Ana səhifə

1 FƏLSƏFƏ ÇAĞDAŞ DÜnyamizda


Yüklə 131.17 Kb.
tarix13.06.2016
ölçüsü131.17 Kb.


1-6. FƏLSƏFƏ ÇAĞDAŞ DÜNYAMIZDA




Əlbəttə, fəlsəfə ağlın qüdrəti,

Bir də ürəklərin saf məhəbbəti!

Səməd Vurğun

Son illərdə ölkəmizdə fəlsəfi fikir elə bil ki, yenidən doğulur və bu yeni nəfəsin səbəbi, heç şübhəsiz, yeni əsrdə və ya yeni minillikdə deyil, müstəqillik amilində axtarılmalıdır.

Lakin nə qədər təəccüblü olsa da, müstəqilliyin ilk illərində fəlsəfi fikirdə inkişaf əvəzinə, bir tənəzzül və durğunluq müşahidə olunmağa başladı. İqtisadiyyatda, elmdə, təhsildə azadlıqdan sui-istifadə, qərarlaşmış strukturların dağıdılması halları fəlsəfədən də yan ötmədi. Bir sıra başqa istiqamətlərdə olduğu kimi, fəlsəfə də də konturları görünməyən bir azadlıq dəryasına qərq oldu. Uzun illər ərzində fikirləri məngənədə saxlayan, yaradıcı fantaziyaya meydan verməyən ideoloci qəliblər sındırıldıqdan sonra azad və nə­ha­yətsiz fikir dünyasına qədəm qoyarkən keçirdiyimiz sevinc hiss­ləri tezliklə dibi görünməyən, sərhədləri müəyyənləşməmiş bu nəhayət­sizliyin doğurduğu əsrarəngiz bir qorxu ilə müşayiət olun­du. Həmişə nədənsə yapışmağa məcbur olan, divarları özünə bə­ləd­çi seçən kor adam sərhədsiz, geniş meydanda oriyentiri itir­di­yi kimi, azadlığa çıxmış fəlsəfi fikir də büdrəməmək üçün yenidən köh­nə qəliblərin qırıntılarından yapışmağa çalışdı.

Müasir Azərbaycanda fəlsəfənin inkişafı üçün, bir tərəfdən Qərb fəlsəfi fikrinin açdığı geniş asfalt yolla getmək, digər tərəf­dən, əsasən qonşu müsəlman ölkələrindən daxil olan dini fəlsəfi biliklərə yiyələnmək kimi əlavə imkanlar açılmışdır. Üçüncü bir yol isə kommunist ideologiyasından əl çəkmiş Rusiya ilə elmi-fəl­səfi əlaqələri bərpa etməkdən ibarətdir ki, əhalinin rus dilini bilməsi və rusdilli fəlsəfi kitabların və dövrü mətbuatın Azərbay­can­da geniş yayılması bu yolun imkanlarını xeyli artırır.

Lakin biz ona görə müstəqillik əldə etməmişik ki, yenə də kimləri isə təqlid edək. Azərbaycan fəlsəfi fikrinin öz siması, öz problematikası, öz dəst-xətti olmalıdır. Mütləq ruha gedən yol milli ruhdan keçməlidir. Lakin bunun üçün əvvəlcə milli özünüdərk tələb olunur ki, bu vəzifənin də ictimai miqyasda yerinə yetirilməsi milli fəlsəfi fikrin inkişafından kənarda mümkün deyil.

Cəmiyyət boşluğu sevmir və yaranmış sosial-idraki vakuum həqiqi fəlsəfi fikirlə dolana qədər bura çoxlu psevdofəlsəfələr, saxta «tədqiqatlar» daxil oldu. Azərbaycan elminin strukturunda fəlsəfə üçün ayrılmış yeri tutmaq, kvotaya yiyələnmək üçün müxtəlif çeşidli cəhdlər göstərildi. Bu sahədə yazılan dissertasiya işlərini və kitabları nəzərdən keçirsək yaranmış real vəziyyəti daha aydın təsəvvür edə bilərik. Qərbə pəncərə açılmasına baxmayaraq, dil baryeri hələ də qaldığından Qərbi Avropanın fəlsəfi həyatına daxil olmaq bir yana dursun, müvafiq fəlsəfi ədəbiyyatın orijinal­dan tərcüməsinə də hələ ki, rast gəlinmir.

Azərbaycanlı filosofların, şübhəsiz, planetin hər bir sakini kimi ümumbəşəri ideyaların, dünya fəlsəfi fikrinin inkişafında iştirak etməyə, beynəlxalq fəlsəfi ictimaiyyətin birgə tədqiqatlarına qoşulmağa mənəvi haqları vardır. Lakin bunun üçün əvvəlcə müva­fiq elmi-fəlsəfi mühit yaranmalıdır. Əgər biz həqiqətən Qərb dəyərlərinə, o cümlədən Qərb fəlsəfi fikrinə yiyələnmək istəyiriksə, fəlsəfə klassiklərinin əsərləri Azərbaycan dilinə tərcümə olunmalı və onların şərhi və təhlili istiqamətində tədqiqatlar aparılmalıdır.

Düzdür, dəqiq elmlər sahəsində Azərbaycan alimləri dünya elmində gedən proseslərə, qismən də olsa, qatıla bilirlər. Çünki riya­­ziyyat və təbiətşünaslıq bütün dünyada eynidir. Hər bir xalqın, hər bir ölkənin öz riyaziyyatı, öz elmi ola bilməz və qapılar hamı üçün açıqdır. Burada dil baryeri də xeyli zəifdir; çünki riyazi dil və elmi terminologiya universal olduğundan, dəqiq elmlərdə tərcümə­lər daha adekvat olur. Fəlsəfədə isə problematika fərqi ilə, milli men­talitet fərqi ilə yanaşı, dil baryeri də olduqca mühüm bir amilə çevrilir. Fəlsəfəyə azca da olsa bələd olanlar dilin nə dərcədə ağır olduğunu, yəqin ki, bilirlər. İnsanlar, hətta öz dilində də fəlsəfənin mürəkkəb üslubuna uyğunlaşmaqda çətinlik çəkirlər. Belə olduğu halda, milli fəlsəfə tədqiqatçılarının dünya fəlsəfi fikrinin inkişaf prosesinə qatılması xeyli çətinləşmiş olur.

Lakin çətinlik bundan ibarət deyil. Ümumi fəlsəfi problem­lərlə yanaşı, milli fəlsəfi problemlər də vardır ki, onların ümum­bəşəri bilik kontekstində tədqiqi ilə biz özümüz məşğul olmasaq, heç kim məşğul olmayacaq. Yəni fəlsəfədə riyaziyyat və təbiətşü­nas­lıqdan fərqli olaraq, müəyyən avtonomluq da vardır. Bu hal daha çox dərəcədə artıq fəlsəfədən ayrılaraq nisbi müstəqillik əldə etmiş konkret fəlsəfi elmlər sahələrində, sosiologiyada, politolo­giyada, fəlsəfə tarixində və s. özünü göstərir.

Fəlsəfi biliklər sisteminin öyrədilməsi, əslində gərək zaman oxunda, tarixi müstəvidə həyata keçirilsin. Əvvəla, insanlar ümu­miy­yətlə mədəniyyət tarixinin tərkib hissəsi kimi dünya fəlsəfi fikrinin korifeyləri haqqında məlumata malik olmalıdırlar. Necə ki, hər bir ziyalı musiqiçi olmasa da – Bethoven, Çaykovski, Ü.Hacı­bə­yov haqqında, rəssam olmasa da – Rafael, Rembrant, Van Gog, Pikasso haqqında, ədəbiyyatçı olmasa da Homer, Nizami, Şekspir, Viktor Hüqo haqqında müəyyən məlumatlara malikdir, eləcə də Sokrat, Aristotel, Bəhmənyar, Con Lokk, Kant və onların ideyaları haqqında müəyyən bilgilərə malik olmaq «mədəni adam» olmağın əsas şərtləri sırasına daxildir. Digər tərəfdən, ideyaların inkişaf tarixini bilmədən sivilizasiyanın da tari­xini mənimsəmək mümkün deyil.

İkincisi, fəlsəfi biliklər elmdən fərqli olaraq zaman keçdikcə köhnəlmir. Əgər fizikada, riyaziyyatda hər bir yeni nəsl əvvəlki nəslin çiyinləri üzərində qərar tutursa, fəlsəfədə sonra gələnlər əvvəlkilərlə yanaşı dayanmaq məcburiyyətindədir. Bu gün sıravi bir fizik Nyutondan daha çox bildiyi halda, fəlsəfə üzrə ən məşhur akademikin belə fəlsəfəni Aristoteldən daha yaxşı bildiyini düşünmək sadəlövhlük olardı. Biz bu gün də Platonu, Aristoteli, Hegeli çətinliklə başa düşür (əgər başa düşürüksə) və onların baş vurduğu dərinliyə girməyə cəsarət göstərmirik.

Fəlsəfə klassikləri bizim müasirlərimizdir. Görünür, ona görədir ki, fizika ilə məşğul olan alimlər özünə rahatca «fizik» deyə bilir, amma fəlsəfə ilə məşğul olanlar özü haqqında «filosof» deməyə çəkinirlər.

Fəlsəfə sahəsində tədqiqatlar aparmaq, yeni söz demək çox çətindir. Çünki burada birbaryer var. Hər fəlsəfə klassikinin düzəliş etməyə, başqasının sistemi daxilində yeni söz deməyə isə sadəcə mənəvi haqqımız yoxdur. Yeni fəlsəfi sistem yaratmaq isə çox çətindir və bu baryeri ancaq fitrən filosof olanlar keçə bilərlər.

Fəlsəfənin rolu və əhəmiyyəti haqqında danışarkən müxtəlif fəlsəfi nəzəriyyələr haqqında məlumatla, fəlsəfi biliklərin sistemli təqdimatı ilə yanaşı, fəlsəfi düşüncə qabiliyyətinin formalaşdırıl­ması məsələsi nisbi müstəqil bir vəzifə kimi ayrılıqda nəzərdən keçirilməlidir. Belə ki, ola bilsin, müxtəlif fəlsəfi təlimləri öyrən­mək heç də hamıya lazım deyil. Lakin fəlsəfi düşüncə tərzi təfək­kür mədəniyyətinin arylımaz tərkib hissəsidir və hamı üçün faydalı ola bilər.

Fərdi fəlsəfi düşüncələr, insanın dünyadakı gözəllik və harmoniya təzahürləri qarşısındakı heyrətindən doğan suallar, insanın özü ilə və dünya ilə təkbətək söhbətləri – kamilliyə aparan yolun məqamlarıdır. Bu məqamlar özünü maddi dünyadan ayıran, fərqli bir mahiyyətin təmsilçisi olduğunu dərk edən və özündə dünyaya qarşı dura biləcək bir mənəvi güc, ideya qaynağı tapan və bu qaynaqdan müntəzəm surətdə bəhrələnərək daim kamilləşən, dünya ilə, cahan ilə tən gələn və nəhayətdə, bu «cahana sığmayan» insan-filosofun və ya sözün həqiqi mənasında insanın, böyük hərflə İnsanın həyat məqamları, idrakın əzablı və möhtəşəm addımları, mənəvi yüksəliş yaşantılarıdır. Heyrətdən başlanan id­rak yolunda əzab və sevincin, eşq və kədərin vəhdət məqam­ları…

Əsl böyük həyatın heyrətdən başlandığını etiraf edən Qərb fəlsəfi fikri, təəssüf ki, 500 il əvvəl Füzulinin poetik zirvəyə qaldırdığı heyrətdən başlanan məhəbbət və idrak fəlsəfəsindən hələ də xəbərsizdir. Azərbaycan fəlsəfi fikri Avropa üçün hələ də açıl­ma­mışdır. Nəinki Avropa, biz heç özümüz də vaxtilə yaratdıqları­mızı özümüzə qaytarmağa nail olmamış, onları inkişaf etdirmək bir yana dursun, sadəcə müasir fəlsəfi fikir kontekstində yenidən mənimsəyə bilməmişik. Təəssüf ki, heyrətdən başlanan, məhəbbət­dən keçən və fəlsəfi idraka yüksələn mənəvi-əqli inkişaf yolunda son mərhələni unutmuş, neçə əsrlər boyu elə məhəbbətdət də ilişib qalmışıq və bəzi rəmzləri hərfi mənada təfsir etdiyimzdən, uluları­mızın böyük ideyalarını da yarımçıq mənimsəmişik. Əbu-Turxanın məlum rubaisində deyildiyi kimi:



İdrakı rəmz edib bir gül sandılar,

Aqil olanları bülbül sandılar,

Vaxt keçdi, rəmz itdi, sonra gələnlər

Təkcə bülbül ilə gülü andılar.
Fəlsəfə elmlərindən fərqli olaraq, maddi dünyanın obyektiv qanunauyğunluqlarını öyrənməklə məşğul olmur. Düzdür, bir çox filosoflar fəlsəfənin başqa elmlərdən fərqini sadəcə miqyasla izah etməyə çalışırlar. Yəni, konkret elmlər dünyadakı hadisələrin bu və ya digər qismini və cəhətlərini öyrəndiyi halda, fəlsəfə bütöv­lükdə dünyanı, onun ən ümumi qanunauyğunluqlarını öyrənir­miş… Belə olduqda fəlsəfə son nəticədə yenə də elmlər sırasına daxil edilir. halbuki, fəlsəfə ümumiyyətlə elmdən fərqli olmaqla dünyanı (maddi dünya nəzərdə tutulur) öyrənmək vəzifəsini qarşı­sına qoymur. Fəlsəfənin predmeti dünyadan kənara çıxır və özünü mənəvi bir varlın olaraq dünyadan ayırmış insanın dünya ilə münasibətini əks etdirir. Elm obyektiv dünyanı, insansız (mənsiz, mənəvi faktorsuz) dünyanı öyrəndiyi halda, fəlsəfə məhz insanlı dünyanı, insaniləşmiş, rəmziləşmiş dünyanı öyrənir. İncəsənət də dünyanı ifadə edir, bədii obrazlarla, rəmzlərlə «əks etdirir». Lakin burada söhbət elmdəki mənada inikasdan deyil, ideya-estetik yaşantıdan gedir.

Ədəbiyyat, incəsənət, elmə nisbətən fəlsəfəyə daha yaxındır. Elmdən fərqli olaraq ədəbiyyat və incəsənət bütün xalqın istifa­də­sinə verildiyi kimi, fəlsəfə də bütövlükdə xalqın dünya­görüşünün formalaşmasında əhəmiyyətli dərəcədə iştirak edir. Lakin burada fəlsəfənin iki müxtəlif səviyyəsindən söhbət getdiyi nəzərə alınma­lı­dır. Peşəkar fəlsəfə, elmi-fəlsəfi araşdır­malar, təbii ki, geniş kütlə­lər üçün nəzərdə tutulmur. Lakin fəlsəfi düşüncə tərzinin, ideya-mənəvi yaşantı vərdişlərinin bütün insanlara aşılanması çox önəm­li­dir. Hər bir insan özünü maddi dünyadan ayırmağı, cari hadisə­lə­rin fövqünə qalxmağı, həyata böyük ideallar mövqeyindən bax­ma­ğı öyrənməlidir. Həm də bunu başqalarının nəsihətləri şəklində de­yil, kənardan təsir kimi deyil, özünün fərdi mənəvi-psixoloci yaşantısı kimi mənimsəməlidir. Bizim məqsədimiz insanla­ra sadəcə fəlsəfi biliklər öyrətmək yox, fəlsəfi düşüncə tərzini mə­nimsət­mək­dir ki, hər bir insan öz mənəvi-intellektual potensia­lı­nın verdiyi imkan çərçivəsində filosoflaşa bilsin, İnsan­la­şa bilsin. Gənc­lə­rin mə­nəvi tərbiyəsini didaktikanın, pedaqogi­ka­nın öhdə­sinə burax­maq böyük sadəlövhlükdür. Əgər insanlar dünyanın ahən­gini du­ya bilməsə, təbii gözəllik qarşısında heyrətlənməsə, öz daxili mənəvi güc qaynağını kəşf etməsə, öz mənəviyyatını dünya ilə təmasda özünüdərk və refleksiya yolu ilə daim təkmilləş­dir­məsə, kənarda ülvi olan, gözəl olan nə varsa hamısının, əslində, öz daxilində olanların təzahürü, ikinci həyatı olduğunu dərk etməsə, yəni özünə genetik imkan şəklində təbiətən xas olan potensial mənəvi kamilliyi, müqəddəslik duyğusunu aktivləşdirməsə, canlandırmasa, özünün həyat tərzinə, fəaliyyət prinsiplərinə çe­vir­məsə – təkcə kənar bilikləri öyrənməklə kifa­yət­lənsə – insan bəlkə bilikli ola bilər, lakin kamil olmaz, alim ola bilər, lakin İnsan olmaz.

Mənəvi kamilləşmə yolunun, İnsanlaşma yolunun yeganə böyük bələdçisi olan fəlsəfi təfəkkür tərzinə necə yiyələnmək olar? Necə etmək olar ki, uşaqlara fitrən xas olan fəlsəfi düşüncə qabi­liy­yəti, mahiyyətə varmaq, cəsarətli suallar vermək cəhdləri stan­dart, normal təfəkkür qəliblərinə salınaraq sıradan çıxmasın, yaşlı nəslin təslimçi və praqmatik düşüncəsi uşaqların üsyankar idrak qanadlarını qırmasın? Gənclərimizin təlim-tərbiyəsini bu istiqa­mət­də necə yenidən qura bilərik? Min illər boyu ata-babaları­mız­dan bizə həm də genetik olaraq miras qalmış böyük mənəvi sər­vətləri kənardan öyrənməklə yanaşı, öz daxilimizdə necə aşkar edə bilərik? Özümüz mənən yüksəlmədən övladlarımızın tərbiyəsini «müasir tələblər səviyyəsində» necə qura bilərik?

Bircə şeyi nəzərə almaq lazımdır ki, bu gün Avropada aşkar şəkildə etiraf olunsa da, olunmasa da onların qazandığı nailiy­yətlərdə fəlsəfi düşüncə tərzinin rolu böyük olmuşdur. Təsadüfi deyil ki, hələ Siseron fəlsəfəni xeyirxahlığın bələdçisi, həyat müəllimi adlandırırdı. Bütövlükdə antik sivilizasiya fəlsəfi düşüncə üzərində qərar tutmuşdu. Avropanın ikinci böyük inkişaf dövrü, renessans da fəlsəfi düşüncəyə qayıdışdan başlanır. Yeni dövrün bütün siyasi-hüquqi və mədəni-mənəvi dəyərlər sistemi də, demokratiya, insan haqları, beynəlxalq dəyərlər sistemi də, demokratiya, insan haqları, beynəlxalq hüquq normaları da fransız maarifçi filosoflarından, Con Lokdan, Kantdan qidalanır. Bu gün biz bu dəyərlər sistemini Avropadan hazır şəkildə götürməyə çalışırıq. Bu yaxşıdır. Lakin öz fəlsəfi fikir qaynaqları­mıza qayıtmaqla biz həmin dəyərlər sisteminə təfəkkürün təbii inkişaf yolu ilə də gəlib çıxa bilərik. Onda milli-ictimai şüurla demokratik dəyərlər sistemi arasında müşahidə olunan müəyyən ziddiyyətlər də təbii yolla aradan götürülmüş olar.

Fəlsəfi düşüncə tərzi fərdi-mənəvi inkişaf üçün, insanın kamilləşməsi üçün nə dərəcədə lazımdırsa, fəlsəfi biliklər sistemi, elmi-fəlsəfi tədqiqatlar da cəmiyyət üçün, dövlət quruculuğu üçün, ictimai-siyasi və sosial-mədəni təşkilatlanma üçün bir o qədər vacibdir.

Ölkə miqyasında subyekt kimi ayrı-ayrı fərdlər deyil, dövlət çıxış edir. Başqa sözlə, dövlət sadəcə müəyyən inzibati funksiyaları həyata keçirən siyasi qurum olmayıb, həm də düşünən, öz fəa­liyyətini müəyyən bir ideya əsasında quran və bu ideyanın müəllifi, daşıyıcısı və icraçısı olan bir qurumdur. Yəni, dövlət sadəcə siyasi subyekt olmayıb, həm də fəlsəfi subyektdir. Xalqın, millətin strateji inkişaf konsepsiyasının hazırlanması, milli maraqların bey­nəlxalq miqyasda təmsil olunması və qorunması, bundan öncə isə milli maraqların məhz nədən ibarət olduğunun müəyyənləşdi­ril­məsi bu fəlsəfi subyektin əsas funksiyalarıdır.



Bütün ölkələrdə dövlətin müxtəlif sahələrdəki mövqeyini, və­zi­fələrini müəyyən edən, onun ideya təminatçısı olan xüsusi qu­rum­larla (strateji inkişaf institutları və s.) yanaşı, nisbi müstəqil fəlsəfi tədqiqatların aşkar və qeyri-aşkar milli dövlətçilik yönümü daşıması və nəticə etibarı ilə bütün xalqın intellektual potensialının da bu məqsədə xidmət etdiyi şəksizdir. Lakin bu xidmət təşkil olunmalıdır. Məhz buna görədir ki, milli fəlsəfi fikrin dövlətçiliyə xidmət etməsi əslində ictimai təşkilatlanma dərəcəsindən asılıdır. Avropa ölkələrində bu proses artıq ictimai şüur səviyyəsində öz əksini taparaq qeyri-aşkar müstəviyə keçmişdir. Azərbaycan da Avropalaşma prosesində bu yolu keçməlidir. Lakin biz bu yolu kiminsə yedəyində, başqalarının ideyasını, buyruğunu sadəcə yerinə yetirməklə yox, bu ideyanı özününküləşdirməklə, daha doğ­rusu, «Avropa evi» ideyasının milli ideya ilə vəhdətinə nail olmaq­la keçmək istəyirik. Birlik, vəhdət proseslərin sonunda, icra mər­hələsində deyil, ideya təməlində, fəlsəfi məfkurə səviyyəsində əldə edilməlidir. Bu baxımdan, sivilizasiyaların qarşılıqlı özünü­dərki, Şərq və Qərbin özünəməxsusluğu və sintezi, düşüncə tərzləri ara­sın­dakı eyniyyət və fərqin üzə çıxarılması çox önəmlidir.

59


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©kagiz.org 2016
rəhbərliyinə müraciət