Ana səhifə

Güntay Gəncalp Fahişə Sonia´nın yaratdığı Raskolnikov


Yüklə 12.61 Kb.
tarix10.06.2016
ölçüsü12.61 Kb.
Güntay Gəncalp
Fahişə Sonia´nın yaratdığı Raskolnikov
Lev Tolstoy və Dosteyevski insan ruhunun dərinliyini və mürəkkəbliyini incələyən iki böyük dahidir. Tolstoya görə, toplum elə qurulmuş ki, heç bir suçun olmadan sərt şəkildə cəzalana bilərsən. Tolstoy öz yaradıcılığında suçsuz yerə cəzalanmanı səbirlə, təmkinlə qarşılamağı önə çıxarır. Suçsuz cəzalanmanın tək yolu Tanrıya sığınmaq, ondan mərhəmət dilməkdir Tolstoya görə. Tolstoy özəlliklə kiçik hekayələrində bu görüşünü anlatmaqdadır.

Dostoyevski isə, təmiz insanların, suç işləmək niyəti olmayan insanların da durumdan asılı olaraq cinayət edə biləcəyini ayrıntılı şəkildə anladır ”Cinayət və cəza” əsərində. Raskolnikov çox gənc və yoxsul bir öyrəncidir. Həyatın bütün çətinliklərinə dözür. Ancaq bəzən yoxsulluğun qorxunc basqısından qurtulmaq üçün yollar axtarır. Adamların qiymətli əşyalarını alıb borc verən yaşlı bir qadın var. Raskolnikov bu qadını öldürüb onun qiymətli əşyalarını çalmaq istəyir. Ancaq daima da bunu yapa bilməyəcəyindən qorxur. Raskolnikov qadını öldürmədən öncə bir denəmə yapmaq istəyir. Pencəyinin altında bir baltanı gizlədib, qadının evinə gedir. Bu gedişində onu öldürmək fikri yoxdur, sadəcə denəmək istəyir. Qadının arxası Raskolnikova çevrildiyi zaman, qiymətli əşyaların yerləşdiyi sandığın da qapısı açıqdır. Raskolnikovun ağlından qadını belə bir durumda, belə bir pozisionda öldürəcəyi keçir. Ancaq o sadəcə bu pozisionu görmək üçün gəlmişdi. Bu dəfə qadını öldürmək fikri yox idi. Hazırlıq aparırdı qadını öldürmək üçün. Yalnız öldürmək üçün gəlməsə də pozision qadının öldürülməsi üçün çox yatqın idi. Raskolnikovun xəyalından keçir ki, ”bax, belə bir pozisionda baltanı çıxarıb vuracam qadının kəlləsindən.” Raskolnikov istəmədən balta ilə vurur qadının başından. Qadın düşüb ölür. Raskolnikov şaşırıb qalır. Çünkü o, bu dəfə qadını öldürməməli idi, sadəcə öldürmək üçün yoxlama aparırdı. Amma qadın ölmüşdü. Raskolnikov qiymətli əşyalara toxunmayaraq, özündən də heç bir iz buraxmayaraq oranı tərk edir.

Romanın istəmədən suç işləyən bir insanın ruh hallarını incələyən dərinlikləri bundan sonra başlayır. Cinayət araşdırılır. Ancaq Raskolnikovdan kimsə şübhələnmir. Raskolnikov təslim olduğunda, cinayəti etiraf etdiyində qazilər ona etiraf edirlər ki, heç şübhələnmədiyimiz biri var idisə, o da sən idi. Raskolnikov nədən təslim olur. Onu təslim olmağa zorlayan vicdan amillərdir, yoxsa başqa bir amildir?

Romanın ikinci şəxsiyəti fahişə Soniadır. Gözəl, incə bir qız olan Sonia fahişəlik edir. Fahişəlik etmək zorundadır. Başqa yol tapmamış həyatını təmin etmək üçün, fahişə olmaq zorunda qalmış. Ancaq bədənini ona-buna təslim edib para qazanıb Raskolnikovla paylaşsa da ruhunda yalnız bir tək adam var: Raskolnikov. Fahişə Sonia bütün zərrələri ilə Tanrıya inanır. Hər kəsin bir-birini aldadırb öldürdüyü bir zamanda Sonia insan sevgisini içindən bir an da olsun əksik etmir. Vahid bunu bir qəzəlində çox gözəl anlatmış: ”Gizlin xəzinənin çoxu viranəlikdədir.”- demiş. Əslində bu ünlülülər, zənginlər arasında böyük insan tapmaq çətin işdir. Yoxsullar, acı çəkənlər, bədbəxt insanlar içində olur, şeiriyətin, fəlsəfənin düşlədiyi böyük insanlar. Bu üzdən də Dosteyeviski ”insan acı çəkməsə, onun ruhu təmizlənməz”- görüşünə varmışdır. Dosteyevski özü də həyatında iki yöndə acı çəkmişdir. Yoxsulluqdan, borclu qalmaqdan və bir də xəstəliyindən. Bəlkə də Ona bu böyük əsərləri yazdıran da bu acıları olmuşdur. Acılar insanın ruhunu deşir, bacalar, pəncərələr açır insanın ruhunun dərinliklərinə. Bəlkə bu üzdəndir ki, Dosteyeviskini oxuduğumuzda ruhumuzun elə bilinməz qatlarına varmış oluruq ki, Dosteyeviskisiz oralara gedib çıxa bilmərik.

İnsanın bir yoldaşa, bir sirdaşa ehtiyacı var. Sirdaşlıq, yoldaşlıq ən böyük səadətdir. Raskolnikovun da bir tək dostu və sirdaşı var. O da fahişəliyini bildiyi Soniadır. Raskolnikov vicdanını gəmirən hadisəni birisi ilə paylaşmaq zorundadır. Ancaq kiminlə? Çünkü vicdanını qaranlıqlara gömən cinayət olayı, Raskolnikovun davranışlarını anormallaşdırmağa başlamışdır. Sonunda cinayət işlədiyini Soniayaya söyləmək zorunda qalır. Ancaq Raskolnikov Soniani sevib-sevmədiyindən əmin deyildir. Sevginin təsbiti, şübhələrdən arınıb yəqinə dönüşməsi üçün bəzi sınavlar gərəkirmiş. Həyatın bağrından qaynaqlanan sınavlar. Sonia isə, bütün varlığı ilə Raskolnikovu sevir. Onun üçün hətta fahişəlik etməkdən də çəkinmir. Sonia Raskolnikovun cinayət işlədiyini duyar-duymaz onun təslim olmasını xahiş edir. Raskolnikovun ağlında isə qazilərin yalançı, rüşvətxor olduqları dolaşır. Hansı ədalətə təslim olmalıdır? Sonia isə, sən saxta ədalətə təslim olursan, öz vicdanının məhkəməsinə təslim olacaqsan görüşünü ortaya qoyur. Sonia, Raskolnikov etdiyi bu cinayətin cəzasını ən sərt şəkildə çəkməzsə heç bir zaman mutlu olmayacağı inancındadır. Sonia belə düşünür ki, sən bu cəzanı çəkərkən ölsən də vicdan rahatlığı ilə öləcəksən. Ancaq təslim olmasan bir kərə deyil, ömrünün sonuna qədər hər gün bir neçə kərə öləcəksən. Vicdanını çəkəcəyin əzablarla təmizləməlisən. Onsuz da ruhun, vicdanın əzab çəkir, ancaq cismin də əzab çəkməlidir. Bu əzabların sonunda vicdanını sızladan bu ağrı içindən çıxacaq, ağrıların içindən mutluluğun yenidən doğacaq.

Raskolnikovun vicdanından bir səs Sonianın söylədiklərinin doğru olduğunu çağrışdırır. Raskolnikov təslim olur. Cinayətin Raskolnikovdan şübhələnmədən ciddi araşdırıldığı bir ortamda Raskolnikov təslim olur. Raskolnikovun cinayəti üstlənməsi hər kəsi şaşqına çevirir. Raskolnikovu zindana yola salırlar. Sonia yenə də fahişəliklə qazandığı para ilə Raskolnikovun arxasınca yola düşür. Raskolnikovun vicdanı rahatlamış. Rahatlayan vicdanında yalnız Sonianı görür. Sonianı sevdiyini kəşf edir. Dosteyeviski həcim romanını bu şəkildə bitirir: ”Bundan sonrası artıq təmiz bir sevgi macərasıdır və başqa bir əsərin konusudur.”



Hüquq yalnız maddi planı araşdırır. İnsanların ruhunun dərinliklərinə enə biləcək gücdə deyildir. Saxta sənədlərlə insanları suçlu, ya da suçsuz göstərmək olur. Ancaq bir də vicdan məhkəməsi var.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət