Ana səhifə

Ələvilik üzərinə


Yüklə 36.86 Kb.
tarix15.06.2016
ölçüsü36.86 Kb.
Güntay Gəncalp
Ələvilik üzərinə
3—cü bölüm
İslamı qəbul edən ərəblərin bilincaltında yüz illər boyunca biçimlənmiş olan kültürəl dəyərlər unudulmadı. Onların bir çoxu islam tarixində islamın bünyəsinə yükləndi, İslam kültürü içində yaşamını sürdürdü, sürdürməkdədir. Maraqlı bir tablov ortada var idi. Bölgə imperatorluqları artıq yüksəliş dönəmlərini bitirmiş, çöküş dönəmlərini yaşamaqda idilər. Digər tərəfdən islam çatısı altında bütünləşən ərəblər çökməkdə olan imperatorluqlara son yıxıcı zərbəni vururdular. Misirin fəthi və Sasani imperatorluğunu devirmələri ərəbləri üstün bir duruma yüksəltmişdi. Ərəblər dünyanı fəth etmək istəyirdilər. Özəlliklə köləliyin islamda rəsmiyətə tanınması, köləliyin ləğv edilməməsi ərəbləri böyük savaşlara təhrik edirdi. Əsir yaxaladıqları kölələri sataraq zənginləşən bir ərəb varlığı ortaya çıxmışdı. Bir tərəfdən islamın yeni söyləmi, digər tərəfdən bu yeni söyləmin arxasında duran ərəb fatehlərin qılıcı islamiyətin hızla yayılmasına ortam oluşdurmuşdu. Unutmamaq lazımdır ki, ərəblər özləri islamiyəti qolaylıqla qəbul etmədilər. Peyqəmbərin öz zamanında ərəblər islama qarşı sərt bir şəkildə dirəndilər. İslamiyət ilkələri ərəblərin millətləşməsinə yardımçı olurdu. Bunu dərk edən ərəblər peyqəmbərin həyatından sonra daha böyük bir həyəcanla islamiyətə tapındılar. Quşqusuz ki, islamiyəti peyqəmbərin öz həyatında zorluqla qəbul edən ərəblər kimi digər millətlər də qolaylıqla onu qəbul edə bilməzdilər. Özəlliklə ərəb dilli bir inanc ərəb olmayanlar tərəfindən asanlıqla qəbul edilə bilməzdi. Ərəblərdən də daha sərt, islamiyət qarşısında dirəniş ortaya çıxrdı. Ancaq yeni kimlikləri ilə tarix səhnəsinə çıxmış olan müsəlmanlar bu dirənişi qılıcları ilə qıra bilirdilər. Müsəlman ərəblərə görə Quranda qorxunc yaradılış olaraq nitələnən vəhşi “yəcuc—məcuc”lar türklərdən ibarətmişlər. Bu üzdən türkü öldürməyi bir zövq kimi bilirdilər. Onlara görə öldürülən insan deyil, “yəcuc—məcuc” idi. Bütün bu ərəb müsəlmanların vəhşilikləri türklərin bilinaltında için—için bir şeylər oluşdururdu. Ərəbləri birdən—birə öz keçmişlərindən ayrılıb islama qatılmadıqları kimi digər ərəb olmayan millətlər də o şəkildə davranmaq zorunda idilər. Özəlliklə müsəlmanların amansız və qəddarca saldırıları qarşısında islam, məhv edən, yox edən, yalnız kölə əldə etmək üçün savaşan müsəlmanların ideolojisi kimi görünürdü. Bu qorxunc görüntü digər millətləri dirənişə zorlayırdı. Heç bir millət, fatehlik adı altında müsəlmanların yırtıcılığına xoşgörü ilə baxmırdı. Qurandan sadəcə “Öldürün Allah yolunda” ayələri əzbər bilən müsəlmanların başardıqları ən qolay iş öldürmək olmuşdur. Bugün olduğu kimi. Düzənli ərəb ordularının qarşısında kölə olaraq satılmaq istəməyən türklər də digər millətlər kimi dərin—dərin düşünmək zorunda qalmışdı. Ya bu düzənli ordunu dağıtmaq gərəkirdi, ya məğlub olub kölə bazarlarında satılmaq gərəkirdi, ya da islamiyəti qəbul edib fərqli bir yaşam sürdürmək gərəkirdi. Ancaq islamiyəti necə qəbul edə bilərdilər? Kollektiv bilincaltındakı dirəniş etkənləri buna qarşı çıxırdı. Bu üzdən də Türk Dünyasında İslamı necə qəbuletmə sorusu ortaya çıxdı. İslamı qəbul etmək qolay deyildi. İslam yeganə bir dindir ki, qəbul edildikdən sonra milli görünən nə varsa, hamısını batil sayıb silib yox etmişdir. Bu üzdən də türklər islamı qəbul etdikdən sonra öyləsinə hızlı bir şəkildə ərəbləşdilər ki, heç bir milli görüntü dövlət yönətimində qalmadı. Milli olan nə varsa, islamı öz milli kimliyindən yola çıxaraq qəbul edən xalq kütləsi içində qaldı. Hətta xalq kütləsinin danışdığı və yazışdığı dillə dövlət islamının dili tamamən fərqli oldu.

İslamın türk ölkələrinə yayıldığı sıralarda islamın doğduğu məkanlarda maraqlı olaylar ortaya çıxdı. Müsəlmanlar Hz. Məhəmmədin torunlarını Kərbəlada öldürdülər. Bu xəbər ərəb olmayan ölkələrdə millətlərin bilincaltına qədər yer etdi. Böylə anlaşıldı ki, müsəlmanlar sadəcə türkləri vəhşicəsinə qətl etmirlər. Onlara dövlət sahibi olma üstünlüyünü sağlayan peyqəmbərin də torunlarını öldürürlər. Peyqəmbərin də torunlarını öldürən müsəlmanların ədalət çağrılarına necə inanmaq olardı? Hz. Hüseynin Kərbəlada yandaşları ilə bir yerdə öldürülməsi, əslində qan davasından başqa bir şey deyildi. Yaxınları Əbutaliboğlu Əli tərəfindən öldürülən ərəblərin əlinə öc almaq üçün fürsət düşmüş və bu fürsəti qaçırmamışdılar. Hz. Hüseyn təslim olsaydı da onu və ailəsini öldürəcəkdilər. Hz. Hüseyn də bunu bildiyi üçün çox şərəfli bir ölüm şəklini seçmişdir. Hz. Hüseynin ölüm şəkli islamiyətin yazqısını dəyişdirəcəkdi.

Olayları böyləcə bir tarixiyət içində incələmək gərəkir. Yoxsa Sünni kəsimin uydurduğu İbni—Səba əfsanəsi bilimsəl incələməyə qarşıdır. Güya İbni—Səba adında bir yəhudi olmuş. İslamiyəti görünürdə qəbul etmiş və sonra da içdən—içə dəyişik məzhəblərin şəkillənməsinə yardımçı olmuş. İslam ölkələrində bu qədər çaxnaşmanın səbəbkarı bir tək İbni—Səba imiş! Ələvilik də onun çabalarının sonucu ortaya çıxmış. Üçüncü xəlifə Osmana qarşı o, qiyam tərtib etmiş! Hz. Ayişə ilə Hz. Əlinin savaşmalarına zəmin sağlamış! Bir sözlə İbni—Səba adında bir yəhudi bütün müsəlmanları barmağına dolamış və peyqəmbərin ən yaxın uslu arxadaşları da bunu anlamayacaq qədər geri zəkalı olmuş, bir tək yəhudinin oyununa gəlmişlər! Bu əfsanələrin toplumbilimcilik və tarix bilgisi ilə heç bir əlaqəsi yox. Sanki bütün müsəlmanlar birlikdən yanaymışlar və onların birlik duyqusunu İbni—Səba adında yaramaz bir yəhudi qırmışdır. Toplum demək, çəlişkilərin birikdiyi məkan deməkdir. Bir çəlişkilər peyqəmbərin zamanında olmuş, ancaq onun öndərliyinin sayəsində söndürülmüşdü. Peyqəmbərin vəfatından sonra əski çəlişkilər də alovlanmışdır. Bunun İbni—Səba ilə bir ilişkisi yox. Bu, toplumsal bir quraldır. Toplumlar zaman içində kəndi içlərindən parçalanarlar. Əslində isə, bu bilgilər Orta Doğuda İsrail dövləti qurulduqdan sonra ürətildi. Güya ki, yəhudilərin islam dünyasında fitnə çıxarmaları İsrail dövlətinin qurulması ilə sınırlı deyilmiş və islamın ilk çağlarında da yəhudilər fitnə ilə məşğulmuşlar. Böylə anlaşılır ki, müsəlmanlar bütün çağlarda fitnə çıxaranlar əlində oyuncaq olmuşlar! Bu tür yanaşmanın bilimsəl bir yanı yoxdur. Tarixi olaylara ideolojik və ya inancın icabları doğrultusunda yanaşmaqdır. Gerçək olan budur ki, İslam ərəb milliyətçiliyi ilə qaynayıb—qarışmışdı. Ərəblər üstün mövqələrini İslamın “Bütün müsəlmanlar qardaşdır” söyləminə fəda etmək istəmirdilər. Çünkü müsəlmanlar islamı qəbul etdikdən sonra onların iqtidar nəfsləri sönmədi, daha da hərisləşdi. Bu üzdən də müsəlmanlaşan ərəblər, farslar və türklər arasında çəlişkilər və düşmənçiliklər heç bir zaman sönmədi.

Hz. Hüseynin Kərbəladakı ölümlə bitən olayı islamı qəbul etmək zorunda qalan millətlərə çox etki buraxdı. Qılıc İslamına qarşı yeni bir islam alqılayışı doğmuşdu. Türklər də müsəlmanlar tərəfindən qətl edilirdilər, peyqəmbərin torunları da. Burada ortaq bir dərddaşlıq duyqusu meydana çıxmışdı. Hz. Hüseynin şəhadəti Hz. Əli haqqında yayqın olan inanışlara daha da etkinlik gətirdi. Əməvilərə qarşı Əli soyundan gələn İslam anlayışı ortaya çıxmışdı. Ancaq Hüseynin qatili olan Yəzidlə Hüseynin oğlu Zeyn—əl Abidinin beyət etməsi ciddi sorun oluşdurmaqda idi. Türklər hələ miladdan yüz illər öncə Batı coğrafiyasına axın etməyə başlamışdılar. Mərkəzi Asiyanın iqlimi nəsl artımı və rahat yaşam üçün yatqın deyildi. Bu üzdən də islamı müxtəlif formalarında qəbul etmək türklərin batılılaşma niyətinin bir parçası idi. Batıya doğru uzanmaq üçün bu inancı qəbul etmək usluca bir davranış olaraq görünürdü. Yəni bu qəbul etmədə bir mənafe də olmuşdur. Hər şey bəzilərinin dediyi kimi Tanrısal mərhəmətlə gerçəkləşməmişdir. Bu üzdən də iki tür İslam anlayışı Türk dünyasında doğmuşdur. Xalq İslamı və Dövlət İslamı. Bundan da doğal bir seçənək ola bilməzdi. Xalq İslamı Ələvilik və onun dəyişik təriqətləri adı ilə meydana çıxdı.

Ələvi inancında imgələnən Əli gerçək dünyada, gerçək tarixdə var olmamışdır. Bu, kamil insanın Ələvi inancında təsvirlənişindən başqa bir şey deyildir. Çünkü tarixi bilgilər Hz. Əlinin Ələvilikdə deyildiyi kimi hər tərəfli insan olmadığını göstərməkdədir. Hz. Əli böyük insan olmuş, ancaq heç bir zaman meraca getməmişdir. Ancaq rəsmi İslam inancına qarşı və alternativ olaraq şəkillənən Ələvilik peyqəmbərdən öncə Hz. Əlini meraca göndərir. Peyqəmbər meraca vardığında göylərin bir yerində qırxlarla qarşılaşır ki, Hz. Əli də bu qırxlar cəminin içindədir. Oysa bir çox təriqətlərdə peyqəmbərin də meraca getdiyi qəbul edilməz. Bunu ən açıq və anlaşılır şəkildə Hüseyn Cavid “Sən´an” yapıtında anlatmaqdadır:

Olsa merac, olur da ruhani,


Həp yalandır üruci-cismani.
Bir bəşərdir, - deyirdi, - peyğəmbər,
Heç görülmüşmü çıxsın ərşə bəşər?”

Gerçəkdən də göyə getmək nə deməkdir? Zatən yer özü də göydədir. Uzay boşluğundadır. İnsan aya getdiyində bu dəfə yer özü göydə görünür. İnsan yerdə yaşayaraq həm də uzaydadır.

Ancaq rəsmi İslamın mitolojisinə qarşı xəlqi İslam da öz mitolojisini uydurmaq zorunda qalmışdı. Çünkü Ələvilik bütün mitolojik yönləri ilə bir yerdə rəsmi İslamın bütün saldırılarına, asimilasion politikasına qarşı türklərin tinsəl kimliklərinin dərinliklərindən təpki olaraq ortaya çıxırdı. Bu üzdən də bu inanc şəklində xoşgörü və ulusal kimlik var olmuşdur. Rəsmi İslam öz hüquq sistemini gəlişdirib və fiqh adı altında kitablaşdırırdı. Xəlqi İslam iqtidara yüksəlməyi hədəfləmədiyi üçün hüquq kitablarını yazmaz oldu. Xəlqi İslam ozan kimliyi və kültürü ilə iç—içə girərək gəlişmə sürəci yaşamağa başladı. Ozan türk tarixində gerçəkləri, xəyalları, röyaları yozan insan tipi olduğu üçün xəlqi İslam anlayışında daha da özəl qonuma sahib oldu. Hz. Əlidə də ozançılıq özəllikləri var. Daha doğrusu Ələvi Əlisində ozançılıq özəlliyini də var etdilər. Bu üzdən də Ələvi xalq islamı türk kimliyinin barınağına dönüşdü. Rəsmi İslam türk dilinə, Türk kimliyinə saldırdıqca Ələvilik türkçəni qoruyan bir inanc şəklinə dönüşdü. Ancaq Ələvi inancı da farsların islam anlayışının dışında qalmadı. Farsların etkisi Ələvi inancında da sezilməkdədir.

Farsların dinsəl anlamda oyanışları çox erkən dönəmlərdə başlamışdır. Sasani dövlətinin dağılışından 200 il sonra farslar “Şüubiyə” adı ilə yeni islami oyanış evrəsinə girmişlər. Şüubiyə daha sonra İsmailiyə, İxvan—üs Səfa, Hürufiyə adları ilə boy göstərəcək və Səfəvilər timsalında imperatorluğa yüksələcəkdilər. Farsların islamdan sonrakı milli anlamda diriliş və yüksəliş çabaları türk Ələviliyini də etkiləyəcəkdi. Çünkü İslam bütün variantları ilə türklər üçün təhqiq dalı olmamışdır, xəbər olmuşdur. Təhqiqən qəbul edilməmişdir. Şüubiyə tam fərqli və irqçi islam anlayışını ortaya qoydu. Şüubiyə İmamları da farslaşdırdı. Güya Sasani padşahının Şəhrbanu adında qızı olmuş və Ömər bu qızı əsir olaraq yaxaladığında Hz. Əlinin aracılığı ilə Şəhrbanu azad edilmiş və Hüseynlə evlənmiş! Hz. Hüseyn necə bir müsəlman olmayan qızla evlənə bilərdi və Şəhrbanu ərəb dilini necə öyrənmiş Sasani sarayında? Çünkü Sasani sarayında ərəblər və ərəb dili sevilməyən bir dil idi. Şüubiyə bu sorunları möcüzələrlə çözür: Hz. Fatimə Şəhrbanunun yuxusuna girmiş. Onu İslama dəvət etmiş, o da qəbul etdikdən sonra yuxuda ərəb dilini Fatimə Şəhrbanuya öyrətmiş!

Şüubiyənin bu uydurmaları Ələviliyi də etkiləmişdir. Ələvi inancındakı 14 məsum anlayışı da Şüubiyənin uydurduqlarıdır. Ömər Sasani dövlətini devirdiyi üçün farslar Ömərə qarşı özəl bir antipati bəsləmişlər. Ömərə qarşı nifrət duyqularını gəlişdirdikcə, Hz. Əli haqqında əfsanələr uydurmuşlar. Şüubiyənin uydurduğu və Ələviliyin də qəbul etdiyi saxta bilgilərə görə Fatimə Hamilə imiş və Ömər hamilə Fatiməni qapının arxasında qoyub əzibdir. Bu üzdən də Fatimə hamilə olduğu Möhsün adında çocuğunu düşürmüş. Ələvilikdəki 14 məsumun biri də bu Möhsün imiş! Oysa tarixi verilər bunları yalanlayır. Hz. Fatimə Ömərin qaynanası idi. Ömər Üm-Külsümün əri idi. Hz. Əlinin Kərbəlada 8 evladı öldürülür ki, bunların içində Ömər və Osman adları da var. O zaman necə olmuş Hz. Əli eşinin və oğlunun qatili olan Ömərin adını digər qadınlarından olan çocuqlarına vermiş? Bütün bu əfsanələrin hamısı fars milliyətçiliyini islam cildində diriltməyə çalışan Şüubiyə hərəkətinin ürünləridir.

Quranda ərəb kültürünün etkisi var. Qurban, həcc, qisas kimi törələr İslam öncəsi ərəb kültürünün davamıdır. Ərəb kültüründə qadının aşağılayıcı bir yeri olmuşdur. Bu da Quranda öz təsirini sürdürmüşdür. Bunun tam tərsinə olaraq Türk qadını nisbi azadlıqdan bərxurdar olmuşdur. Kəndi inancını qadınla bağlı itirmək istəməyən türklər xəlqi islam alqılayışlarında buna özəl yer ayırmışlar. Rəsmi İslamda qadının səsinin, gülüşlərinin duyulmaması yasaqlanırkən, xəlqi islamda cəm evlərində qadınla kişi bir yerdə səmazənlik edirlər. Bu birlikdəliyi bilinclərinə və inanclarına sığdıra bilməyən rəsmi islamçılar bu birlikdə dans eyləminə “şamsöndürmə” adı taxıb Ələviləri aşağılamağa çalışmışlar. Güya şamı söndürdükdən sonra qadınlar və erkəklər bir yerdə cinsi ilişkiyə girimişlər! Yalan və şər! Çünkü Şərq insanı bu tür eyləmlərə girişəməz. Ayrıca, kollektiv ortamda seks yapmaq üçün insan təhrik ola bilməz. Ancaq rəsmi İslamın Şeyx—ül İslamları fətva vermişlər ki, bunlar, bu ələvilər ana— bacı tanımazlar və təqlid edənlər də inanmışlar. Zatən dinlər insana bireysəl düşünmə haqqı, bireysəl özgürlük haqqı tanımazlar. Bütün dinlər bireyi sürünün bir üyəsi yapmağa çalışarlar. Sürüdən fərqli olmanın da cəzası dərinin soyularaq öldürülməsi olmuşdur.

Günümüzdə Ələvi inancında yayqın olan qadın azadlığı örnəklərini “Kitabi Dədə Qorqud” dastanlarında da görürük. Dədə Qorqud dastanlarındakı qadınlar rəsmi islamın yasaqlarına aldırış etməmişlər. Kişilərlə bir yerdə toplantılara qatılır, onlarla güləşirlər.

Yayqın verilərə görə Ələvilik Azərbaycanın əski şəhərlərindən olan Həmədanda doğmuşdur. Yusif Həmədani bu inanc şəklini gəlişdirmişdir. Yusif Həmədanidən dərs alan Əhməd Yəsəvi əsərlərini türkçə yazaraq Ələvilik inancının xalq içində yayqınlaşmasına yardımçı olmuşdur. Yəsəvinin öyrənciləri Türk dilində bu tür islam eyitilərini Türk yurdlarının dəyişik yerlərinə daşımışlar. Sazla, sözlə və avazla bir yerdə bu inanc təbliğ edilmişdir. Ozan sənətinin bu arada ayrıca bir qonuma yüksəlməsi İslamiyətin bu tür alqılayışından asılı olmuşdur. Ərənlik, ərmişlik kimi qavramlar toplum içində özəl əxlaqi anlamlar ifadə etmişdir. Üstün insani dəyərləri öz nəfsində daşıyan ərmişlər və ərənlər ozan sənətinə də yiyələnmişlər. Çünkü öz nəfsində kötülükləri yenərək, üstün əxlaqi gözəllikləri var edən ərmiş insanlar nəfslərindəki dəyərli birikimləri topluma çatdırmaq üçün etkinliklərdə bulunmalıdırlar. Təmizlənən nəfs təmiz toplumun oluşmasında yardımçı olmalıdır. Ozan sənəti bu tarixi görəvi hər zaman sürdürmüşdür. Bu etkinliyin aracı saz, söz və avaz olmuşdur. Bu üzdən də Türk Ələviliyində ozan həm də bir ərmişdir, ərəndir, bilgədir.

Ələvilik dövlət qurmaq üçün hüquq sistemini gəlişdirmədi. Səlcuqlar tərəfindən iki açıdan basqı altında qaldılar. 1. Fərqli inanclarından dolayı rəsmi dövlət İslamı tərəfindən əzildilər. 2. Yüksək vergi verməyə məhkum edildilər. Ələviliyin dövlətə qarşı baş qaldırısnın iki əsas səbəbi bu olmuşdur. İştə bu üzdən də Səlcuqlar zamanında Baba İlyas və Baba İshaqın başını çəkdiyi Babailər başqaldırısı meydana çıxır. Bu arada, özəlliklə Anadoluda iqtisadi yapılanmada Ələvi Əxilərin böyük rolu olmuşdur. Səlcuqlar dönəmində bu başqaldırılar yatırılsa da ancaq onun düşünsəl boyutu sönmədi. Osmanlı dönəmində yenidən baş qaldırdı. Ələvilərin nüfusunun artması və yeni liderlərin ortaya çıxması onları dövlət qurmağa həvəsləndirmişdi. Ələvilik siyasiləşərək Qızılbaş adını alır. Əslində Qızılbaşlıq Ələviliyin siyasi adıdır. Bu sürəcdə məzhəb dəyişdirmiş Ərdəbil şeyxlərinin böyük rolu olmuşdur. Səfəvi dövlətinin quruluşu sırf Türk Ələviliyinin yüksəlişinin sonucu olmuşdur. Fiqh kitabı olmayan Ələvilik. Bu üzdən də Səfəvi dövləti qurular— qurulmaz Şah İsmayılın öz zamanında Şiələşdirmə sürəci başlayır. Yeni qurulmuş dövlətin bir hüquq kitabı olmalı idi. Ələvilik bu kitablardan yoxsun olduğu üçün şah İsmayıl Lobnandan Şiə din adamlarını gətirdi. Onlar Səfəvi dövlətinin dövlət fəlsəfəsini yazır və böyləcə Türklərin qurduğu dövlət çox qısa bir sürə içində fars kimliyinə təslim edilirdi. Oysa Tapduq İmrə kimi Ələvi ozanlar Şiəliyə qarşı şeirlər yazmışlar. İş o yerə gəldi ki, bu dövləti quran Qızılbaşlar aşağılanaraq dövlət yönətimindən uzaqlaşdırıldı. Fars “Şüubiyə”si, fars islamı türklərin qurduğu imperatorluğu qəsb etdi. Ermənilər və farslar İsfahanda Səfəvi sarayına hakim oldular. Ancaq Ələvi yaşam şəkli öz həyatına xalq içində davam etdi. Həm Pəhləvlər, həm İslam Cümhuriyəti zamanında Ələvilərə qarşı güclü saldırılar oldu. Günümüzdə də onları edam edirlər. Bunun genəl nədəni İran— Türk Ələviliyində türkçənin əsas dil və türk kimliyinin öndə olmasıdır. Xürafat bütün dinlərdə və məzhəblərdə var. Ancaq xürafatın da bir dili olmalıdır. Türk—İslam tarixində türkçə qavramların, dini sözlərin hızla ərəbləşdiyinə tanıq olmaqdayıq. Buna qarşın Türk—Ələviliyi türkçənin arınmışlığına, gəlişməsinə və dini qavramların ürətilməsinə diqqət etmişdir. Kollektiv Türk bilincaltında yaşanan İslam öncəsi ulusal anılar öz varlğını gizəmli biçimdə Türk—Ələviliyində yaşatmışdır. Ələvilərin Mustafa Kamal Atatürkə cümhuriyətin quruluşunda yardımçı olmalarının əsas səbəbi də bu tarixi gəlişmələr olsa gərək. Sekular dövlət düzəni Türk—Ələviliyinin özündə vardır.

16.02.2010








Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət