sonrakı yaxşılaşmadan sonra, İgM anticisimlərin titrinin artması intensiv baş ağrıları, meningeal sindromlar, serebrospinal mayedə pleositozla təzahür edən “aseptik meningitin” inkişafına səbəb olur. Eyni zamanda dərinin, əzələlərin, gözlərin zədələnməsi müşahidə edilə bilər. Xəstəliyin klinikasında hepatitlər daha çox rast gəlinir, bu hepatitlər qan zərdabında kreatin fosfokinaza fermentinin artması ilə müşayiət olunur (virus hepatitlərdə fermentin miqdarı normal qalır).



Mənbə: Zakir Qarayev- Tibbi Mikrobiologiya İmmunologiya


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət