Ana səhifə

Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə


Yüklə 17.01 Kb.
tarix10.06.2016
ölçüsü17.01 Kb.
Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərin və ləğv edilmiş kolxoz və sovxozlarda zərərçəkənlərin sosial müdafiəsinin təmin olunması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 66; 2004-cü il, № 8, maddə 657; 2008-ci il, № 2, maddə 130, № 9, maddə 855; 2009-cu il, № 10, maddə 857) ilə təsdiq edilmiş «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği»nin 3.7-ci və 3.8-ci bəndləri qüvvədən düşmüş hesab edilsin.

3. Müəyyən edilsin ki, Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

4. Bu qərar 2010-cu il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ
Bakı şəhəri, 19 mart 2010-cu il

№ 51
Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 19 mart tarixli 51 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR


Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya

peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan

qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda

əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə

görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi

QAYDALARI
1. ÜMUMİ MÜDDƏA

Bu Qaydalar Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi qaydasını tənzimləyir.



2. QAYDALARIN TƏTBİQ DAİRƏSİ

Bu Qaydalar 2010-cu il yanvarın 1-dən əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş aşağıdakı işçilərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə şamil olunur:

Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə;

ləğv edilmiş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkənlərə.



3. AYLIQ KOMPENSASİYANIN MƏBLƏĞİ

Bu Qaydaların 2-ci bəndində nəzərdə tutulan şəxslərə 2010-cu il 1 yanvar vəziyyətinə təyin olunmuş aylıq ödənc məbləğində dövlət büdcəsinin vəsaiti hesabına aylıq kompensasiya verilir.



4. AYLIQ KOMPENSASİYANIN VERİLMƏSİ QAYDASI

Aylıq kompensasiya 2010-cu il yanvarın 1-dən etibarən bu Qaydaların 2-ci bəndində nəzərdə tutulan şəxslərə onların müraciətləri əsasında təyin edilir.

Bu Qaydaların 2-ci bəndində göstərilən şəxslərin müvafiq sənədləri 2010-cu il 1 yanvar vəziyyətinə ödənclərinin aylıq məbləği və hüquqi ünvanı göstərilməklə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanlarına təhvil verilir.

Mülkiyyət forması dəyişdirilmədən saxlanılan kolxoz və sovxozlar barədə məlumat ildə bir dəfə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir.



Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq kompensasiyanın ödənilməsi barədə rüblük hesabat Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

5. MƏSULİYYƏT

Bu Qaydaların tələblərinin pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət